Bazar , 19 Yanvar 2025
Drone Cameras

İradə Rizazadə: “Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir”

“Son illərdə ölkə başçısı cənab İlham Əliyevin müxtəlif sahələrdə apardığı islahatlar ölkəmizin sosial-iqtisadi inkişafına, turizm potensialının artmasına, yeni iş yerlərinin yaradılmasına və əlbəttə ki, yoxsulluğun azaldılmasına səbəb olmuşdur. Eyni zamanda regionlarımızın sosial-iqtisadi inkişafı da cənab Prezidentin daim diqqətindədir. Bu məqsədlə 2004-2018-ci illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları təsdiq olunmuş və icrası müvafiq dövlət qurumları tərəfindən uğurla nəticələnmişdir.
 
Dövlət Proqramlarının icrası bütün ölkəni əhatə edib və müvafiq iqtisadi rayonlar üzrə qruplaşdırılmışdır. Bu proqramlar çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı,əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. Bu illər ərzində rayonlarda yeni təhsil və səhiyyə müəssisələri, o cümlədən mədəniyyət ocaqları tikilmiş və ya təmir olunmuşdur. Əhalinin kommunal xidmətlərdən rahat istifadəsi məqsədilə elektrik stansiyaları tikilmiş, yeni qaz xətləri çəkilmiş, su təminatının yaxşılaşdırılması məqsədilə yeni su və kanalizasiya xətləri çəkilmişdir.” Bu fikirləri Olaylar.az -a açıqlamasında  “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyin sədri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın katibi İradə Rızazadə bildirib.
 
İradə Rızazadə qeyd edir ki, Dövlət proqramlarının icrası nəticəsində son 15 il ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır: “Əhalinin məşğulluğunun təmin edilməsi və yoxsulluğun aradan qaldırılması məqsədilə ölkədə 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmışdır. Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sosial durumu kifayət qədər yaxşılaşmışdır. Belə ki, car ilin ilk aylarında minimum əmək haqqı 38,4 faiz artırılaraq 180 manata və əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 160 manata çatdırılmışdır.
 
Bu illər ərzində qeyri-neft sektorunun əsas sahələrindən biri olan aqrar sahəyə də xüsusi diqqət ayrılmışdır. Bunun göstəricisi olaraq, Dövlət Proqramının bu sahə üzrə müvafiq bəndlərindən əlavə cənab Prezidentin imzaladığı fərman və sərəncamları qeyd etmək istərdim. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair2018-2025-ci illər üçün Dövlət Proqramı”nın, 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın, 13 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın və 3 may 2018-ci il tarixli “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiqi sözügedən sahələrin inkişafına əlavə təkan vermişdir.
 
Bundan əlavə, kənd təsərrüfatı sahəsi ilə məşğul olan şəxslərə güzəştli kreditlərin ayrıldığını xüsusi vurğulamaq lazımdır ki, bunun da nəticəsində bu sahədə inkişafın şahid olmuşuq.
 
Ölkə başçısının pambıqçılığın inkişafına göstərdiyi diqqəti məhz cənab Prezidentin sədrliyi ilə 26 mart 2018-ci il tarixində Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair üçüncü respublika müşavirəsinin keçirilməsi bir daha sübut edir.”
 
Hər sahədə olduğu kimi, kənd təsərrüfatı sahəsində aparılan struktur dəyişiklikləri də müvafiq sahənin inkişafına yol açıldığını bilidrən “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyin sədri qeyd edir ki, yeni yaradılan qurumlardan biri Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi olmuşdur: “Bu Mərkəzin əsas funksiyaları kənd təsərrüfatı və kənd yerlərinin inkişafı ilə bağlı təhlillərin və elmi tədqiqatların aparılması, analitik məlumat bazasının və informasiya sistemlərinin formalaşdırılması, proqram və layihələrin hazırlanmasıdır ki, bu da kənd təsərrüfatının inkişafına şərait yaratmış olacaq.
 
Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının və emalının stimullaşdırılması məqsədilə cənab Prezidentin Fərmanı əsasında “Aqrar tədarük və təchizat” ASC təsis edilmişdir. Bu qurumun əsas fəaliyyət istiqamət bazara çıxış imkanlarının daha da gücləndirilməsi, fermerləin rifah halının və rəqabət mühitin yaxşılaşdırılmasıdır.
 
Cənab Prezidentin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılmışdır ki, onun da əsas məqsədi KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, bu sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi yolu ilə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və onlara institusional dəstək mexanizmlərini təkmilləşdirmək, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır. Qurumun fəaliyyəti nəticəsində 2025-ci ilədək Azərbaycanda KOB-un ÜDM-də və məşğulluqda payının müvafiq olaraq 35 və 40 faizə, ölkənin qeyri-neft ixracında payının isə 25 faizə çatdırılması nəzərdə tutulur. Ümid edirik ki, yuxarıda adı çəkilən və eləcə də aqrar sektorun digər sahələrinə göstərilən diqqət nəticəsində bu sahə daha da inkişaf etmiş olacaq, eləcə də yerli tələbatı tam ödəməklə yanaşı, məhsulların ixrac göstəriciləri daha da artmış olacaq.”
 
Bölgələrdə aparılan yenidənqurma işləri turizmin inkişafına dəstək verdiyini qeyd edən İradə Rızazadə bildirir ki, qeyd olunan Dövlət proqramının icrası, eləcə də turizm sahəsinə ayrılan xüsusi diqqət nəticəsində ölkəmizə turizm axını artmaqda davam edir: “Öncəki illərdə əsasən paytaxt Bakıda turistlərə rast gəlirdiksə, indi demək olar ki, ölkənin hər bir yerinə turistlərin gəldiyinin şahidi oluruq. Ölkəmizin turizm potensialının daha geniş şəkildə təbliğ olunması məqsədilə cənab Prezident tərəfindən 2011-ci il ölkəmizdə “Turizm ili” elan edilmişdir. Eyni zamanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə 2018-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin yaradılması bu sahənin inkişafını şərtləndirir.
 
O cümlədən, regionlarda hər bir şəraitlə təmin olunmuş turizm komplekslərinin, otellərin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına geniş imkanlar yaratmışdır. Turizmin inkişafına şərait yaradan amillərdən biri də əlbəttə ki, nəqliyyat sektorunun inkişafıdır. Respublika və yerli əhəmiyyətli yolların tikintisi, körpülərın salınması, həmçinin Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava limanlarının istifadəyə verilməsi turizm potensialımızı artıran şərtlərdəndir. Turizmin inkişafı statistik məlumatlarda daha dolğun əks olunur. Belə ki, statistikaya əsasən ilbəil ölkəyə gələn turistlərin sayı artmaqda davam edir. Misal üçün, 2018-ci ilin ilk yarısına əsasən xarici səyahətçilərin sayında 2017-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 10% artım müşahidə olunmuşdur. Belə ki, 2017-ci ildə bu göstərici 1.2 mln.olmuşdursa, 2018-ci ildə bu say 1.32 mln.a çatmışdır.”
 
Müstəqil Azərbaycan artıq neçə illərdir ki, sürətlə inkişaf edən, beynəlxalq arenada öz xüsusi yerini tutan ölkələrdən birinə çevrildiyini xüsusi vurğulayan İradə Rızazadə qeyd etdi ki, əvvəllər Azərbaycan dedikdə, xaricdə bu ölkənin harada yerləşməsini belə bilmirdilərsə, artıq ölkəmiz demək olar hər yerdə tanınır: “Bu, əlbəttə ki, bu və digər dövlət proqramlarının uğurlu icrası, xüsusən ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli idman və digər tədbirlərin keçirilməsi nəticəsində olmuşdur. Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da öz əksini tapır. Misal olaraq, Dünya Bankının “Doing Business 2019″ hesabatına əsasən Azərbaycan reytinqdə 57-ci yerdən 25-ci yerədək irəliləyib. Həmçinin hesabata əsasən ölkəmiz dünyanın ən çox islahat aparan 10 ən islahatçı dövləti siyahısına daxil edilmişdir. Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə bərabər ölkəyə qoyulan xarici investisiya da göstəriciləri də yüksəlmişdir. Sözsüz ki, bunun əsas səbəblərindən biri də ölkəmizin sabit, əmin-amanlıq şəraitində olması ilə əlaqədardır.”
 
“Vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq, ölkəmizin inkişafında daha uğurlu nəticələr əldə etmək üçün hökumət-QHT əməkdaşlığının vacibliyini vurğulamaq istərdim. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə regionların sosial-iqtisadi inkişafı mövzusunda QHT-lər kifayət qədər uğurlu tədbirlər həyata keçiriblər. QHT-lərin təcrübəsini, xüsusən region QHT-lərinin potensialını nəzərə alaraq, bu və digər dövlət proqramlarının icrasında müvafiq dövlət qurumlarımızı ixtisaslaşmış QHT-lərlə əməkdaşlıq etməyə səsləyirəm.”
 
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir