Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ayna Fərhad yazır-Kələkidə doğan günəş

Hər sübh çağı günəş doğub şəfəqlərini dünyaya saçar. Bir çox şəxslərə, xüsusilə də yaradıcı insanlara müsbət təsir edər. Onun doğumu ilə başlar aydın sabahlar. Elə yeni günlər, yeni fikirlər də…

Türk dünyasının liderlərindən olan Əbülfəz Elçibəy də aydın sabahlara doğan günəş kimi idi. Bir dəfə yazmışdım, bir də qeyd edirəm. Elçibəy ömrünə vaxtsız xəzan yeli əsən şəxslərdəndir. Öncə şəhid övladıdır. Sovetlərə üsyan etdiyi üçün o dövrün siyasi məhbuslarından idi. Haqsız səbəbdən ömrünün bir ili dəmir barmaqlıqlar arasında keçmişdi. Brend kostyumlar geyinmədi, bahalı saatlar taxmadı, lüks evlərdə yaşamadı. Ailəsi Kələkidə, özü Bakıda – qardaşıgildə yaşadı. Ömrünün son günlərinə qədər vətəni, davası və xalqı üçün yaşadı. Bir il hakimiyyəti dövründə yalnız xalqının xeyrinə qərarlar verdi.

Elçibəyçilər, yazdığım və yazmadığım hər şeyi yaxşı bilirsiniz. Başda aydın sabahlara doğan günəş yazmışdım. Milli ruhda, vətənpərvər təfəkkürdə, Bütöv Azərbaycançılıq ideyası üzərində parlayan günəş idi Bəy… Xalqı ilə birləşərək sovet imperiyasının belini qırmışdı. Azərbaycanı müstəqilliyə qovuşdurmuşdu. Xərçəngə də qalib gələrdi – əgər vicdansız insanların xəyanətlərini dərd etməsəydi…

Onun yüksək və nəcib insani keyfiyyətləri, əxlaqı, siyasi baxışı, tarixi bilgiləri, vətənini canı qədər sevməsi hər bir Azərbaycan gəncinə örnəkdir. Çünki özü deyirdi: “Vətənini sevən özü üçün doğular, xalqının xoşbəxtliyi üçün ölər”.

1938-ci il, 24 iyun… Bu tarix Elçibəyin doğum tarixidir. Yaşasaydı, bu gün Əbülfəz Elçibəyin 82 yaşını qeyd edəcəkdik. Çox təəssüflər olsun ki, aramızda yoxdur. İnşallah bir gün Qarabağımız, Güney torpaqlarımız birləşəcək, Bütöv Azərbaycan kimi bir olacaq, bütöv olacaq, güclü olacaq. Bəyin ruhu da elə həmin gün şad olacaq.
Doğumun mübarək olsun, Kələkidən müstəqil Azərbaycana qədər doğan günəş.

Ayna Fərhad

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …