AMEA Tarix İnstitutunun əməkdaşı, tarix elmləri üzrə fəlsəfə doktoru Dilavər Əzimlinin müalicəsini fövqəladə hallar naziri Kəmaləddin Heydərov nəzarətə götürüb.
Bu barədə millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məlumat yayıb.
Millət vəkili bildirib ki, tanınmış tarixçi alim Dilavər Əzimli koronavirus səbəbiylə FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə aldığı üçün nazir Kəmaləddin Heydərova müraciət edib:
“Nazir Kəmaləddin Heydərovla danışdıq, dostların, ziyalıların narahatlığını bölüşdük. Hörmətli nazir xəstəxananın baş həkimi ilə danışaraq, xəstənin vəziyyəti ilə yaxından maraqlandı və bir daha bildirmək istərdim ki, həkimlərimiz bugünədək Dilavər müəllimə (eləcə də digər xəstələrimizə) əllərindən gələn şəfqəti əsirgəmədikləri kimi, bundan sonra da öz xüsusi diqqətlərini əsirgəməyəcək, ona həssaslıqla yanaşacaqlar. Minnətdarlıqla bildirmək istərdim ki, nazir alimin müalicəsinin gedişini şəxsi nəzarətinə götürmüşdür”.