Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşıma xidmətinin tarifləri artırılıraq 60 qəpiyə çatdırılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında bildirilib.
Yeni tariflər haqda qərarı Nazirliyin Kollegiyası müəyyən edib.
Yeni tariflər oktyabrın 1-dən qüvvəyə minəcək.
Nazirliyin təsdiq etdiyi qərarda deyilir ki, metro nəqliyyatında və şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən edilib:
«Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək».
Qərarda həmçinin deyilir ki, bu dəyişikliklər ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.
«Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək», – qərarda belə deyilir.
Bundan öncə 2024-cü il iyunun 30-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarı ilə ictimai nəqliyyatda daşıma tarifləri 50 qəpiyə çatdırılmışdı.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
