İranda hökumət əleyhinə kütləvi etirazlar genişlənir. Yanvarın 8-dən etibarən etirazların sayı yenidən artıb, xüsusilə Tehranda minlərlə insan küçələrə çıxıb.
Son iki gündə etirazlar paytaxt Tehrana, ölkənin ikinci ən böyük şəhəri olan Məşhəddə genişlənib. Cənub-qərbdə Abadan, İranın mərkəzində Borucen daxil olmaqla, daha çox vilayət mərkəzinə və kiçik şəhərlərə yayılıb.
Etirazlar fonunda hakimiyyət ölkədə interneti tamamilə kəsib. Ölkə üzrə internetin kəsilməsi səbəbindən hadisələrin tam mənzərəsini formalaşdırmaq çətindir. Bununla belə, yerli və xarici mənbələrin məlumatına görə, Tehran və digər iri şəhərlərdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.
Etirazlar 2024-cü il dekabrın 28-də artan inflyasiya və milli valyutanın kəskin ucuzlaşmasına qarşı başlamışdı.
“Human Rights Activists News Agency” (HRANA) hüquq-müdafiə təşkilatının məlumatına görə, toqquşmalar zamanı azı 34 etirazçı və 4 təhlükəsizlik əməkdaşı həlak olub, 2 mindən çox insan saxlanılıb. Rəsmi Tehran bu rəqəmləri təsdiqləməyib.
Yanvarın 9-da “Flydubai” şirkəti Dubay ilə İranın Tehran, Şiraz və Məşhəd şəhərləri arasında azı 17 uçuşu təxirə salıb.
“Turkish Airlines” İrana 17, “Ajet” altı reysi təxirə salıb. “Pegasus Airlines” da yanvarın 9-da İran şəhərlərinə uçuşların dayandırıldığını bildirib. Qətərin Doha şəhəri ilə Tehran arasında azı iki uçuş ertələnib.
ABŞ Prezidenti Donald Tramp da etirazları dəstəklədiyini bildirib. O, baş verənləri diqqətlə izlədiyini və İran rejiminin devrilməsini istisna etmədiyini söyləyib. Trampın sözlərinə görə, əvvəlki etirazlar zamanı İran hakimiyyəti insanlara atəş açaraq zorakılıqla basqı etmişdi. Bu dəfə etirazlar sərt şəkildə yatırılarsa, ABŞ İran hakimiyyətini cəzalandıracaq.
“Rejimin devrilməsi məsələsində həvəs çox böyükdür”, – o qeyd edib.
İslam Respublikasının Ali dini lideri Ayətullah Əli Xamenei yanvarın 9-da etdiyi qısa televiziya müraciətində ölkədə asayişin bərpa ediləcəyini bildirib və baş verənləri ABŞ və “xarici terror şəbəkələrinin” fəaliyyəti ilə əlaqələndirib.
Müşahidəçilərin fikrincə, son etirazlar İranda illərdir davam edən iqtisadi və siyasi böhranın fonunda baş verir. Son səkkiz ildə ölkədə inflyasiya rəsmi olaraq orta hesabla 40 faiz təşkil edib, milli valyuta isə kəskin şəkildə dəyər itirib. Əhalinin real gəlirlərinin azalması, işsizlik, enerji və su qıtlığı narazılıqları daha da dərinləşdirib.
Siyasi analitiklər bildirirlər ki, 2018-ci ildə ABŞ-nin nüvə sazişindən çıxmasından sonra ölkə daxilində islahatçılarla mühafizəkarlar arasında mövcud olan balans pozulub. Seçkilərin rəqabətsiz keçməsi və islahatçı qüvvələrin siyasi proseslərdən kənarlaşdırılması ictimai etimadı zəiflədib.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
