Azərbaycan öz qonşuları ilə münasibətlərdə daim ərazi bütövlüyü, suveren hüquqlara hörmət prinsiplərinə hörmətə əsaslanır. İndiyədək sərhəd qonşumuz olan heç bir ölkənin ərazisinə iddia etməmişik, daxili işlərinə qarışmamışıq. Buna baxmayaraq, zaman-zaman qonşularımızın namərdliyi ilə üzləşirik. Ermənistanın ölkəmizə münasibəti bizə də, dünya ictimaiyyətinə də bəllidir: xain qonşu ərazilərimizə iddialarını daim açıq bəyan edir. Son 30 ilə yaxın müddətdə 20 faizə yaxın torpağımızı işğal altında saxlayan ölkənin “qonşu”luğu hamıya məlumdur.
Ermənistan istisna olmaqla, Azərbaycanın heç bir qonşusu ilə münasibətlərində ciddi problemləri olmayıb indiyədək. Bu qonşulardan biri olan İran İslam Respublikası ilə də münasibətlərdə Azərbaycan daim hüquqlara hörmət prinsipinə əməl edib. On milyonlarla soydaşımızın yaşadığı, eyni dinin daşıyıcısı olduğumuz İrana yanaşmada rəsmi Bakı səmimiyyət və etibara üstünlük verməyə çalışır. Lakin qarşı tərəfdən eyni münasibəti hələ də görə bilmirik. Sözdə din qardaşlığı, yaxın qonşuluqdan danışan Tehran Azərbaycan torpaqlarını işğal edən, şəhər və kəndlərimizi dağıdıb, insanlarımızı öldürən Ermənistanın yanında olmağa davam edir. Ermənistanın Azərbaycan ərazilərinə iddialarından xəbərdar ola-ola bu ölkənin ərazi toxunulmazlığını özünün “qırmızı xətti” elan edən islam ölkəsi İranla necə davranaq? Önun ölkəmizə yönəlik məkrli niyyətlərini necə neytrallaşdıraq? Cənub qonşumuzla iqtisadi əməkdaşlığı dayandırıb, siyasi münasibətləri soyutmaq, yoxsa əlaqələri genişləndirməklə özümüzə qarşı səmimi münasibətə nail ola bilərik? Yoxsa birmənalı olaraq İranın qorxduğu Bütöv Azərbaycan ideyasına köklənməklə istəyimizə daha tez çatmağımız mümkündür?
Qeyd edək ki, son illərdə Azərbaycanla İran arasında getdikcə genişlənən iqtisadi əlaqələrdə 2020-ci ildə pandemiyanın təsiri ilə azalma qeydə alınıb. Belə ki, rəsmi statistikaya əsasən keçən il İranla qarşılıqlı ticarət dövriyyəmizin həcmi əvvəlki illə müqayisədə xeyli azalmaqla (493 milyon 832,35 min dollar) 339 milyon 101,1 min dollar təşkil edib. Bunun 38 milyon 485.71 min dolları bizim İrana ixracımız, 300 milyon 615.39 min dolları isə oradan idxalımızın payına düşüb. Bu ilin yanvar-aprelində İrana 7 milyon 256.49 min dollarlıq mal ixrac edib, oradan 126 milyon 858.59 min dollarlıq mal almışıq. Göründüyü kimi, İranla ticarət münasibətlərimizdə böyük həcmdə mənfi saldo mövcuddur. Yəni Azərbaycan İran məhsullarının kifayət qədər böyük satış məkanıdır.
Ermənistanla İranın illik ticarət dövriyyəsi isə 300 milyon dollar civarındadır. Neçə illərdir ermənilərə hər cür yardım edən İranın din qardaşı adlandırdığı Azərbaycanı kənara qoyaraq Ermənistana dəstək verməsi ölkəmizdə haqlı narazılığa səbəb olur.
POLİTOLOQ ASİF NƏRİMANLI: SƏRHƏDDƏ TƏXRİBATLAR GÖZLƏNİLƏN İDİ
Asif Nərimanlı: “Cənubi Azərbaycan məsələsinin aktuallaşması qaçılmazdır, lakin”…
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, İranın Azərbaycanı sevməməsinin səbəbləri bəllidir: “İndiyə qədər Dağlıq Qarabağ münaqişəsinin olması, Azərbaycan torpaqlarının işğal edilməsi faktı İran üçün Cənubi Azərbaycan məsələsi önündəki bufer rolunu oynayırdı. Ermənistanın işğalçı siyasətinə dəstəyinin əsas səbəbi də bu idi. Münaqişənin həllindən, torpaqlarımızın azad edilməsindən sonra İran bölgədəki reallıqdan narahatdır və Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu nə qədər desə də, Ermənistana dəstəyi əvvəlki dövrlə müqayisədə daha da artacaq. Çünki İranın ideoloji dairələrində hesab edirlər ki, Qarabağ məsələsinin Azərbayanın qələbəsi ilə başa çatması Cənubi Azərbaycan məsələsinin aktuallaşmasına səbəb olacaq. Ərdoğanın Bakıda Qələbə paradında çıxışı zamanı səsləndirdiyi Araz şeirinə İranın yersiz reaksiyası da bu qorxulardan qaynaqlanır”.
A.Nərimanlının fikrincə, Cənubi Azərbaycan məsələsinin aktuallaşması qaçılmaz olacaq: “Çünki Qarabağın işğalı dövründə Azərbaycanın zəif tərəfləri çox idi, işğala son qoyulduqdan sonra bu zəif tərəflər arxada qaldı və Azərbaycanın regional gücü, o cümlədən geosiyasi proseslərdə həlledici oyunçulardan biri olması potensialı artıb. Azərbaycanın güclü olması o taydakı soydaşlarımızın da ümidlərini gücləndirir. Fikrimcə, açıq şəkildə olmasa da, arxa planda belə hədəflərimiz var. Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfəri zamanı ilk olaraq Xudafərin körpüsünə getməsi təsadüfi deyildi. Bunu 250 illik məğlubiyyət tariximizin qalibiyyətlə əvəz olunmasından sonra özümüzə qayıtmağımız, strateji hədəflərimizə verilən işarə və Cənubdakı soydaşlarımıza mesaj kimi qəbul edə bilərik. Türkiyənin də bölgədə mövqelərinin güclənməsi belə perspektivlərə imkanlar yaradır. Proseslərin inkişafı İranın Azərbaycana qarşı hücumlarının artacağına da zəmin yaradır. Biz öncə bu hücumların qarşısını almaq üçün boşluqların aradan qaldırılmasına diqqət etməliyik. Bilirik ki, cənubdan Azərbaycana qarşı hücumlar İranın təsir imkanlarının çox olduğu dini müstəvidə şiəlik üzərindən həyata keçirilir. Bu sahədəki boşluqları aradan qaldırmalıyıq. Dövlət indiyə qədər İranın Azərbaycanın inanclı kəsimi üzərindəki təsirini azaltmaq üçün addımlar atıb və müəyyən nəticələri də olub. Lakin İran şiəliyi ilə əsl şiəliyin fərqli olduğunu, İranın şiəlik üzərindən siyasi maraqlarını həyata keçirdiyini inanclı kəsimə aşılaya bilməsək, bu, çətin olacaq. Azərbaycan əvvəlcə İranın ideoloji təsirini aradan qaldırmalı, mümkün boşluqları doldurmalıdır. Sonra Cənubi Azərbaycan məsələsi üzərindən hərəkət etməlidir. Çünki indi Bütöv Azərbaycan məsələsinin gündəmə gətirilməsi İranın aqressiyasının artmasına və bizim daxilimizdəki boşluqlar üzərindən hücuma keçməsinə şərait yarada bilər. Azərbaycan İranın təsir rıçaqlarının aradan qaldırılmasına paralel olaraq, indiki dövrdə Cənubi Azərbaycan üzərində ”yumşaq güc” strategiyasını gücləndirə bilər. Misal üçün, filmlərin istehsalı, cənubdakı soydaşlarımızın bizim universitetlərdə pulsuz təhsil almasına şəraitin yaradılması, ədəbi-mədəni tədbirlərin təşkil edilməsi və s”.
Müsahibimiz bildirir ki, İranla münasibətlərin pozulmaması üçün Cənubi Azərbaycan məsələsini bir kənara qoymamalıyıq: “Çünki biz nə qədər xoşniyyətli olsaq da, İran Azərbaycanda baş verən adi məsələləri belə daim özünə qarşı təhlükə hesab edir və əks-addımlar atır. Qarşımızda ərəb turistlərinin Bakıya gəlməsini özünün dövlət təhlükəsizliyinə təhdid kimi qəbul edən ölkə var, yəni regionda ən çətin anlayan ölkədir deyə bilərik. Bu baxımdan, ”ən yaxşı müdafiə hücumdur” taktikasına keçə, Cənubi Azərbaycan məsələsindən biz də istifadə edə bilərik. Təbii ki, ehtiyatla, düşünülmüş formada. Lakin qeyd etdiyim kimi, öncə daxildə İranın müdaxiləsinə imkan yaradan boşluqları aradan qaldırmaq lazımdır”.
Elman Sadıqov: “10 gündən sonra kreditlərin restruktruzasiyasına başlanılacaq”
Elman Sadiqov: “Qarşılıqlı iqtisadi münasibətlər qarşılıqlı faydaya əsaslanmalıdır”
İqtisadçı-ekspert Elman Sadiqov bildirir ki, İran Yaxın Şərqin böyük, siyasi səhnədə sözü olan dövlətlərindən biridir: “Həm də qədim dövlətçilik ənənələrinə malik ölkələrdən biridir. İran Azərbaycanla həm dini, həm mədəni, həm milli əlaqələri olan dövlətdir. O səbəbdən də bizim iqtisadi əlaqələrimizin getdikcə genişləndirilməsi daha məqsədəuyğundur. Hazırda iqtisadi əlaqələrimiz daha çox İrandan idxal üzərində qurulub. Ora ixracımız elə də böyük deyil. Bu baxımdan, İranın bizə daha çox ehtiyacı var. Əlaqələrin daha da genişlənməsi üçün ilk növbədə iş adamları, sahibkarlar arasında münasibətlərin dərinləşməsinə ehtiyac var. Eyni zamanda Azərbaycanda İranın üstün təcrübəyə malik olduğu istehsal sahələrinə uyğun müəssisələrin yaradılması mümkündür. Bundan əlavə, İranın Azərbaycan üzərindən satmaq imkanları daha geniş olan məhsulların burada istehsalını təşkil etməsi effekt verə bilər. Azərbaycanla İran “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində kifayət qədər yaxşı əməkdaşlıq edir, yeni geosiyasi şərtlərdən istifadə etməklə bu əməkdaşlığı daha da dərinləşdirmək mümkündür”.
Ekspert qeyd edir ki, bütün iqtisadi əlaqələr qarşılıqlı mənfəət prinsipi əsasında qurulmalıdır: “İranla Azərbaycan arasında iqtisadi əlaqələr genişləndirilərkən bu prinsipə əməl olunması çox vacibdir. Bu əlaqələr həm İrana, həm də Azərbaycana fayda gətirməlidir, kiminsə birtərəfli faydalanması münasibətlərdə səmimiliyin olmaması deməkdir. Xüsusi olaraq qeyd edim ki, İranla münasibətlərdən danışarkən hər iki ölkənin xalqları arasındakı milli bağlılığı mütləq nəzərə almaq lazımdır”.
Dünya SAKİT,
“Yeni Müsavat”