Son dövrlərdə dünya iqtisadiyyatında baş verən proseslər yeni böşranın baş verə biləcəyinə dair çoxsaylı xəbərdarlıqlar edilməsi ilə müşayiət edilməkdədir. Mümkün yeni böhranın dünya dövlətlərinə təsirinin də fərqli olacağı gözlənir. Böhranın isə istənilən halda baş verəcəyi, bunun hətta gələn il ola biləcəyi proqnozlaşdırılır.
Beynəlxalq Valyuta Fondu məsələ ilə bağlı bildirir ki, elə bu il qlobal iqtisadiyyatın artımı 2008-2009-cu illərin maliyyə böhranından sonra ən aşağı həddə olacaq. Fondun ekspertləri gələn il dünya iqtisadiyyatında qlobal iqtisadi tənəzzül və yeni maliyyə çaxnaşmalarından narahatdır. Buna əsas səbəb isə Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi ilə bağlı vəziyyətdən çıxış yolunun tapılmaması və ticarət müharibələrinin davam etməsidir. Məşhur iqtisadçı analitik Con Kemp də bədbin proqnozlar verir: “Qlobal iqtisadiyyatın artım tempi 2008-ci ildəki maliyyə böhranından bəri ən aşağı səviyyəyə enib . Dünya iqtisadiyyatında tənəzzül risqi artır”. Böyük Britaniya Mərkəzi Bankının keçmiş rəhbəri Mervin Kinq də dünyanın yeni iqtisadi və maliyyə böhranı ilə üzləşdiyini deyib. Onun sözlərinə görə, 2008-2009-cu illərdə baş verən qlobal iqtisadiyyatdakı xaos təkrarlana bilər. Kinq hesab edir ki, növbəti iqtisadi və maliyyə böhranı demokratik bazar sisteminin legitimliyini məhv edə bilər: “Maliyyə-kredit siyasətinin yeni ortodoksiyasına riayət edərək, bank sistemini etibarlı etdiyimizi iddia edərək bu böhrana doğru irəliləyirik”. Qlobal iqtisadiyyatdakı qeyri-müəyyənliklər və tənəzzül ehtimalları artıq müxtəlif şirkətlərin birləşməsi, satın alınması ilə bağlı sövdələşmələri də azaldıb. Bu il sözügedən sövdələşmələrin ümumi dəyərinin 2,8 trilyon dollar, gələn il isə 2,1 trilyon dollar təşkil edəcəyi gözlənilir. Bu isə böhranın daha bir əlaməti sayılır.
ABŞ-ın “McKinsey” konsaltinq şirkətinin hazırladığı “Qlobal bankçılığın auditi hesabatı”ında isə bildirlir ki, yeni böhran bank sektorunu da sarsıdacaq. Qeyd edilir ki, dünyadakı bankların yarıdan çoxu qlobal iqtisadi azalmaya və böhrana həssasdır. Hesabat müəllifləri hesab edir ki, əksər banklar qlobal iqtisadiyyatdakı hər hansı azalma meyli qarşısında çətinlik yaşayır, gəlirlərinin artım tempi xərclərinin artım tempindən geri qalır. Dünya iqtisadiyyatını böhrana sürükləyən faktorlar sırasında Avropa İttifaqının rolu da vurğulanır. Hesab edilir ki, Avropa iqtisadiyyatı həm ABŞ, həm də Çin tərəfdən mümkün neqativ təsirlər altında böhrana düşə bilər. Bu sırada ABŞ-la Çin arasında müşahidə edilən ticarət müharibəsi də həlledici rol oynaya bilər.
Yaranmış vəziyyətdə bir çox ölkələr böhrana qarşı indidən hazırlıq görür. Məsələn, qonşu Rusiyada antiböhran tədbirləri hazırlanır, bununla bağlı ölkənin xarici borclarının azalması, Qərblə əməkdaşlığın digər dövlətlərlə əvəzlənməsi həyata keçirilir. Yeri gəlmişkən qeyd edək ki, bu xüsusda Rusiyanın hədəf kimi müəyyən etdiyi ölkələrdən biri də Azərbaycandır. Rus politoloq Aleksandr Karavayev də bildirir ki, postsovet məkanında inteqrasiya layihələri orbitində türkdilli ölkələr Rusiya üçün artıq həlledici rol oynayır: “Azərbaycanla da Rusiya bir neçə istiqamətdə qarşılıqlı fəaliyyət göstərir. Bir tərəfdən, MDB məkanında azad ticarət zonası çərçivəsində yarana biləcək maneələr daha sıx kooperasiya haqqında ikitərəfli sazişlər hesabına aradan qaldırılır. Digər tərəfdən, Azərbaycanın neft-kimya sahəsinə investisiyalar ilbəil tədricən turizm sahəsinə yönəldilir, ikitərəfli qarşılıqlı fəaliyyət zonası genişlənir. Bu o deməkdir ki, ticari-iqtisadi sahədə əməkdaşlıq MDB-nin azad ticarət zonası hüdudlarından kənara çıxır”. Onun sözlərinə görə, bu həm Bakı, həm də Moskva üçün böyük üstünlüklər yaradır: “Biz müxtəlif inteqrasiya birliklərinin üzvləri olan üçüncü ölkələrdə azad rejimdə layihələr həyata keçirə bilərik. Azərbaycan üçtərəfli qarşılıqlı fəaliyyətdə özünü göstərən maraqlar kompleksindən yan keçməklə, məsələn, Qazaxıstan və ya Türkiyə kimi ölkələrin hər biri ilə iri layihələr həyata keçirə bilər. Rusiya üçün əsasən türkdilli ölkələrdən ibarət bir özək formalaşıb. Bu ölkələrin fəallığı postsovet inteqrasiyası istiqamətləri ilə müqayisədə qat-qat yüksəkdir. Məsələn, Qazaxıstanla qarşılıqlı fəaliyyət klassik Avrasiya inteqrasiyası çərçivəsində həyata keçirilir. Özbəkistan son illərdə Rusiya ilə ciddi yaxınlaşma nümayiş etdirir. Azərbaycan neytral müstəqil vəziyyətdə qalır, lakin Rusiya və üçüncü ölkələrlə qarşılıqlı fəaliyyətin imkanlarından istifadə edir. Transregional inteqrasiyanın üstünlüyü bundan ibarətdir. Sayı ilbəil artan ikitərəfli layihələrlə yanaşı, Rusiya üçün ikinci dərəcəli sayılan qarşılıqlı iqtisadi fəaliyyət regionları da mühüm rol oynayır. Rusiya Türkiyə ilə birlikdə neft-qaz ixracını nizamlayır, məsələn, Türkiyədə Azərbaycan investisiyaları hesabına inşa edilmiş STAR neftayırma zavodu kimi müəssisələrdə iş aparır. Bakını transmilli İpək Yolu kommunikasiyalarının mühüm elementi hesab edən Qazaxıstanda Azərbaycan layihələri həyata keçirilir. Özbəkistanda Azərbaycanın maraqları bu iki ölkə ilə müqayisədə hələlik çox deyil, lakin nizamlanmış münasibətlər və yaxşı perspektivlər var. Bütün bunlar Rusiyanın Şərqə, o cümlədən postsovet məkanındakı türkdilli ölkələrə meylinin üstünlüyünü izah edir”.
Azərbaycan özü də yeni iqtisadi inkişaf strategiyası çərçivəsində mümkün yeni qlobal böhrandan ən az itki ilə çıxa biləcək ölkələr sırasında yer alır. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının artıq uzun illərdir qlobal böhrana qarşı xeyli dayanıqlı olduğunu təcrübə sübut edib. Belə ki, hələ 2008-ci ildə dünya maliyyə böhranı ilə üzləşəndə Azərbaycan ən az zərər görən ölkələr sırasında idi. Üstəlik, bütün sahələrdə islahatlar davam edirdi. Son üç ildə yeni vüsət alan islahatlar Azərbaycanın dayanıqlıq imkanlarını daha da artırır. Azərbaycan indi iqtisadi cəhətdən daha müstəqil və perspektivli bir vəziyyətdədir. Onun iqtisadiyyatı şaxələnib, yeni inkişaf proqramları reallaşdırılır. Müxtəlif beynəlxalq layihələr həyata keçirən Azərbaycanın bu istiqamətdə də imkanları getdikcə artır. Ekspertlər bildirir ki, davam edən iqtisadi islahatlar və xarici iqtisadi strategiya Bakıya daha əlverişli mövqedə olmaq imkanı qazandırır.