Türkiyə prezidenti qonşuluqda “dövlət” qurmaq istəyənlərə sərt xəbərdarlıq etdi; İran Kürdüstan planı ilə bağlı hərəkətə keçdi; İraq parlamenti Kərkükə ordu yeritmək qərarı verdi
Region dövlətlərinin etiraz və çağırışlarına baxmayaraq, İraq Kürdüstanı 25 sentyabrda “müstəqillik” referendumu keçirmək fikrindən daşınmadı. Heç şübhəsiz ki, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzanini qonşu dövlətlərlə üz-üzə gəlməyə vadar və təhrik edən qüvvələr var.
Məlumata görə, nəticələri 72 saat ərzində açıqlanacaq referendumda 5,2 milyon seçici iştirak etməliydi. Bülletenlərin 4 dildə – kürdcə, türkcə, ərəbcə və süryanicə hazırlandığı deyilir.
Dünyanın diqqətlə izlədiyi bu prosesdə daha çox narahat olan ölkələr isə İraq, Türkiyə və İrandır. Qərb dövlətləri isə üzdə bu təşəbbüsə etirazlarını bildirməklə kifayətlənirlər. İsrail müstəqillik referendumunu açıq dəstəkləyən yeganə ölkə olub. Bir müstəqil dövlətin ərazi bütövlüyünə qəsd edilməsi, həmçinin bölgədə yaşayan qardaş türkmənlərin taleyi Azərbaycanda da narahatlığa səbəb olub. Ancaq proseslərə həlledici təsir gücündə olan ölkələrin qarşısını ala bilmədiyi hadisələrə Azərbaycanın hər hansı təsirindən danışmağa dəyməz təbii ki.
İraqın baş naziri Heydər əl-Əbadi xəbərdarlıq edib ki, o, “ölkənin birliyini saxlamaq üçün lazımi tədbirlər” görəcək. O bildirib ki, səsvermə konstitusiyaya ziddir və sülh prosesini hədələyir: “Biz ölkənin birliyini saxlamaq üçün lazımi tədbirlər görəcəyik”.
İraq parlamenti Kərkük başda olmaqla, digər mübahisəli ərazilərdə Mərkəzi Bağdad hökumətinə tabe olan hərbi təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə səs çoxluğu ilə qərar verib. Kərkükə ordu göndərilməsi barədə qərarı İraq parlamentinin Təhlükəsizlik və Müdafiə komitəsinin sədri Hakim Zamili təsdiqləyib (axar.az). Zamilinin sözlərinə görə, parlament, bundan əlavə, İraq Kürd Muxtariyyətinin keçirdiyi referendumda səs verən məmurların vəzifədən kənarlaşdırılması, Kərkük neft yataqlarının rəsmi Bağdada təhvil verilməsi barədə də qərar çıxarıb.
Referendum günü artıq qan tökülüb. Kərkükün cənubundakı türkmən rayonu Tuzhurmatuda Haşdi Şabi ilə peşmərgə arasında toqquşma baş verib. Haşdi Şabinin açdığı atəş nəticəsində 1 peşmərgə ölüb, yaralılar var. Bu barədə Türkiyə mediası xəbər verir.
Referendum günü Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İraq Kürd Muxtariyyətini tərk etməyə çağırıb. Boyukmillet.com yerli KİV-ə istinadən bildirir ki, bu barədə bəyanat nazirliyin saytında yerləşdirilib. “25 sentyabrda Şimali İraqda keçiriləcək referendum İraqda yeni təhlükəsizlik problemlərinin yolunu açacaq. Biz bununla əlaqədar olaraq Türkiyə vətəndaşlarını bu bölgələri tərk etməyə səsləyirik”, – deyə bəyanatda bildirilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə kəskin reaksiya verib. Bu barədə Boyukmillet.com Türkiyənin “Milliyet” qəzetinə istinadən bildirir. “Sərhədlərimizdən, sadəcə, İraq tərəfə keçidə icazə var. Bu həftə ərzində digər tədbirlər də görəcəyik. O addımlar da atılacaq. Giriş-çıxış qapadılacaq. Bir gecə qəfil gələ bilərik” – Türkiyə prezidenti separatçıları xəbərdar edib.
“Şimali İraq kürd muxtariyyətində keçirilən referendum silahlı qarşıdurma üçün zəmin hazırlayıb”. Bunu isə Türkiyənin baş naziri Binəli Yıldırım NTV telekanalın efirində deyib. “Bütün dünyanın xəbərdarlıqlarına baxmayaraq, referendum keçirilir. Bu qanunsuzluğu heç bir şəkildə tanımayacağıq”, – baş nazir bildirib.
Qonşu İran da kürd referendumunu özünə təhdid sayaraq hərəkətə keçib. İran ordusu İraqla sərhəddə, Qərbi Azərbaycan bölgəsində hərbi təlimlərə start verib. Bundan əvvəl İran generalı, “Qüds Qüvvələrinin” komandanı general Qasım Süleymani Kürdüstanın müstəqilliyi barədə keçirilən referendumu dayandırmaq üçün Kərkükə gəlmişdi. Lakin göründüyü kimi, bu gəlişin faydası olmadı.
İraq hakimiyyətinin müvafiq sorğusundan sonra Tehran İraq Kürdüstanı ilə sərhədi birtərəfli qaydada bağlayıb. Boyukmillet.com TASS-a istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib. “Biz İraq hökumətinin rəsmi sorğusuna uyğun olaraq İraq Kürdüstanı ilə sərhədimizi bağladıq. Biz İraqın ərazi bütövlüyü və müstəqilliyi prinsiplərinə hörmətlə yanaşır və buna qarşı yönəlmiş istənilən təşəbbüsləri səhv hesab edirik”, – deyə Qasımi qeyd edib. İrandan “biz vahid İraqı tanıyırıq” bəyanatı gəlib.
Suriya da İraqın parçalanmasına qarşı çıxıb. Hazırda “Kürdüstan dövləti”nə qarşı Türkiyə, İraq, İran və Suriya birliyi formalaşmaqdadır.
Kürdüstandakı referendum təkcə İraqın parçalanması, türkmənlərin, ərəblərin durumunun ağırlaşmasına gətirib çıxartmayacaq. Gələcəkdə Türkiyə, İran, Suriya ərazilərinə iddiaların da gündəmə gətiriləcəyi şübhə doğurmur. Hətta “Kürdüstan” təbliğatçıları Azərbaycan ərazilərinə də iddia ortaya qoyaraq saxta xəritələr yayırlar. Şübhəsiz ki, kürdləri silahlandıran da, onların arxasında dayanan da böyük güclərdir. Bölgədə yeni, uzunmüddətli gərginliyin əsası qoyulur. Bu durumda Azərbaycanın da öz narahatlığını büruzə verməsi təbiidir.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) İraq Kürdüstanında keçirilən müstəqillik referendumuna münasibət bildirib. YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirib ki, kürdlərin referendumu hüququ əhəmiyyətə malik deyil: “İraq Kürdüstanı xaricdən dəstək almasaydı, refererendum keçirə bilməzdi. Bu referendumun nə hüquqi, nə də praktiki əhəmiyyəti var”.
İstanbul şəhərində “Türkiyə və Azərbaycanın timsalında islam həmrəyliyi” mövzusunda beynəlxalq konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə isə separatçılıqdan əziyyət çəkən bir ölkə kimi Azərbaycanın İraqın şimalında keçirilən referenduma qətiyyətlə qarşı olduğunu vurğulayıb.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Məsud Bərzaninin referendum qərarı Ankara-Bağdad-Tehran üçbucağını formalaşdırdı: “Halbuki son illər Türkiyə cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan nə İraqın keçmiş baş naziri Əl-Maliki, nə də indiki baş naziri İbadi ilə yola gedirdi, bir-birilərinin ünvanına ağır sözlər deyirdilər. Ankara onların əvəzinə Məsud Bərzani ilə dostluq edirdi. İndi rollar dəyişdi və hətta Türkiyə ilə İraqın baş qərargah rəisləri Ankarada az qala köhnə dostlar kimi görüşdülər. İsrailin Kürdüstanın müstəqilliyini tanıması Ankara-Bağdad-Tehran üçlüyünü bir-birinə daha yaxın edəcək”. Ancaq ekspertin fikrincə, bir müddət sonra bu ittifaqın çat verəcəyi istisna deyil: “Məsud Bərzani üçlüyün biri ilə ortaq dil taparaq ittifaqın zəiflədilməsinə çalışacaq. Gedişat Bərzaninin Kərkuk problemini və türkmənlərlə ərəblərin məsələsini necə həll etməsindən asılıdır”.
E.Şahinoğlu kürd referendumunun işğalçı Ermənistanın da maraqlarına uyğun olduğu qənaətindədir:“İsraildən sonra ”Kürdüstan”ı tanıyacaq digər dövlət Ermənistan ola bilər. Təsadüfi deyil ki, Ermənistan Demokrat Partiyasının sədri Aram Sərkisyan referendumu izləmək məqsədilə Ərbildədir. Aram Sərkisyan eks-prezident Robert Köçəryanın müşaviri olub. 1999-cu ildə ondan müsahibə almışam. Çox hiyləgər siyasətçidir. Müsahibə götürdükdən bir müddət sonra vəzifəsindən istefa verdiyi xəbərini oxudum, ancaq hakimiyyətin müxtəlif qolları ilə əlaqələri kəsmədiyinə əminəm. Cib müxalifəti rolunu oynayır. Onun Şimali İraqdakı rereferendumu izləməsi İrəvanın qərarıdır”.
Erməni Araşdırmalar Mərkəzinin sədri, politoloq Qafar Çaxmaqlı isə “Yeni Müsavat”a durumu şərh edərkən xatırlatdı ki, Şimali İraq Kürd hökuməti neçə illərdir mövcuddur: “Nədən birdən-birə və məhz indi özünü müstəqil elan etməyə qalxdı? Düşünürəm ki, onu bu işə təhrik edən ölkələr var. ABŞ üzdə referenduma qarşı olduğunu göstərsə də, altdan-altdan buraya silah göndərir. Vaxtilə Qərbin və hətta Türkiyənin özünün də dəstək verdiyi Şimali İraq Kürd hökumətinin birdən-birə hələ bəzi siyasi proseslərin aydınlaşmasını, İraq və Suriyada suların durulmasını gözləmədən bu addımı atması, əlbəttə, Bərzaninin planı deyil. Belə bir istəkləri olsaydı, buradakı kürdlər çoxdan addım atardılar. Mənə elə gəlir ki, bu bölgədə kürd dövlətini qurmağı hədəfləyən güclər son illərin savaşlarından buna münbit zəmin bula bilmədilər. PYD- PKK-PEJAK terrorçularını Barzaninin peşmərgələri ilə bir hədəfə gətirə bilmədilər. Buna Türkiyə mane oldu. Onlar gözləyirdilər ki, Suriyada, İranda və Türkiyədə olan kürdlər bu qarışıqlardan uyğun bir ərazi əldə edəcək, hərəsi də özü üçün bu ərazilərdə ən azından muxtariyyət elan edəcəklər və bu ölkələrin hesabına böyük bir ”Kürdüstan” qurulacaq. Deyəsən, bu, mümkün olmur. İndi həmin “A” planını həyata keçirmək istəyən qüvvələr “B” planını işə salırlar”. Q.Çaxmaqlının fikrincə, feferendum oyundur: “Şimali İraqda guya bu dövləti quraraq Suriya, Türkiyə və İran kürdlərinin qatılacağı təşkilatları da buna birləşdirmək istəyirlər. Barzanini buna getməyə məcbur edirlər. Amma onun hansı faciəvi fəsadlar verməsini heç düşünmürlər belə. Düşünsəydilər, illərlə sürən bu müharibələrə son verilərdi. Demək, plan hələ həyata keçirilməyib. Bu, ABŞ-ın hazırladığı və tez-tez bəhs edilən Böyük Ortadoğu projesidir və o projenin içində bu ərazilərdə ən azı 10 milyonluq kürdün yaşayacağı bir dövlətin qurulması var. Gizli də deyil. Bəzi ölkələr və onların liderləri də bu işə yardım edirlər”. Siyasi şərhçi hesab edir ki, bu, gec-tez olacaq: “Amma çalışılmalıdır ki, planın uyğulanması zamanı Türkiyə, Azərbaycan zərər çəkməsin. ”Böyük Kürdüstan” xəritəsinə Naxçıvan da daxildir. Bu, bizi də narahat etməlidir. Ən əsası da odur ki, bu qovğalara ən yaxın ölkə olan Türkiyə torpaq itirməsin, ikincisi də bu qurulacaq dövlət millətimiz üçün təhdid ünsürü olmasın”. Ekspert deyir ki, buradakı referendumun Qarabağ məsələsinə birbaşa mənfi təsiri olmasa da, Qarabağ və İraq kürdlərinin məsələsi tamamilə fərqli olsa da, yenə ermənilər bu durumun onlara şamil edilməsini istəyəcəklər , çığır-bağır salacaqlar: “Ermənilər Dağlıq Qarabağda onsuz da bir neçə belə yalançı referendum keçiriblər. O referendumların nəticəsini heç Ermənistan özü belə qəbul etməyib, çünki Azərbaycan Konstitusiyasına görə, ayrılıqda götürülən bir ərazidə referendum keçirilməsi mümkünsüzdür. Referendum olacaqsa, bütün ölkə ərazisində keçiriləcək . İraq Mərkəzi Hökuməti də kürd separatçılara bunu deyir və İraq bu referendumu heç vaxt tanımayacaq. Demək, münaqişənin əbədiləşdirilməsi tədbiri görülür ki, bu da dünya imperializminin yararınadır. Türkiyə İraqın bölünməzliyi ilə bağlı bütün beynəlxalq sazişləri ortaya qoymaqdadır. Ayrıca 1926-cı il Ankara anlaşması Türkiyəyə bu ərazilərə müdaxilə haqqı verir. TBMM iki gün öncə türk ordusunun xaricdə əməliyyatlar keçirməsinə izin verən qərar çıxardı. Demək, bu işdən savaş iyi gəlir. Kürdləri bu işə təhrik edənlər bu xalqın gələcəyini düşünmürlər. Bölgə yenidən savaş meydanına çevriləcək. Bəlkə həmin güclərə də elə bu lazımdır”.
Mətbuat konfransı keçirən Bərzani canlı yayında “referendum əsla 26 iyulda müstəqillik elan edəcəyimiz anlamına gəlmir, əsla Türkiyə üçün təhdid deyildir. Referendum sərhədləri dəqiqləşdirmək üçün deyil” kimi iddialar səsləndirib. Ancaq şübhəsiz ki, bu, gərgin durumda manevr, aranı sakitləşdirmək cəhdidir. 4 dövlətin əhatəsində sıxılmış vəziyyətdə qalmaq heç də asan məsələ deyil, Bərzani bunu anladığı üçün paytaxtlarla dil tapmağa çalışır…