Vəkillər Kollegiyasının (AR VK) Hüquqi Yardım Mərkəzində Rusiyanın İrkutsk əyalətinin Vəkillər Palatasının prezidenti Oleq Smirnovun başçılıq etdiyi nümayəndə heyəti ilə oktyabrın 15-də görüş keçirilib.
Kollegiyadan “Report”a verilən xəbərə görə, kollegiyanın sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, müxtəlif yerli və beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələrdən danışıb, bu istiqamətdə xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu qeyd edib.
Həmçinin, sədr son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini bildirib, Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sisteminin fəaliyyətindən söz açıb, habelə getdikcə İKT mütəxəssisləri sayəsində təkmilləşdirildiyini söyləyib.
Hüquqi Yardım Mərkəzində və Vəkillər Kollegiyası Akademiyasında görülən işlərə toxunan Anar Bağırov vurğulayıb ki, son dövrlər ARVK tərəfindən həssas əhali qruplarına aid edilən şəxslərə pulsuz hüquqi yardımlar göstərilir, o cümlədən vəkillər davamlı tədrisə cəlb edilir.
Görüşdə ARVK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə son illər Kollegiyada qeyd olunan istiqamətlərdə görülən işlər, aparılan islahatlar, vəkillik fəaliyyətinin nüfuzunun artırılması və bu sahədə müsbət nəticələrin əldə edilməsi barədə təqdimatla çıxış edərək təfərrüatlı məlumatları qonaqların diqqətinə çatdırıb.
Sonra İrkutsk əyalətinin Vəkillər Palatasının prezidenti Oleq Smirnov ilk görüşdən məmnun olduqlarını və Kollegiyanın bu sahədə atdığı addımları yüksək qiymətləndirdiklərini ifadə edib.
Görüşün davamında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib, suallar cavablandırılıb.
Görüşdən sonra qonaqlar “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun (VB) inzibati binası ilə tanış olub, VB-nin fəaliyyəti barədə ətraflı məlumatlandırılıb. VB müdiri Kamandar Nəsibov nəzərə çatdırıb ki, hazırda büroda 100-dən artıq ölkədən vəkil cübbələri (mantiyaları) toplanıb, ARVK-nın dəstəyi ilə dünyada ilk dəfə “Dünya vəkil cübbələri və atributları” sərgisi keçirilib və muzeyi yaradılıb. VB-də yerləşən həmin muzeydə vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları da daxil olmaqla, ümumilikdə 10 minə yaxın eksponat yer alır.