Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Kafe-restoranlarda iftar məclisləri kütləvi yoluxma mənbələrinə çevrilir – qonşu ölkələr sərt iftar məhdudiyyətlərinə başladı…

Samir Adıgözəlli: “…məhdudiyyətlər tətbiq edilməlidir”

Bəziləri hesab edirlər ki, respublika üzrə yoluxma səviyyəsi aşağı düşdüyü üçün kütləvi iftar məclisləri keçirmək, ibadət üçün məscidlərə getmək, restoran və kafelərdə yığıncaqlar gerçəkləşdirmək olar. Bu da sirr deyil ki, bəzən gizlin, bəzən aşkar iaşə obyektlərində iftar süfrələri açılır. Şübhəsiz ki, yoluxma dinamikasının enməsi heç də bu cür kütləvi məclislərin keçirilməsinə əsas vermir və yoluxmanın səviyyəsinin düşməsi heç də vətəndaşlarda arxayınçılıq yaratmamalıdır.

İaşə obyektlərində açıq, yaxud gizlin iftar məclislərinin təşkil edilməsi nəticəsində sözsüz ki, kafe və restoranlarda sıxlıq müşahidə edilir. Ekspertlər qeyd edirlər ki, pandemiyanın hələ “oyaq” olduğu bir vaxtda iaşə obyektlərində kütləvi iftar məclislərinin təşkil edilməsi, üstəlik də təhlükəsizlik qaydalarına əməl edilməməsi, qaydaların gözlənilməməsi daha ağır fəsadlara səbəb ola bilər. Çünki bundan əvvəl də bu hal müşahidə edilib və restoranların açılması, gizlin yas məclislərinin keçirilməsi nəticəsində virusun daha sürətlə artım dinamikası müşahidə edilmişdi.

Məsələ burasındadır ki, müxtəlif müsəlman ölkələrində də Ramazan günlərinin, iftar məclislərinin iaşə obyektlərində keçirilməsinə rəsmi qadağalar qoyulub. 

Məlum olduğu kimi, aprelin 29-dan 17 may tarixinə qədər Türkiyədə tam lokdaun olacağını elan edilib.  Misirdə Ramazan bayramı ilə bağlı xeyriyyə məclisləri qadağan olunub, Dağıstan müftisi müsəlmanları pandemiyaya görə məscidlərə getməkdən çəkinməyə çağırıb. Onu da qeyd edək ki, bir sıra müsəlman ölkələrində pandemiya ilə bağlı qərarlar verilib və kütləvi olaraq məscidlərdə ibadət etmək və sair qadağan edilib.

Onu da qeyd edək ki, Qaqfaz Müsəlmanları İdarəsi pandemiya ilə əlaqədar olaraq Azərbaycanda bu il Ramazan bayramında camaat namazı qılınmayacağını açıqlayıb.

Eksperlərin fikrincə, pandemiya ilə qlobal mübarizəyə Azərbaycan böyük töhfələr verib, eyni zamanda da ölkəmizdə pandemiya ilə mübarizədə olduqca gərəkli və mütəşəkkil tədbirlər həyata keçirilib, bu gün də keçirilməkdədir. Yoluxmanın azaldığı bir dövrdə vətəndaşların üzərinə daha da böyük məsuliyyət düşür. 

  • “Bilməliyik ki, kafe və restoranda kütləvi iftar məclislərində iştirak etmək bizi məyus edə bilər, koronavirusun qurbanına çevirər”

İSBAM sədri Samir Adıgözəlli hesab edir ki, restoran və kafelərdə kütləvi iftar məclislərinin təşkili fəlakətlərə yol açır. Ekspertin sözlərinə görə, artıq dünyanın bir çox müsəlman ölkəsində iftar məclisləri, hətta xeyriyyə məclislərini belə qadağan edən rəsmi addımlar atılıb. “Ümumiyyətlə, iaşə obyektlərində iftar məclislərinin keçirilməsinə rəvac verilməməlidir, insanlar kütləvi yığıncaqlardan çəkinməlidirlər. Restoran və kafelərin açılması o demək deyil ki, biz gedib orada kütləvi məclis keçirək. Görülən tədbirlər, qoyulan qadağalar insanların sağlamlığının təmin edilməsi üçündür. Dövlət təhlükəsizliyimizi hər addımda düşündüyü kimi, biz də öz məsuliyyətimizi anlamalıyıq. Vətəndaşlarımız yoluxma sayının azaldığını görüb sevinirlər, amma bu rəqəmlərə arxayın olmaq, iaşə yerlərində müəyyən sıxlıqların yaşanmasına yol vermək olmaz. Vətəndaşlar bilməlidirlər ki, ya evində, ya da iaşə müəssisələrində, kafe və restoranlarda iftar məclisi təşkil etmək, yaxud bura qonaq kimi qatılmaq böyük təhlükə deməkdir. Bilməliyik ki, kafe və restoranda kütləvi iftar məclislərində iştirak etmək bizi məyus edə bilər, koronavirusun qurbanına çevirər”.

S.Adıgözəllinin sözlərinə görə, iftar məclislərində, adətən, insanlar kütləvi iştirak etdikləri üçün daha çox təhlükə mənbəyinə çevrilirlər. O hesab edir ki, bəzi restoran və kafelərin şəraiti heç bu cür məclislərin təşkilinə imkan vermir. “İki nəfər belə gedib restoranda, kafedə iftar açmaq istəyirsə belə, görürsən ki, həmin yerdə nəfəs darlığı yaranır. Yəni restoran və kafelərimizin çoxunda havalandırma sistemi düzgün quraşdırılmayıb, masaların düzülüşü qaydasında deyil. İctimai iaşə yerlərini işlədən vətəndaşlarımız özləri də öz şəraitlərinə baxmalı, nöqsanlarını görməli, onları düzəltməli və sonra müştəriləri cəlb etməyi düşünməlidirlər. Amma bunlara əhəmiyyət verilmir, müştərini cəlb edirlər, gəlib iftar açırlar, buradakı şərait müştəriyə problem yaradır”.

S.Adıgözəlli hesab edir ki, Ramazan günlərində iaşə müəssisələrində monitorinqlər aparılmalı, inzibati metodlar işlək olmalı, bu istiqamətdə proses getməli, eyni zamanda da ictimai nəzarət gücləndirilməlidir. Müsahibimizin sözlərinə görə, başqa islam ölkələrində olduğu kimi, bizdə də restoranlara, kafelərə iftar məclisləri ilə bağlı məhdudiyyətlər qoyulmalıdır: “Fikrimcə, başqa müsəlman ölkələrində olduğu kimi, ölkəmizdə də kafe və restoranlara qarşı kütləvi iftar süfrələri təşkil etməklə bağlı məhdudiyyətlər tətbiq edilməlidir. Çünki buna zərurət var. Restoran və kafelərin çoxunda pandemiya ilə bağlı təhlükəsizlik tədbirlərinə elə də riayət olunmadığı faktdır” – deyən S.Adıgözəlli hesab edir ki, hər kəs, ənənəvi olaraq, öz ailəsi, yaxınları ilə iftar məclisinə toplaşardı, amma indiki şərtlər buna imkan vermir və insanların həyatını, sağlamlığını risq altına atır. “Ona görə də bu gün həmin xeyirxahlığımızı, Allah rizası üçün etdiklərimizi bir başqa şəkildə həyata keçirə bilərik. Bu istiqamətdə din xadimləri çox böyük işlər görməli, maarifçilik işləri aparmalıdırlar. Təəssüf ki, din xadimlərimiz tərəfindən bu sahədə təbliğat çox zəif aparılır. Din xadimləri xalqa müraciət etməlidirlər. Türkiyə çox düzgün qərar qəbul edib və bir ay orucluq ayıdır, bu ay çərçivəsində də iftar məclisləri çox olacaqdı, insanlar restoran və kafelərə gedəcəklər, yoluxma artacaq, ona görə də qardaş ölkə ciddi karantin rejiminə keçdi. Digər müsəlman ölkələri də həmçinin. Bu gün Azərbaycanda yumşaldılmış karantin rejimidir, amma bundan sui-istifadəyə yol verilməməlidir ki, insanların həyatını təhlükəyə atmayaq” – deyə S.Adıgözəlli vurğuladı.

İradə SARIYEVA

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …