İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq?
1. Tramp İranda unutmayacağı, gözləmədiyi şeylərlə rastlaşdı. Müharibədən əvvəl etirazlara qalxmış xalq heç kimin gözləmədiyi halda rejimin ətrafında birləşdi. Tramp üçün ən şokedici bu oldu ki, camaat hədə-qorxulara baxmayaraq, İranın mühüm neft obyektlərinin ətrafında canlı divar qurdular. Əminəm ki, Tramp buna heyran qaldığını özü də açıq deyəcək.
2. ABŞ-ın “super dövlət” statusu fərqediləcək qədər zədələndi. Üstəlik, İran özünü ABŞ-dan zəif imkanlara rəğmən “super döyüşən güc” kimi tanıtdı…
3. İsrailin Amerikasız İranın qarşısında uzun duruş gətirə bilməyəcək bir güc olduğunu hamı gördü. İsrail bundan sonra İranın qarşısında çox qorxaq və ehtiyatlı davranışlara üstünlük verməyə məcbur olacaq.
4. Körfəzin monarxiya ölkələri Trampa milyardlarla dollar “təhlükəsizlik mayası” qoyduqları halda, gümanları tam doğrulmadı və hətta ABŞ-ın da onlara tam etibarlı tıhlükəsizlik təminatını verə bilmədiyini anladılar…
5. “Diktatura və avtoritar ölkələrlə sonadək uğurlu müharibə aparmaq mümkün deyil” tezisi bir daha təsdiqləndi…
6. Əmin oldular ki, müasir İran rejimi İraqda, Suriyada, Misirdə, Liviyada və digər ölkələrdəki Əsəd, Qəddafi, Mübarək, Səddam rejimlərinin eynisi deyilmiş…
7. İran üçün ən ağır günlərdə Azərbaycanın, Pakistanın, Türkiyənin mövqeyi bir daha sübut etdi ki, məsuliyyətli və yaxşı qonşuların mövcudluğu xarici təcavüzlər qarşısında dirəniş göstərmək üçün çox zəruri şərtdir…
8. Bir daha təsdiqləndi ki, İran milli nüvə və raket texnologiyasını özünün dövlət şərəfi saydığı üçün onları güzəştə getməyəcək…
9. Qəti təsdiqləndi ki, BMT faydasız və izafi pul yeyən quruma çevrilib…
İran rejiminin də alacağı dərslər var. İran xalqı böyük fədakarlıq göstərdi. Qaçmadı, İsrail camaatı kimi zirzəmilərə düşmədi. Rejimi özündən borclu saldı. İran xalqı tək ABŞ-İsrail təcavüzünə müqavimət göstərmədi, həm də mövcud dini rejimi qorudu.O rejimi ki, adamları asırdı, haqqını yeyirdi, haqlarını məhdudlaşdırırdı. İndi bu xalqın rejimdən haqlı umacaqları var. İran xalqı bu fədakarlığı bir daha təkrar etməyə bilər. Odur ki, İran rejimi borclu olduğu öz xalqına borcunu qaytarmaq kimi ağır məsuliyyət altındadır. İran rejimi bunu bacaracaqmı? Rejimlə xalqın istədikləri arasında “qızıl balans” yarada biləcəkmi?
Görərik…
Aydın QULİYEV
Boyukmillet.com Biz yanmasaq vətən yanar
