Bazar , 25 Yanvar 2026
Drone Cameras

İranda etiraz qurbanlarının cəsədləri 5 min dollara ailələrinə qaytarılır

İranda kütləvi etirazlar zamanı həlak olanların cəsədləri ailələrinə pul qarşılığında verilir.

BBC-nin farsdilli xidməti ailələrə istinadən məlumat yayıb ki, cəsədlər morq və xəstəxanalarda saxlanılır və təhlükəsizlik qüvvələri tərəfindən onlara yalnız 700 milyon tümən (5 min ABŞ dolları) qarşılığında təhvil verilir.

Rəşt şəhərindən olan bir ailə nəşrə bildirib ki, təhlükəsizlik qüvvələri yaxınlarının cəsədini onlara vermək üçün 700 milyon tümən (5 min ABŞ dolları) tələb edib.

Ailənin məlumatına görə, yaxınlarının kremasiya olunmuş qalıqları “Pursina” xəstəxanasının morqunda saxlanıb.

Tehranda kürdəsilli mövsümi tikinti işlərində çalışan və etirazlar zamanı həyatını itirən şəxsin ailəsi onun cəsədini götürməyə gedərkən onlardan da 700 milyon tümən (5 min ABŞ dolları) tələb olunub.

Ailə BBC-yə bildirib ki, yol xərclərini ödəməyə imkanları olmadığı üçün oğullarının cəsədini götürmədən geri qayıtmaq məcburiyyətində qalıblar. İranda tikinti işçisi adətən ayda 100 ABŞ dollarından az qazanc əldə edir.

Nəşr ailələrə istinadla yazır ki, bəzi hallarda xəstəxana əməkdaşları həlak olanların qohumlarına zəng edərək, təhlükəsizlik qüvvələrinin cəsədləri pul qarşılığında vermədən əvvəl onları götürmələrini tövsiyə ediblər.

Bəzi ailələrin bildirdiyinə görə, Tehrandakı “Beheşt-e Zəhra” morqunun əməkdaşları onlara deyiblər ki, əgər övladlarının “Bəsic” dəstəsinin üzvü olduğunu (hökumətə bağlı, hərbi təlim almış, lakin rəsmi ordu olmayan təhlükəsizlik qrupu) və etirazçılar tərəfindən öldürüldüyünü desələr, cəsədlər onlara ittiham olmadan veriləcək.

İnsan Haqları Fəalları Agentliyinin (HRANA) yanvarın 15-nə olan məlumatına görə, etirazlar zamanı ölənlərin sayı azı 2 677 nəfərə çatıb, daha 1 693 ölüm faktı isə hələ araşdırılır. Ağır xəsarət alanların sayı da 2 677 nəfərdir. Həbs edilənlərin ümumi sayı isə 19 097 nəfərdir.

“Human Rights Watch” insan haqları təşkilatı şahid ifadələri, qurbanların qohumları, jurnalistlər, tibbi işçilər və sosial media materiallarını təhlil edərək İran təhlükəsizlik qüvvələrinin silahsız insanlara qarşı genişmiqyaslı və qanunsuz güc tətbiq etdiyini təsdiqləyib. Təşkilat həmçinin bildirir ki, hökumət qurbanların ailələrinə təzyiq göstərərək yaxınlarının “Bəsic” üzvü olduğunu iddia etmələrini tələb edib.
 

“Human Rights Watch” BMT-nin İnsan Hüquqları Şurasını İranda etirazçılara qarşı kütləvi qırğınları araşdırmağa çağırıb və beynəlxalq ictimaiyyətin bu məsələyə diqqət yetirməsinin vacib olduğunu bildirib.

Bu arada, ötən gün BMT Təhlükəsizlik Şurası ABŞ-nin təşəbbüsü ilə İrandakı durumla bağlı fövqəladə iclas keçirib. ABŞ hökuməti İranda planlaşdırılan 800 edam hökmünün dayandırılmasını müzakirəyə çıxarıb. ABŞ-nin BMT-dəki səfiri Mayk Volts bildirib ki, ölkəsi etirazçılara dəstək verir və Prezident Tramp “qırğını dayandırmaq üçün bütün seçimlərin masada olduğunu” açıq bəyan edib. Volts İran hakimiyyətinin etirazları xarici qüvvələrin planı kimi təqdim etməsini tənqid edərək, rejimin xalqın küçələrdəki gücündən qorxduğunu vurğulayıb. Yanvarın 14-nə planlaşdırılan 800 edam dayandırılıb və ABŞ administrasiyası vəziyyəti yaxından izləyir.

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayaraq etirazların “terrorçu qruplar tərəfindən planlaşdırılmış fəaliyyətə çevrildiyini” iddia edib və eyni zamanda hökumət qüvvələri arasında ölənlərin olduğunu vurğulamışdı. O, həmçinin bəzi ölkələri İrana “müdaxilə”də ittiham etmişdi.

Check Also

İspaniya Qazaxıstana 90 min dollar məbləğində vəzifə saxtakarlığında təqsirləndirilən gömrük əməkdaşını təhvil verib

İspaniya Qazaxıstana vəzifə səlahiyyətlərini sui-istifadə etməkdə və vəzifə saxtakarlığında şübhəli bilinən keçmiş gömrük orqanları əməkdaşını …