“Rustavi 2” telekanalının efirində jurnalistin Rusiya lideri Vladimir Putini təhqir etməsindən sonra Rusiya Federasiyasından olan turistlər kütləvi surətdə bu ölkənin otellərində sifariş etdikləri nömrələrdən imtina edirlər.
boyukmillet.com Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, “RİA-Novosti” bu barədə Gürcüstanın otellər və restoranlar assosiasiyasının başçısı Şalva Alaverdaşvilinin Facebook-da yazdığını bildirib.
“2019-cu ilin necə başladığı hamımızın yaxşı yadındadır. Əvvəlcə turizm sektoru viruslara görə xeyli ziyana düşdü, sonra yavaş-yavaş dirçəlməyə başladıq, may yanvarı, iyun fevralı tənzimlədi, sonra isə Qavrilovla (Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov – red.) olan vəziyyət… Biz insanları Gürcüstanda dincəlmək üçün razı salmışdıq, hamımız inanırdıq ki, əməyimiz nəticə verəcək, sonra isə dünənki hal baş verdi. Bu səhərdən etibarən turistlər heç bizimlə əlaqə də qurmurlar. Sadəcə hamısı kütləvi surətdə bronlarını ləğv edirlər”, – Alaverdaşvili Facebook-da yazıb.
Assosiasiya rəhbəri qeyd edib ki, özü və komandası gürcü məhsullarını maksimal surətdə populyarlaşdırmağa çalışıblar, məqsədləri də ölkə iqtisadiyyatını xilas etməkdir.
“Kim olursunuz-olun, istər hökumət, istər də müxalifət – öz aranızda həll edin, bizə isə öz işimizi görməyə imkan verin. Ölkəni öz siyasi ambisiyalarınıza qurban verməyin”, – o, əlavə edib.
Bu arada, Gürcüstanın Baş naziri Mamuka Baxtadze, “Rustavi 2” telekanalının efirində aparıcının Rusiya rəhbərliyi ünvanına səsləndirdiyi təhqiramiz ifadələri təxribat adlandırıb.
Baxtadzenin fikrincə, bu təxribatın arxasında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və onun “Vahid Milli Hərəkat” partiyasından olan komandası dayanır.
“Qəbuledilməz ifadələr bir jurnalistin bəyanatı deyil. Bu “Vahid Milli Hərəkat” və onun rəhbərindən Gürcüstan xalqına qarşı illərdir mövcud olan aqressiyadır”, – deyə Baş nazir jurnalistlərə bildirib.
Baxtadze aparıcının çıxışını “məqsədi ölkədəki vəziyyəti gərginləşdirmək və ölkənin milli maraqlarına zərbə vurmaq olan çirkli təxribat” adlandırıb: “Heç kimdə bu alınmayacaq. Biz, Gürcüstan, bu cür ssenarinin həyata keçməsinə imkan verməyəcəyik”.