Gürcüstanın Anakliya şəhərində ilk dərin özüllü dəniz limanının tikintisi layihəsinin həyata keçirilməsi ölkənin Orta Dəhlizdə əlaqələndirici rolunu genişləndirəcək.
Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, layihə ölkə üçün strateji əhəmiyyət kəsb edir və limanın tikintisi Gürcüstanın liman infrastrukturunun inkişafında, eləcə də Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayacaq.
“Birinci mərhələdə layihəyə 600 milyon ABŞ dolları investisiya qoyulacaq. Bu mərhələ başa çatdıqdan sonra, yəni 2029-cu ilə qədər ilk gəmilər qəbul ediləcək”, – Baş nazir bildirib.
Layihənin birinci fazası həyata keçirildikdən sonra liman ildə 600 min konteyner qəbul edə biləcək.
Bu layihə Çin-Sinqapur konsorsiumu olan “China Communications Construction Company Limited & China Harbour Investment Pte. Ltd.” ilə birgə həyata keçiriləcək. Layihədə ölkənin maraqları tam nəzərə alınıb.
“Dövlətin bu layihədə 51 % nəzarət paketinə sahib olduğunu nəzərə alsaq, bizim öz strateji marağımız var. Buna uyğun olaraq, ölkəmizin maraqları maksimum dərəcədə təmin edilib”, – İ.Kobaxidze qeyd edib.