“Xaricdə yaşayan azərbaycanlı həkimlərin birinci simpoziumunun Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən yubiley tədbirləri çərçivəsində təşkili ona dərin rəmzi məna qazandırır”.
Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Dünya Azərbaycanlı Təbiblərinin I Simpoziumunun iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın səhiyyə infrastrukturunun tamamilə yenilənməsi və müasir əsaslar üzərində qurulması məhz Ulu Öndərin adı ilə bağlıdır. Ötən müddətdə uğurla gerçəkləşdirilmiş işlərin davamı olaraq səhiyyənin inkişafı bu gün də dövlətimizin sosialyönümlü siyasətinin prioritetlərindəndir.
“Respublikamızın regionlarında yeni-yeni diaqnostika mərkəzləri və şəfa ocaqları istifadəyə verilmiş, səhiyyə müəssisələri qabaqcıl texnologiyalara əsaslanan tibbi avadanlıqlarla təchiz edilmiş, əhalinin sosial müdafiəsinin başlıca tərkib hissəsi kimi həyati əhəmiyyətə malik icbari tibbi sığorta tətbiq olunmuşdur. Son illərdə təbabətin aktual məsələlərinə dair beynəlxalq səviyyəli konfrans və görüşlərə ölkəmizin ev sahibliyi etməsi isə Azərbaycan səhiyyəsinin qlobal səhiyyə sisteminə inteqrasiyasına əlverişli zəmin yaratmışdır”, – deyə Prezident İlham Əliyev qeyd edib.