30 ilə yaxındır fəaliyyət göstərən Keşlə bazarı sökülmək təhlükəsi ilə üz-üzə qalıb. Bakının baş planında nəzərdə tutulan layihəyə əsasən, “Koroğlu” metrosundan Həsən Əliyev küçəsinə kimi avtomobil yolu inşa olunacaq.
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli deyir ki, bazarın söküləcəyi hələ dəqiq bilinmir, ərazidə tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır.
Üfüqdə buldozer görən satıcılar xəbəri eşidər-eşitməz iş yerlərini itirəcəklərinin nigaranlığı içində qalıblar. Bazarda geyim satan 72 yaşlı Şövkət Bayramova buranın söküləcəyi təqdirdə icarədarların başqa bir yerlə təmin olunmasını tələb edir.
Keşlə bazarında balıq satanlardan tutmuş, ayaqqabı təmirçisinə kimi tapmaq olar. 30 illik tarixi olan bazarın özünəməxsus, azdan-çoxdan müştəri bazası da var.
Həyatlarının çox hissəsini bazarda keçirən işçilər burada icarə qiymətlərinin də münasib olduğunu deyir. Bazarın sökülüb-sökülməyəcəyi, bu qərarın nə zaman rəsmi şəkildə açıqlanacağı bəlli deyil. Ancaq işçilər deyir ki, bu xəbər yayılandan bazarın müştəriləri azalıb.