Prezident İlham Əliyev bildirib ki, son 17 il ərzində bölgələrdə görülmüş işlərin ən azı 90 faizi bilavasitə onun təşəbbüsü ilə və dövlət proqramları çərçivəsində görülüb. Bura 16 min kilometr avtomobil yolu, bütün elektrik təsərrüfatının demək olar ki, yenidən qurulması, ölkə boyunca qazlaşdırmanın başa çatdırılması, eləcə də 3500-dən çox məktəb, 700-dən çox tibb ocağı, 50-yə yaxın Olimpiya İdman Mərkəzi, Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər tikintisinin daxil olduğunu qeyd edib.
“Yeni Sabah”ın məlumatına görə, Prezident eyni zamanda bildirib ki, bir çox hallarda icra başçısı öz iş otağından çıxmır. Bir çox işlər laqeydlik, biganəlik və məsuliyyətsizlik ucbatından həll olunmur. Halbuki elə məsələ var ki, heç böyük vəsait, böyük əziyyət tələb etmir.
Azərbaycanda icra başçılarının geniş səlahiyyətlərinin olması zaman-zaman gündəmə gəlib. Prezidentin də bu məsələyə toxunması mövzunun yenidən aktuallaşmasına səbəb olub.
Məlumat üçün deyək ki, Azərbaycan Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilən “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnaməyə görə icra başçılarının aşağıdakı vəzifələri var:
1. Prezidentin tapşırıqlarını yerinə yetirir. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin tapşırıqlarını yerinə yetirir.
2. Prezident tərəfindən təsdiq edilmiş dövlət proqramlarının, Naxçıvan Müxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının, habelə müvafiq yerli proqramların həyata keçirilməsi üçün tədbirlər görür.
3. Bu Əsasnamədə nəzərdə tutulmuş qaydada öz aparatını təşkil edir, qanunvericiliklə müəyyən edilmiş qaydada şöbə, idarə və xidmətləri, müəssisə, idarə və təşkilatları yaradır və ləğv edir, tabeçiliyində olan orqan, idarə, müəssisə və təşkilatların rəhbərlərini qanunvericiliyə əsasən vəzifəyə təyin və vəzifədən azad edir, onların aktlarını qanunvericiliyə zidd olduqda ləğv edir.
4. Yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid məsələlərlə bağlı müvafiq dövlət orqanları, respublikanın va xarici ölkələrin fiziki və hüquqi şəxsləri ilə qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələr bağlayır.
5. Müvafiq inzibati-ərazi vahidində müvafiq icra hakimiyyəti orqanları tərəfindən və tabeliyində olan müəssisə, idarə və təşkilatlar tərəfindən vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradır, qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə onlara cavab verilməsini təmin edir və nəzarəti həyata keçirir, vətəndaşların qəbul olunmasını təşkil edir və nəzarəti həyata keçirir; vətəndaşların əsaslandırılmış təkliflərini öz fəaliyyətində nəzərə alır;
6. İcra hakimiyyəti orqanlarında işçilərin yerləşdirilməsini, onların ixtisasının artırılmasını təşkil edir.
7. Qanunvericiliyə əsasən icra hakimiyyəti başçısı aparatının işçilərinə münasibətdə həvəsləndirmə və intizam tədbirləri tətbiq edir.
8. Seçkilərin, ümumxalq səsvermələrinin (referendumların) və müzakirələrin keçirilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edir.
9. Müvafiq icra hakimiyyəti orqanları qarşısında ərazinin inkişafına dair məsələlər qaldırır, təkliflər verir.
10. rayonu, şəhəri, şəhər rayonunu dövlət orqanları ilə münasibətlərdə, rəsmi protokol tədbirlərində təmsil edir.
11. İcra hakimiyyəti orqanının fəaliyyəti ilə bağlı məlumatların əhaliyə mütəmadi çatdırılması məqsədi ilə kütləvi informasiya vasitələrində məlumatlar verilməsini təmin edir.
12. Bu Əsasnamə ilə və Azərbaycan Respublikasını Prezidenti tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçirir.
Rayon bölgüsü olan şəhərin başçısı isə bu Əsasnamə ilə müəyyən edilən digər vəzifələrlə yanaşı, aşağıdakı vəzifələri də həyata keçirir:
1. Şəhər rayonlarının icra hakimiyyəti başçılarına rəhbərliyi həyata keçirir; şəhər rayonlarının icra hakimiyyəti başçılarının hesabatlarını dinləyir.
2. Şəhərin iqtisadi, sosial inkişaf və ekoloji proqramlarının, Azərbaycan Respublikasının dövlət büdcəsindən ayırmaların layihəsinin və dövlət proqramlarının layihələrinin hazırlanması zamanı şəhər rayonlarının icra hakimiyyəti başçılarından müvafiq təkliflər alır.
3. Şəhərin vahid inzibati ərazi kimi idarə edilməsində, ümumşəhər məsələlərinin səmərəli həll edilməsində, şəhərin sosial-iqtisadi inkişafında və səlahiyyətlərinə aid olan digər məsələlərin həllində vəhdəti təmin etmək məqsədi ilə şəhər rayonlarının icra hakimiyyəti başçılarının fəaliyyətini əlaqələndirir.
4. Şəhər rayonlarının icra hakimiyyəti başçılarının aktları Azərbaycan Respublikası qanunvericiliyinə zidd olduqda onları ləğv edə bilər.
Göründüyü kimi icra başçıları kifayət qədər geniş səlahiyyətlərə malikdir. Bu səlahiyyətlər onlara rayon və ya şəhəri müstəqil şəkildə inkişaf etdirmək imkanı yaratsa da, təəssüf ki, gözləntilərin əksi baş verir.
Amma ölkə başçısının dediyi ki, onlar geniş səlahiyyətlərdən daha çox şəxsi maraqları üçün istifadə edir. İcra hakimiyyətlərində aparılan əməliyyatlar da bunu göstərdi. Elə bu səbəbdəndir ki, icra hakimiyyətlərin ləğvi, ən azı onların səlahiyyətlərinin məhdudlaşdırılması gündəmə gəlib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan deputat Fazil Mustafa isə hesab edir ki, icra hakimiyyətlərin ləğvinə, yaxud icra başçılarının səlahiyyətlərinin azaldılmasına ehtiyac yoxdur. “Sadəcə məhkəmə sistemində islahatlar aparılsın, yetər. Vətəndaşlar məhkəmələrdə hüquqlarını qoruya biləcəklərsə, o zaman bu cür problemlər olmayacaq. İdarəteməyə gəlincə, qanunlara riayət edilməlidir”, – deyə deputat bildirib.