Bazar , 17 Noyabr 2024
Drone Cameras

İsrail Prezidentinin COP29-da iştirak üçün Bakıya nəzərdə tutulan səfəri ləğv edilib

İsrail bunu təhlükəsizliklə əlaqələndirir, Azərbaycan isə Türkiyənin icazə verməməsi ilə

İsrail Prezidenti İshaq Hersoqun Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün planlaşdırılan səfəri ləğv edilib.

“Ynet”-in yazdığına görə, bu məlumat Azərbaycan və İsraildəki mənbələr tərəfindən təsdiqlənib.

İsrail Prezidentinin ofisinin rəsmi açıqlamasında COP29-a səfərin “təhlükəsizlik səbəbi ilə” ləğv edildiyi bildirilsə də, ev sahibi Azərbaycan əsl səbəbin Türkiyənin “Wing of Sion” təyyarəsinin öz hava məkanından keçməsinə icazə verməməsi olduğunu bildirib.

Prezident Hersoq noyabrın 19-da  COP29-da iştirak etmək üçün Bakıya gəlməli idi. Uçuşun “Wing of Sion” təyyarəsi ilə həyata keçirilməli olduğu bildirilirdi. Lakin intensiv diplomatik səylərə baxmayaraq, Türkiyə uçuş üçün hava dəhlizi təqdim etməyi rədd edib.

İlk olaraq, İsrail Prezidentinin ofisi səfərin ləğvi səbəbi kimi “təhlükəsizlik məsələlərini” göstərib. Bu açıqlama isə Azərbaycan rəsmilərinin tənqidinə səbəb olub.  Azərbaycan Xarici İşlər Nazirliyinin yüksək səviyyəli nümayəndəsi qeyd edib ki, Bakı dünyada ən təhlükəsiz şəhərlərdən biridir və burada Avroviziya və Avropa Oyunları kimi böyük beynəlxalq tədbirləri uğurla həyata keçirib.

Şənbə günü gecə İsrail Prezidentinin ofisi elan edib ki, “vəziyyətin qiymətləndirilməsi və təhlükəsizlik səbəbi ilə ölkə Prezidenti Azərbaycanda iqlim konfransına səfərini ləğv etmək qərarına gəlib”. İsrail rəsmiləri bunun təhlükəsizlik xəbərdarlığı ilə bağlı olduğunu bildiriblər.

“İsrailin bu tərzi azərbaycanlıların xoşuna gəlməyib və Azərbaycan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmisi “Caliber News” saytına bildirib ki, İsrail Prezidentinin səfərinin ləğv edilməsinin səbəbi heç də təhlükəsizliklə bağlı deyil, Türkiyənin tətbiq etdiyi qadağa ilə bağlıdır” – “Ynet” yazıb.

“Təəssüf ki, diplomatik kanallar vasitəsilə bir neçə gün davam edən intensiv danışıqlar nəticə vermədi. Azərbaycan iqlim konfransında bütün tərəflərin iştirakı üçün müvafiq şərait yaradıb, lakin İsrail Prezidentinin səfəri ilə bağlı vəziyyət bizim ölkədən asılı olmayan səbəblərdən yaranıb“, – mənbə əlavə edib.

“Bakının dünyanın ən təhlükəsiz şəhərlərindən biri olduğunu söyləmək mübaliğə olmaz”, – mənbə iddia edib. “Bunu bu ilin mayın 30-da Bakıya səfər edən Prezident Hersoq da daxil olmaqla çoxlu sayda İsrail rəsmilərinin Azərbaycana gəlməsi də təsdiqləyir. 2016-cı ildə Baş nazir Netanyahu da Azərbaycana bir günlük səfərə gəlmişdi”.

Bakıya gələn israilli nazirlər bunu Gürcüstan ərazisindən keçən kommersiya reysləri ilə ediblər. İsrail Prezidentinin niyə oxşar marşrutu seçmədiyi, lakin “Wing of Sion” ilə uçmağa qərar verdiyi bəlli deyil.

Noyabrın 11-dən 22-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası keçirilir.

Check Also

Əliyev Avropa Şurasının Baş katibi ilə görüşündə gözləntilərini açıqlayıb

“COP29-da yeni maliyyə hədəfinin müəyyən olunacağına ümidvaram” Noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının …