Cümə , 22 Noyabr 2024
Drone Cameras

Heydər Əliyev: tarix və tale. Rahil Tahirli yazır…

Hər kəsin taleyi özü üçün bir tarixdir. Tarix elə talelərdən ibarətdir. Bu mənada biz tarixdən danışanda məhz elə talelərdən danışmış oluruq. Ancaq o talelərin sahibləri tarix yarada bilir ki, onlar olub-bitənlərə tale deyib yetinmir. Onlar mübarizə aparır. Durmadan, dönmədən, yorulmadan, usanmadan… İnamla, imanla… Müdrik bir aforizmdə deyildiyi kimi: Edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik…

Biz bu gün tarix və taledən, tarixə çevrilən taledən, məqsəd və mübarizədən, məqsədə çatan mübarizədən danışırıq. Biz bu gün dahi şəxsiyyət, böyük öndər, ümummilli lider Heydər Əliyevdən danışırıq. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, məqsəd və mübarizə, məqsədə çatan mübarizə Heydər Əliyevin özünü təsdiq formasıdır. Bu mənada HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİ, HEYDƏR ƏLİYEV YOLU, HEYDƏR ƏLİYEV ZİRVƏSİ  birmənalı olaraq böyük qürur və iftixar hissi ilə yanaşı, böyük təəccüb və heyrət də doğurur.

Böyük çin filosofu Konfutsi deyirdi ki, minlərlə kilometrlik bir yol da kiçik bir addımla başlayır. 97 il bundan öncə ulu Naxçıvan torpağında həyata ilk qədəmlərini atan ulu öndər özünün bioqrafiyasından danışarkən bu barədə deyirdi:“Mən balaca bir evdə, zəhmətkeş ailədə, bir yaz günündə dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə, bir qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır…”.

Heydər Əliyev haqqında söz deməyin çətinliyini və məsuliyyətini anlayaraq qeyd etməliyəm ki, şübhəsiz, ulu öndərimiz ən dolğun, ən təbii, ən dərin şəkildə yenə də öz dühasının işığında ifadə və əks olunur. Siyasi fəaliyyətinin bütün dövrlərində məqsəd və məramı, arzusu və niyyəti, inamı və sevgisi Azərbaycan olan böyük dövlət xadimi deyirdi: “Hamı bilsin ki, məni heç bir şey qorxutmur. Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu ağır yükü öz üzərimə götürmüşəm. Ona görə yox ki, bu vəzifə mənə lazımdır. Bəziləri buna can atırlar. Ona görə götürmüşəm ki, öz bacı-qardaşlarımıza, torpağıma xidmət edim… Mən bütün bu təxribatçıların, terrorçuların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam və qoruyacağam. Əgər hər hansı bir namərd gülləsi, hər hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq”.

Heydər Əliyev milli dövlətçilik tariximizi, Azərbaycanın necə parçalandığını, milli istiqlalını necə əldə etdiyini və niyə itirdiyini bilirdi. Heydər Əliyev bu dəfə də itirənin Azərbaycan olması ilə razı deyildi. Heydər Əliyev mənsub olduğu xalq üçün dönüş nöqtəsi və son şans olaraq doğulduğunu, odu qorumaq missiyasını bilirdi:“Mən ya müstəqil Azərbaycan dövlətini quracağam, ya da bu yolda şəhid olacağam”.

Əlbəttə, Heydər Əliyev Azərbaycanın yaşaması demək idi! Heydər Əliyev Azərbaycanın yaşaması deməkdir! Zaman göstərdi ki, tarixən Azərbaycanın istiqlalı, milli mənliyi uğrunda mübarizə yolunda qurban gedənlərimiz xalqımız üçün böyük boşluğa və dərin itkiyə çevriliblər. Başqa sözlə, Azərbaycanın yaşaması yolunda qurban gedənlərin fədakarlığı, dönməzliyi Azərbaycanı xilas edə bilməyib. Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, O, Azərbaycanın yaşaması yolunda qurban getməyi gözə alaraq xalqın dərin məhəbbətinə, əvəzsiz sevgisinə, böyük ehtiramına və sarsılmaz inamına arxalanıb ali məqsədlərə Azərbaycanla, xalqla birgə, çiyin-çiyinə addımladı. 

Bu mənada dahilik zirvəsinə o şəxslər ucalır ki, onlar zamanın qarşıya qoyduğu çətin vəzifələri həll etmək iqtidarında olurlar. Heydər Əliyev bütün taleyüklü vəzifələrin öhdəsindən məharətlə gəlməyi bacaran, bütün təlatüm və sarsıntılara baxmayaraq, xalqını və dövlətini inandığı məqsəd və ünvana çatdıra bilən şəxsiyyətdir. Gəmi kapitanının məharəti fırtınalı dənizdə bilinər. 

Ev bu dünyada ən güvənli yerdir. Ev həmişə qucaq açandır, qoruyandır, qədir biləndir. El-obaya dərd-bəla gələndə insan birinci evini qorumaq haqqında düşünür. Evini xilas edə bilən el-obasını, məmləkətini xilas edə bilər. Heydər Əliyevin Naxçıvan boyda evi vardı. Sığındığı, qorunduğu, xilas etdiyi. Və beləcə Naxçıvanın xilası bütöv məmləkətin – Azərbaycanın xilası oldu. Heydər Əliyev Azərbaycanı evi kimi qorudu.

Heydər Əliyev simvoldur… Heydər Əliyev nümunədir… Heydər Əliyev istinaddır, mənbədir, məktəbdir…

Şəxsiyyətlərin dəyəri bir tərəfdən onların gördüyü işlərin, yaratdıqlarının, xalq üçün etdiklərinin əhəmiyyəti və təsir dairəsi ilə ölçülürsə, digər tərəfdən görülən işlərin, atılan addımların, ortaya qoyulan ideyaların gələcək hadisələrə təsiri ilə müəyyənləşir. Heydər Əliyev yalnız bir dövləti idarə edən siyasi xadim, rəhbər deyil, O, həm də milyonlarla insanı böyük ideallar ətrafında səfərbər edən bir dövlət və məfkurə adamıdır. Heydər Əliyev dünyadakı siyasi proseslərə nüfüz edə bilən, dünyanı, dövlətləri, xalqları hər yönü ilə duyan, bilən və qərarlarını buna görə qəbul edən şəxsiyyətdir.

Heydər Əliyev Azəbaycan xalqını və dövlətini Sovet İttifaqı kimi nəhəng imperiyanın uçqunundan sağ-salamat çıxaran, pərən-pərən olmuş xalqı vahid ideya ətrafına toplayıb onu bir yumruğa döndərən, Azərbaycanın gələcəyi, müstəqilliyi ilə bağlı bütün sualları nidayla əvəzləyən xilaskar və qurucu liderdir. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, bugünkü Azərbaycan Heydər Əliyevin ŞAH ƏSƏRİ, reallaşan arzusudur…

Bu, həm də YOLa başlarkən seçilən ali məqsədin uğurlu nəticəsi, uğrunda şam kimi əriyən ömrün mükafatı, milli mübarizə və mücadilənin qazancı, qəniməti, YOLa yön verən İNAMın özünü doğrultmasıdır. YOL, ALİ MƏQSƏD VƏ MƏRAM aydın idi: “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”.  Bəli, Heydər Əliyev ömrünü Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf etdi və əbədiyaşarlıq qazandı. Bu gün bu ali missiyanı onun müdrik ideyaları, siyasi xətti yerinə yetirir.

D. Didro deyirdi: “Hadisələrin necə olduğunu bilmək ağıllı adamı, hadisələrin əslində necə olduğunu bilmək təcrübəli adamı, hadisələrin yaxşılığa doğru necə dəyişdiyini bilmək isə dahi adamı xarakterizə edir”. Heydər Əliyevin dahiliyi məhz burda idi. Daim xalqına arxalanan, xalqdan ilham alan bu dahi şəxsiyyət məhz hadisələrin necə yaxşılığa doğru dəyişəcəyini bilirdi. O, həm də buna təsir edə bilirdi. O, doğma canı, varlığı qədər sevdiyi Azərbaycanla nəfəs alırdı. O, Sovet İmperiyasının rəhbərlərindən biri olanda da Azərbaycana xidmət edirdi.

Heydər Əliyev çıraq işığında Azərbaycanın nurlu sabahlarına dəvətnamə yazırdı, 70 ilin “sovet”indən, “sosialist”indən cəsarətlə imtina edirdi, orağa, çəkicə deyil, əbədi olana – aya, ulduza sığınırdı, azərbaycanlı olmasıyla fəxr edirdi… Heydər Əliyev qaçqın şəhərciyində qaçqınlara dayaq olur, səngərlərdə müasir və güclü Azərbaycan ordusu qururdu… Heydər Əliyev güllələri susdururdu,  qiyamları yatırdırdı, qardaşla qardaşın qanının arasına girirdi… Xarici düşmənlərin parçalamaq istədiyi bu vətəni bir də daxildən parçalamaq istəyənləri qətiyyətlə zərərsizləşdirirdi.. Heydər Əliyev təsadüfən getdiyi Azərbaycan ailəsinin toyunda qol götürüb oynayırdı… Zərifə xanımdan söz düşəndə kövrəlirdi… Səməd Vurğunun “Azərbaycan” şeirini deyəndə ağlayırdı… “Mən həmişə səninləyəm, Azərbaycan, Azərbaycan”,- deyirdi… Mixail Qusmanın sözləri ilə desək,Heydər Əliyev Azərbaycanın daşını da tanıyırdı.

Heydər Əliyev qeyri-adi istedada, yaddaşa, qabiliyyətə malik idi. O, bütün sahələri, necə deyərlər, əlinin içi kimi bilirdi. Rus alim Morozov müsahibələrinin birində deyirdi ki, mən yol təsərrüfatı mütəxəssislərini inandırmalı olurdum ki, Heydər Əliyev dəmiryolçu deyildir.

Bəli, məhz Heydər Əliyev şəxsiyyəti təkcə Azərbaycan xalqı üçün deyil, bütün bəşəriyyət üçün bir nümunədir, qibtədir. Dünyanın nüfuzlu siyasətçiləri, elm adamları, incəsənət xadimləri, analitiklər Onu haqlı olaraq, SİYASƏT NƏHƏNGİ adlandırır, zəmanəmizin dahisi olaraq görürlər.

Onu da deyim ki, bir xalq üçün ən böyük qazanc bir gün bir liderə, özü də ümummilli liderə sahib olmaqdır. Çünki ümummilli lideri olmayan xalqların içində həmişə gələcəklə bağlı bir əndişə yatar.

Zaman demək olar hər gün bir daha sübut edir ki, Azərbaycanın yeganə düzgün yolu HEYDƏR ƏLİYEV YOLUna sədaqətdir. Bu YOLda dönməz və əbədi müstəqillik var… Bu YOL xalqımızın və dövlətimizin daha xoş və firavan gələcəyinə uzanır… Azərbaycan öz ərazi bütövlüyünü BU YOLla və BU YOLda bərpa edəcək. Azərbaycan hər gün bu dünyaya GÜNƏŞ kimi doğacaq. Azərbaycan HEYDƏR ƏLİYEV YOLu ilə daim irəliyə, irəliyə gedəcək…

Rahil Tahirli

jurnalist

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …