Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İsmayıl Əhməd yazır: Yaradılış sirri 2-ci hissə

Adəm
Burada sual doğuran və müzakirəyə səbəb olan başqa bir məsələ də ortaya çıxır: Əgər Adəm doğrudan da deyildiyi kimi yaradılmışsa, o, hansı yaşda yaradılmışdır? Normal insan kimi uşaq olaraq yaradılıb və sonra tədricən böyüyərək qeyd olunan boy-buxuna gəlib çatmışdır, yoxsa elə yaradılışın ilkin mərhələsində həmin boyda olmuşdur? Və əgər belə olmuşsa, onun yaşı necə və hansı hesabla ölçülmüşdür? Yəni uşaqlıq və yetkinlik yaşını çatmayan Adəm birdən-birə cavanlıq yaşına qədəm qoymuş və ömrü həmin dövrdən sonra başlamışdır? Bəs hədis ədəbiyyatına bu kimi məlumatlar haradan və necə sızıb? Cavabı İslamın və Quran ayələrinin nazil olma tarixini araşdırarkən müəyyən etmək olur. O da bundan ibarətdir: Quran yalnız Adəmin necə yaradıldığından xəbər verir və qeyd olunan məsələlərin üzərində, yəni boyunun nə qədər olması, görünüşü barədə hər hansı bir məlumat vermir. Lakin həmin məlumatlar xristian və ələlxüsus yəhudi mənbələrdə yer alır. Bunları görən bəzi müsəlman hədis alimləri onlara İslami rəng verərək Peyğəmbərin (s) və İmamların (ə) dilindən nəql etməyə başlayır. Beləcə müsəlman təfəkküründə Adəm barədə bu kimi məlumatlar yer almağa başlayır. Lakin burada üzərində dayanmalı olduğumuz başqa bir məqam var. O da Adəmin bioloji olaraq biz insanlardan fərqli ola bilməməsidir. Belə ki, bunu elmlə sübuta yetirmək istəsək, heç şübhəsiz ki, əliboş qalarıq. Adəmin Allahın surətində yaradılışına gəlincə qeyd etmək lazımdır ki, bu məsələ müsəlman alimləri arasında mübahisəyə səbəb olan məsələlərdəndir. Belə ki, bu hədisin üzərində dayananlar onun həqiqi deyil, məcazi mənada deyildiyini qeyd edirlər.
Yaradılış nizamı
Əgər Adəmin yaradılışı haqda danışırıqsa, diqqət yetirməli olduğumuz əsas məsələ Allahın yaradılış nizamı barədə təqdim etdiyi bilgilərdir. Biz bu barədə Qurandan üç əsas təməl bilgi əldə edirik. Onlardan biri Allahın yaradılış iradəsinə sahib olub onu “Ol!” əmri ilə hərəkətə gətirməsidir. Yasin surəsinin 82-ci ayəsindədeyilir: (innəma əmruhu iza əradə şəyən ən yəqulu ləhu kun fəyəkun) – “Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar”. Quranda Allahın yaradıcı sifətini və yaradılış nizamını bəyan edən ifadələrdən biri “Ol” kəlməsidir. Ayənin orijinal mətnində “kun fə yəkun” kəlməsindən istifadə olunur ki, bu da “Ol! – dedi, o da dərhal olar” kəlməsidir. Burada fəyəkun kəlməsini biz “olmağa başlar” kimi də mənalandıra bilərik. Belə ki, bildiyimiz kimi, təbiət aləmini və onun üzərində qərar tutan dağların, çayların, dənizlərin, nəbatat və heyvanat aləminin hər birinin meydana gəlməsi üçün milyon illər vaxt sərf olunub ki, bunu həm də İlahi hikmət tələb edir. Yəni hər bir varlığın yaranış prosesi dəqiq qanunauyğunluq nəticəsində baş verib. Biz Quranda 7-8 yerdə eyni ifadənin oxşar mənada istifadə olunduğunu görürük. Lakin bununla yanaşı, Quranda yaradılışla əlaqəli başqa bir kəlmə ilə də qarşılaşırıq ki, bu da “bədəə – yəbdəu” kəlməsidir. Məsələn, Səcəd surəsinin 7-ci ayəsində buyurulur: (və bədəə xəlqəl insani min tin) “… insanı (Adəmi) yaratmağa palçıqdan başladı”. Göründüyü kimi, ayədə yaradılışın mərhələli olduğundan, yəni başlanğıc nöqtəsi olduğundan xəbər verilir. Quran eyni məzmunda istifadə olunan başqa bir kəlmənin – “xələqə” kəlməsinin üzərində də dayanır. Məsələn, yer və göylərin altı günə yaradıldığından söz açılarkən onların mərhələli olduğuna işarə olunur və bu mərhələ gün kəlməsi ilə ifadə olunur: (innə rəbbəkumulləzi xələqəssəmavati vəl ərzə fi sittəti əyyamin) “Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən…” (Əraf, 54). Yer və göylərin altı gündə yaradıldığını biz Quranın altı ayəsində görürük ki, bu da möcüzə içində başqa bir möcüzə, yəni Quranın riyazi ecazından xəbər verən bir həqiqətdir. Bu ayələri əsas tutaraq İlahi ssenarinin bütün yaradılış aləminə şamil olduğunu və onun içində insanın da yer aldığını, eləcə də bütün bunların zaman çərçivəsində insana öz təsirini göstərməsini də qəbul etmək məcburiyyətindəyik. Yaradılışla əlaqəli olan başqa bir ifadə “ bədi” kəlməsidir ki, bu dilimizə yaratma kimi deyil, icad etmə kimi tərcümə olunur. (bədiussəmavati vəl ərsi fə iza qəza əmrən fə innəma yəqulu kun fə yəkun) – “Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol!” – deyər, o da (fövrən) olar” (Bəqərə, 117). Bir sözlə, yaradılışla əlaqəli olan bütün ifadələri bir yerə yığdıqda və onların arasındakı əlaqələri müəyyən etmək istədikdə Quranın yeni ecazları ortaya çıxır ki, hər biri barədə ayrı-ayrılıqda mütaliə və tədqiqat aparmaq lazımdır.
Başlanğıc
Quran üç yerdə bütün məxluqatın ilk olaraq sudan yaradıldığından xəbər verir. Həmin ayələrdən birində buyurulur (və cəəlna minəl mai kullə şəyin həyyən) “…hər bir canlını sudan yaratdı” (Ənbiya, 30). Burada diqqəti çəkən məqamlardan biri də Quranda su kəlməsinin müxtəlif mənalarda, o cümlədən nütfə (sperma) mənasında da işlənməsidir. Həmin surələrdən biri də (huvəlləzi xələqə minəl mai bəşərən) “İnsanları sudan (nütfədən) yaradan Odur” (Furqan, 54). Lakin bütün bunlarla yanaşı, Quran insanın yaradılış prosesinin başlanğıcında torpaq, palçıq və gil kimi ünsürlərdən də söz açır. Bəs bunlar bir araya necə gələ bilir? Bunları başa düşmək üçün biz Quranda eyni həqiqətdən bəhs edən “nəfsin vahidətin” (vahid nəfs) ifadəsini də nəzərdən qaçırmamalıyıq. Bəs vahid nəfs nə deməkdir? Onun mahiyyəti nədən ibarətdir? Vahid nəfs canlı varlıq obrazını təqdim edir. Və bu mərhələ insanın yaradılış prosesində çatdığı son mərhələdir. Yaradılışla qarşımıza çıxan başqa bir məqam tək bir nəfərin deyil, bütün insanların torpaqdan yaradıldığından xəbər verən ayələrdir. Həmin ayələrdə biz (xələqnakum min turabin) “sizi torpaqdan yaratdıq” (Həcc, 5) ifadəsindən istifadə olunur. Nuh surəsinin 15-ci ayəsində isə tam fərqli və çox mənalı ifadədən istifadə olunur: (vəllahu ənbətəkum minəl ərzi nəbatən) “Və Allah sizi yerdən (torpaqdan) bir bitki kimi göyərtdi”. Göründüyü kimi, yaradılış barədə yeni ifadələr meydan gəlincə tam fərqli yanaşma tərzləri və yeni suallar da yaranır, Quranı araşdıran hər bir kəs onların arasındakı əlaqələri üzə çıxarmalıdır.
Yaradılış sirri
(II hissə)
Ötən sayımızda Quran ayələrinə əsaslanaraq tək insanın deyil, bəlkə bütün varlıqların sudan yaradıldığından və insan adlı varlığın yaradılışında torpaq, gil, palçıq və s. kimi ünsürlərin rol oynadığından söz açmışdıq.
Qeyd etdik ki, istər yaradılış aləmi olsun, istərsə də onun içində qərar tutan insan bir neçə mərhələdə yaradılmışdır. Amma yanlış anlaşılmasın deyə, onu da qeyd etmək istəyirik ki, mərhələli deyildikdə heç də bir vaxtlar Darvinin irəli sürdüyü təkamül nəzəriyyəsi nəzərdə tutulmur. Belə ki, mərhələli yaradılış, təkamül adlandırılan cərəyandan tam fərqli gerçəklikdir. Çünki mərhələli yaradılışda bir ünsürün başqa bir hala düşməsi və bu mərhələnin bir neçə dəfə təkrarlanması, təkamül deyildikdə isə bir canlının başqa bir canlıya çevrilməsi nəzərdə tutulur ki, bu da İlahi qanunlara ziddir. Yəni yaradılışdan söz açmaq heç də təkamül nəzəriyyəsinə meydan vermir, verə də bilməz!
İlk insan
Quran ilk yaradılan insan üçün iki kəlmədən istifadə edir: “bəşər” və “insan” (Sad və Hicr surələri). Hər iki surədə insan adlı varlığın torpaqdan və sudan yaradıldığına işarə olunur və bir yerdə insan, başqa bir yerdə isə bəşər kəlməsindən istifadə olunur. Quranın təqdim etdiyi yaradılış mərhələsini darvinizmdən fərqləndirən başlıca cəhət də elə budur. Yəni Qurana görə həm insanı, həm də insanın yaranmasında əsas ünsür olan su və torpağın da yaradıcısı Allahdır! Bir halda ki, darvinizmdə yaradılışdan söhbət belə getmir. Burada müzakirə olunan mövzu bir varlığın başqa bir varlığa çevrilməsidir. Və bunu biz elm adlandıra bilmərik. Çünki elm adlandırılan gerçəklik bütün dövr və şəraitdə eyni nəticəni verməlidir. Bir halda ki, Darvinin iddiasında bunu müşahidə edə bilmirik. Yəni belə bir iddia irəli sürüldükdən sonra kimsə bir canlının (öz zahiri görünüşünü müəyyən qədər dəyişsə də) başqa bir varlığa çevrilməmişdir. Və insanın başqa bir varlıqdan yarandığını nə İslam, nə də təhrifə məruz qalmış digər səmavi dinlər də qəbul etmir. Darvinizm nəzəriyyəsinin əsassız olduğu qeyd olunan surələrdəki “bəşər” və “insan” ifadələri də bunu sübuta yetirir. Belə ki, insanı yaradan Allah onun su, torpaq, gil və s. halları üçün də “bəşər” və “insan ” kəlmələrindən istifadə edir. Və darvinizmi yalnız o qədər ciddi nəzəriyyə hesab etmək olardı ki, bəşər və insan kəlmələri onun son və yekun mərhələsi üçün istifadə olunaydı. Bir halda ki, Quranda biz bunun tam əksini görürük.
Cənnətdən yer üzünə
Adəmin Cənnətdə yaradıldığı üzərində dayananlar onun yer ünsürlərindən, lakin Cənnətdə, yer üzü üçün yarandığı qənaətindədirlər. “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”. (Bəqərə, 35). Onlar öz fikirlərinin İlahi ssenari olduğunu sübuta yetirməyə çalışır, onun qadağan olmuş meyvədən istifadə olunmasına gəlincə, bunu günah kimi deyil, sadəcə unutqanlıq üzündən olduğunu və bu unutqanlığa görə də tövbə etdiyi və yalnız bundan sonra yer üzünə endirildiyini söyləyirlər. Yəni Adəmin timsalında sonra yer üzündə doğub-törəyəcək insanlara İlahi nemətlərin qədrini bilmək, bilmədikdə ondan məhrum olma ehtimalı təqdim olunur. Onu da qeyd edək ki, Adəmin necə və nə zaman Cənnətdə qərar tutması haqda Quranda hər hansı bir məlumat verilmir. Bizə məlum olan onun qadağan olan meyvədən yeyib oranı tərk etməsidir. Elə isə Adəmin yer üzündə deyil, Cənnətdə yaradıldığı və oradakı həyatı barədə məlumatlar hardan əldə olunub? Nəzəriyyə sahibləri bunu Peyğəmbərdən (s) nəql edilən mötəbər adlandırdıqları hədislərlə sübuta yetirməyə çalışırlar.
Cənnət… hansı Cənnət?!
Adəm Cənnət adlı məkanda yaradılmışsa, o hansı Cənnət olmuşdur? Ümumiyyətlə Quranda Cənnət təqdimatı necə olunur? Qurana görə Cənnət möminlərin (əməlisaleh insanların) mükafat olaraq əbədi məkanıdır. Və buradan belə bir sual yaranır: Əgər Adəm doğrudan da yer üzünün ünsürlərindən yaradılıb sonra Cənnətə aparılmışsa və etdiyi günaha (və ya unutqanlığına görə) necə əbədi məkandan çıxarıla bilərdi?! Bildiyimiz kimi, Allah-Taala Öz kitabında verdiyi vədə qarşı çıxmadığından xəbər verir. Adəmin Cənnətdə yaradıldığını hesab edənlərə “o necə Cənnətdir ki, ora şeytan belə yol tapa bilir?” sualına Qurandan heç bir əsası olmayan belə bir cavab verirlər: Şeytan Allahın dərgahından qovulduqdan sonra qazandığı addır. Belə ki, bundan əvvəl onun adı İblis (və ya Əzazil) olmuş və o neçə min mələklərlə birlikdə namaz qılmışdır. Bir halda ki, Quran Kəhf surəsində İblisin mələklərdən deyil, cinlərdən olduğunu açıq aşkar bəyan edir: “(Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə “Adəmə (təzim məqsədilə) səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən idi” (50-ci ayə). Amma buradan belə bir sual yaranır: İndiki İblis mələklərdən biri olmamış və yaradılış baxımından da cin olaraq onlardan fərqli olmuşsa, onda nə üçün Allah-Taala ona da mələklərlə birlikdə Adəmə səcdə etməsini əmr edir? Cavabını deyə bilərik ki, qeyd olunan ayə ilə yanaşı, Allahın birbaşa İblisə müraciət etdiyini də biz Quranda görürük. Əraf surəsinin 12-ci ayəsi buna misal ola bilər: “(Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu”. Elə isə nə üçün bir yerdə Allah mələklərlə İblisə birlikdə, bir yerdə isə təklikdə müraciət edir. Bunu başa düşmək üçün çox sadə misala ehtiyac duyuruq. Bir sinifdə 30 şagird varsa və onların 25-i əlaçı, 5-i isə tənbəldirsə, Allah 25 nəfərə xas xüsusiyyətlə müraciət edər. Bunu nəzərdə tutaraq Quranda mələklərin Allah qarşısındakı itaətkarlığını bəyan edən üç ayəyə nəzər yetirdikdə də onların İlahi əmrə birmənalı olaraq itaət etdiklərini və bir an da olsun Onun əmrindən çıxmadıqlarını görürük.
Cə-ələ və xələqə
Hazırkı ardıcıllıq baxmından Adəm barədə verilən ilk xəbər Bəqərə surəsinin 30-cu ayəsinə aiddir. Bəzi tərcümələrdə ayədə istifadə olunan “cə-ələ” kəlməsi yanlış olaraq “yaratmaq” mənasında da qələmə verilmişdir. Bir halda ki, burada yaradılış deyil, hansısa vəzifəyə təyin olunması nəzərdə tutulur. Belə ki, “cəələ” ərəb dilində “bir şeyi haradasa qərar vermək” mənasını verir. Lakin bununla razılaşmayanlar Hicr surəsinin 28-ci və Sad surəsinin 71-ci ayələrində “xələqə” kəlməsinin məhz yaratmaq mənasında istifadə olunduğunu əsas gətirirlər.

  1. (və iz qalə rəbbukə lilməlaikəti inni xaliqun bəşərən min səlsalin min səmain məsnun) – “(Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!”.
  2. (və iz qalə rəbbukə lilməlaikəti inni xaliqun bəşərən min tinin) – “(Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan (Adəmi) yaradacağam”.
    Bəli, hər iki ayədə “cəələ” kəlməsi yaratmaq mənasında istifadə edilib. Lakin diqqət yetirmək lazımdır ki, hər iki yerdə “cəələ” kəlməsi ilə yanaşı, insanın yaradılışında istifadə olunan “səlsal” və “tin” palçıq kəlmələrindən istifadə olunur. Eyni surədə (Sad surəsində) “cəələ” kəlməsi Davud peyğəmbər (ə) barədə də istifadə olunaraq onun yer üzündə xəlifə təyin edildiyinə işarə olunur.

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …