Cümə , 22 Noyabr 2024
Drone Cameras

Hakimiyyətin səbrini daşırdan məmurlar: Onlar niyə nəticə çıxarmır?

İcra başçılarının həbsinin əsas səbəblərindən biri Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan ödənişli ictimai işlərlə bağlıdır. 

Boyukmillet.com melumatına görə Yenisabah.az-a daxil olan məlumatda iddia edilir ki, işsiz qalan vətəndaşları işlə təmin etmək üçün nəzərdə tutulan bu sosial proqramın icrası zamanı yerli rəhbərlərin şəxsi maraqlarını önə çəkməsi hakimiyyətin zirvəsində səbr kasasının daşmasına səbəb olub.

Araşdırmalar zamanı bəlli olub ki, icra başçıları bir çox hallarda ödənişli ictimai işlər üçün nəzərdə tutulan əmək haqlarını mənimsəyirlər. Yaxud da vətəndaşları ictimai işlər adı altında şəxsi təsərrüfatlarında işlədərək onlara büdəcədən ayrılmış vəsaitlə əmək haqları verirlər.

Bu azmış kimi proqramın icrası ilə bağlı monitorinq aparan  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də təzyiq edirlər. Bütün bunlar barədə ölkə başçısına məruzə ediləndən sonra düyməyə basılıb.

Prezident İlham Əliyevin dünən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən bu məsələ üzərində xüsusi dayanması iddiaların əsassız olmadığını göstərir. “Göstəriş vermişdim ki, bu məsələyə çox ciddi nəzarət olunsun. Xüsusilə bölgələrdən gələn siqnallar bu nəzarətin tətbiqinə, əlbəttə ki, imkan yaratmışdı. Çünki bəzi hallarda insanların əməkhaqları verilmirdi, ödəniş kartları icra başçıları tərəfindən qanunsuz olaraq götürülürdü, mənimsənilirdi və s. Belə siqnallar ciddi şəkildə araşdırılmışdır. Bu və buna oxşar cinayətləri törədənlərə qarşı çox ciddi cəza tədbirləri tətbiq edildi”, – deyə Prezident bildirib.

İlham Əliyevin fikirlərindən aydın olur ki, bu barədə icra başçılarına əvvəlcədən xəbərdarlıq edilib. Yerli rəhbərlərin xəbərdarlığa məhəl qoymaması onların karyerasının sonunu gətirib.

Bu məsələdə onlara dəstək verənlər də olub. Görünür, bu səbəbdən xəbərdarlığa laqeyd yanaşılıb. Ehtimallara görə, bu işin arxasında dayananlar da cəzalandırıla bilər. Prezident də bunu açıq şəkildə bəyan edib. O Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ödənişli ictimai işlərlə bağlı monitorinq apardığına görə hədəfə gəldiyinə toxunaraq bildirib: “Sizə qarşı təxribatlar törədildi, eyni zamanda, mətbuatda çirkin kampaniyalar aparıldı. Biz bu kampaniyanın sifarişçilərini də yaxşı tanıyırıq. Onların bizim aramızda yeri yoxdur”.

Prezidentin dünənki çıxışından sonra həbslərin davam edəcəyi barədə ehtimallar bir qədər də güclənib. İlham Əliyev açıq mətnlə deyib ki, məsələ bununla bitməyəcək: “Hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu eşitmədilər, ikinci hadisə oldu eşitmədilər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər. Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq”.

Güman edilir ki, Novruz bayramından bir qədər sonra cəmiyyət bu kimi məmurların hənsinin yeni dalğasının şahidi olsun…

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …