Türkiyənin Diyarbəkir vilayətinin Kayapınar rayonunda keçirilən əməliyyat zamanı Servet Can adlı keçmiş siyasətçi 44 kiloqram narkotik maddə ilə saxlanılıb.
Boyukmillet.com xəbər verir ki, bununla bağlı Türkiyənin müxalifyönlü “Sözcü” qəzeti məlumat yayıb.
Qəzetin xəbərinə görə, Servet Can əvvəllər hakim Ədalət və İnkişaf Partiyasının rayon təşkilat sədri olub.
Məlumata görə, polisə daxil olan əməliyyat məlumatı əsasında 34 GSH 970 dövlət nömrə nişanlı avtomobil Van-Diyarbəkir istiqamətində hərəkət edərkən Silvan girişində dayandırılıb.
Aparılan axtarış zamanı 63 bağlamada qablaşdırılmış ümumilikdə 44 kiloqram narkotik maddə aşkar edilib.
Araşdırmalar zamanı avtomobildə İstanbul və Ankaraya aid iki fərqli dövlət nömrə nişanı, eləcə də Servet Cana məxsus könüllü kənd mühafizəçisi vəsiqəsi tapılıb.
Can prokurorluqda verdiyi ifadəsində bildirib ki, rayon sədri olduğu dövrdə ona mühafizə qərarı verilib və istifadə etdiyi nömrə nişanları rəsmi şəkildə ona təqdim olunub.
O, həmçinin Yüksekova rayonuna getdiyini, lakin sərhəddən İrana keçidin axşam saat 22:00-dan sonra mümkün olmadığını öyrəndikdən sonra bu səfərdən imtina etdiyini deyib.
Can bildirib ki, Yüksekovada bəzi şəxslərdən 30 karton qaçaq siqaret alıb və həmin siqaretlərin Diyarbəkirə aparılmasını xahiş ediblər. O da bunun müqabilində pul alacağını iddia edib.
Şübhəli Diyarbəkirə doğru 4 çamadanla yola çıxdığını, yolboyu yalnız Siirtdəki Veysel Karani türbəsində qısa müddət dua etmək üçün dayandığını qeyd edib.
Servet Can avtomobildə aşkar edilən narkotik maddələrin ona məxsus olmadığını bildirib. Onun sözlərinə görə, narkotik maddələr qaçaq siqareti verən şəxsə aid ola bilər.
Lakin həmin şəxsin ünvanını, şəxsiyyət məlumatlarını və telefon nömrəsini bilmədiyini deyib.
Hadisədən üç ay sonra verdiyi əlavə ifadədə Can çamadanları avtomobilə Metin Gürgen adlı şəxsin yerləşdirdiyini iddia edib.
Gürgen isə ittihamları qəbul etməyərək narkotik maddələrlə heç bir əlaqəsinin olmadığını və günahın üzərinə atıldığını bildirib.
Diyarbəkir Prokurorluğu istintaqı yekunlaşdıraraq Servet Can və Metin Gürgen barəsində 20 ilə qədər həbs cəzası tələbi ilə məhkəməyə müraciət edib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
