Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Kikboks üzrə beşqat dünya çempionunun məhkəmə hökmü qalmaqal yaratdı

Beşbarmaqla alimi ölümcül döyən Ehiram Məcidova cəmi 3 il 6 ay cəza verilməsi prokurorluğu silkələyib

Bakı Apelyasiya Məhkəməsində kikboks beşqat dünya çempionu Ehram Məcidovun barəsindəki hökmdən prokurorluğun verdiyi protestə və zərərçəkən tərəfin şikayətinə baxılır.  Qeyd edək ki, Ehram Məcidov “Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisidir.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən qismində alim Bəhruz Dilbazi tanınır. İş üzrə məhkəmə tibb ekspertizasının rəyi ilə tanış olanda belə təəssürat yaranır ki, beşqat dünya çempionu özünü döyüş meydanında, alim Bəhruz Dilbazini isə bütün dünyada tanınan rusiyalı döyüşçü Həbib Nurməhəmmədov bilib.

Tibbi ekspert verdiyi rəydə Bəhruz Dilbazinin kəllə-üz sümüklərinin qəlpəli sınıqları, dişlərinin zərbələrin təsirindən kökündən tökülməsi, sınması, çənəsinin sınması, sağ qolu sümüyünün sınığını müəyyən etdiyini yazır. Qeyd edir ki, həmin xəsarətlər Bəhruz Dilbaziyə küt alətlə yetirilib.  

Bütün bunlardan sonra Ehram Məcidov həbs olunub, iş 3 maddə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Eldar İsmayılov iş üzrə bu məhkəmənin tarixində görünməmiş hökm çıxarıb. Həmin hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin qanunlardan əvvəl elə məhkəmənin adının mahiyyətinə ziddir. Heç bir tərəddüdsüz bu, Ağır Cinayətlər Məhkəməsində verilmiş  ən yüngül cəza adlandırıla bilər. 

Əlbəttə ki, belə bir cinayətə görə 3 il 6 aylıq cəza zərərçəkəni qane edə bilməzdi. Prokurorluq da sanksiyasının aşağı həddi 8 il olan maddələrlə təqsirləndirilənə görünməmiş cəzaya reaksiyasız ötüşə bilməzdi.

“Belə çıxır ki, idmançılara adamları ölümcül döymək, ömürlük şikəst eləmək izni verilir?”

Zərərçəkən Bəhruz Dilbazi deyir ki, artıq işlə bağlı ölkə rəhbərliyinə şikayət ünvanlayıblar. Ümid edirlər ki, hakim Eldar İsmayılovun qanunsuz hökmü ləğv olunacaq, Ehram Məcidov layiq olduğu cəzaya çatdırılacaq: “Təsəvvür edin ki, hakim Eldar İsmayılov hökmdə yazır ki, Ehram Məcidovun idman nailiyyətlərini nəzərə alır, 2 maddəni çıxarır və ona 3 il 6 ay cəza kəsir. Belə çıxır ki, idmançılara adamları ölümcül döymək, ömürlük şikəst eləmək izni verilir? Belədirsə, biz də bir idmançı tapaq, onu şikəst eləsin… Azərbaycan məhkəməsində hakim özünü mafiyanın nümayəndəsi kimi aparmamalıdır. 

Üstəlik, Ehram Məcidov həbsdən çıxıb bizi öldürəcəyini də hakimin qulaqları eşidə-eşidə deyir. Azərbaycanda qanun varsa, bu işi araşdırmalı, Ehram Məcidovun etdiyi cinayətə ona vəkillik edəcək hakim deyil, müstəqil hakim qiymət verməlidir. Bu dərəbəyliyə, bu özbaşınalığa son qoyulmalıdır”.

“Qızım deyirdi ki, narkotikdən istifadə edir”

Zərərçəkən alim deyir ki, Ehram Məcidov idmançı adını qalxana çevirib: “Cavanlığımda mən də idmanla məşğul olmuşam. İdmançı əməli-saleh, sözündə düz olmalıdır. Ehram Məcidov isə yalan danışır, şər atır.  Məhkəmədə yalandan deyir ki, guya mən onu vurmuşam. Əgər mən onu vuracaqdımsa, həmin gün Binəqədi İcra Şöbəsinə niyə nəvələrimlə gedirdim? Bu qədər yalan olar? Həm də mən onun qızımla boşanmasından sonra da övladları ilə görüşməsinə, uşaqların ataları ilə normal münasibət qurmalarına çalışmışam. O, mənim qızımla 2007-ci ildə evlənib. 2009-cu ildə Tuncay, 2011-ci ildə Rəqimə dünyaya gəlib. Ailə münasibətləri normal idi. Sonradan Ehram pis vərdişlərə qurşandı, evdə dava-dalaş salmağa başladı. Qızım deyirdi ki, narkotikdən istifadə edir. Qızı uşaqların gözü qabağında vəhşicəsinə döyürdü. 2016-cı ilin sentyabrında artıq vəziyyət dözülməz həddə idi, qızım qayıdıb gəldi. Ərizə verdik məhkəməyə və 2017-ci ilin yanvarında nikah pozuldu. Bundan sonra yenə də qızımdan əl çəkmədi. Qızımın iş yerinə gedib deyirdi ki, onu öldürəcəyəm. Ona görə də qızım məcbur olub işdən çıxdı. Deyirdi ki, qız evə qayıtmalıdır. Feodal dönəmindəki kimi qaydalar qoyurdu. Deyirdi döyüb öldürsəm də, evimdə qalmalıdır. Bizdən əl çəkmirdi, təqib edirdi. Qızım da qayıtmaq istəmədi. Məhkəməyə müraciət etdik, evə, maşına həbs qoydular. Məlum oldu ki, evi də, maşını da qardaşının, bacısının ərinin adına keçirib”.

“Ehram Məcidov idman nailiyyətlərinin arxasında gizlənir”

Zərərçəkən deyir ki, Ehram Məcidov onun qızı ilə ailə həyatı quranda tanınan idmançı, çox yaxşı reputasiyası olub: “2-3 il normal həyatları oldu. Sonradan pis vərdişlərə qoşuldu, reketlik elədi, ”razborka”lara gedirdi. 2012-ci ildə onu “razborka” vaxtı bıçaqlamışdılar. 2014-cü ildə “Siti” hospitalın həkimini bıçaqladı, ölümcül yaraladı. Cəmiyyətdə də, evdə də idmançıya xas olmayan hərəkətlərə yol verirdi. İdmançının özündən zəifə, həm də qadına əl qaldırması onun ölümü deməkdir. Bunu idmanla məşğul olan hər kəs təsdiqləyə bilər. Ehram Məcidov isə idman nailiyyətlərinin arxasında gizlənir”.

“Hakim Eldar İsmayılov iş başlayandan Ehramın vəkili qısmində çıxış edirdi

Zərərçəkən deyir ki, qızı da ölkə rəhbərliyinə müraciət edib: “Ehram Məcidovun himayəçiləri var. Adlar çəkir, deputatların adlarını hallandırır. Deyir ki, mən bu məhkəmələrdən qurtaracağam, gəlib sizi öldürəcəyəm. Bu adam mənə beşbarmaqla ağır xəsarətlər yetirib. Üzümün sağ tərəfindən əməliyyat olunmuşam, üzümdə bir də əməliyyat olunmalıdır ki, plastinkalar çıxarılsın. Dişlərim sınıb tökülüb. Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov iş başlayandan Ehramın vəkili qısmində çıxış edirdi. Şahidlərə hakim də, Ehram Məcidovun tələbə adlandırdığı cinayətkar qrupu da məhkəmə zalındaca təzyiq edirdilər. Hakim reaksiya vermirdi. Hətta məhkəmədə hakimin gözü qabağında bizi təhqir edirdilər. Eldar İsmayılov çox vaxt özünü elə aparırdı ki, guya heç nə baş vermir. Ehram Məcidov hakimin qulaqları eşidə-eşidə deyirdi ki, mənə yüngül cəza veriləcək, çıxıb səni öldürəcəyəm. 3 maddə ilə ittiham verilmişdi ona. Hakim 2 maddəni qanunsuz olaraq çıxardı, Bakı Ağır Cinayətlər Məhkəməsində görünməmiş bir hökm çıxartdı. Üzümün bir hissəsində salamat sümük qalmayıb, beşbarmaqla mənə qarşı nəvələrimin gözü qarşısında cinayət törədilib. Cinayət dövlət idarəsində baş verib. Hakim bunları nəzərə almadı. Biri digərinə 1 sillə vurur, ona 3 il 6 ay cəza verilir. Bizə qarşı ağır cinayət etmiş Ehram Məcidova da 3 il 6 ay cəza verildi.  Hələ Bakı İstintaq Təcridxanasında üzləşmə zamanı da bizi müstəntiqin yanında açıq-aşkar hədələyirdi. Deyir ki, mən buradan tezliklə çıxacağam, siz mənə heç nə edə bilməyəcəksiz, gəlib sizin hamınızı öldürəcəyəm. Bu gün də həbsdə ola-ola bizlərə zəng edir və hədələrini davam etdirir”.

“Uşaqların gözünün qarşısında anasını yerə yıxıb əlindəki bıçaqla başını, qulağını kəsəcəyi ilə hədələyib”

 Zərərçəkən alim deyir ki, Ehram Məcidovun onlara qarşı cinayəti 2018-ci ilin sentyabrında baş verib: “Ali Məhkəmənin Ehram Məcidovun uşaqları ilə görüşmək haqda qərarı oldu. İlk görüş sentyabrın 1-nə təyin edildi. Görüşdə bizi hədələməyə başladı. Buna əhəmiyyət vermədik. Uşaqlar da ona yaxın getmirdi. Çünki uşaqların gözünün qarşısında anasını yerə yıxıb əlindəki bıçaqla başını, qulağını kəsəcəyi ilə hədələyib. Mən də uşaqlara deyirdim ki, atanızdır, gedin görüşün. Uşaqlar da deyirdi ki, o vəhşidir, anam kimi bizim də başımızı kəsər. Anamız kimi bizi döyər. Həmin gün görüşə məhkəmə icraçısı Bəxtiyar İsmayılov çağırmışdı. Görüş isə icra şöbəsində icraçı Vüqar Alıyevin otağında oldu. Vüqar Alıyev Ehram Məcidovla dostdur.  Vüqar Alıyev 2 ildir ki, maşın həbsdə ola-ola maşını alıb vermir. Qızım ondan Fikrət Məmmədova şikayətlər edib. Alıyevin balaca bir kabineti var. Orada uşaqlarla 10-15 dəqiqə söhbət elədi, onlarla birgə getmələrini istədi. Uşaqlar da getmirdilər. Dedi ki, sizi nənəniz, babanız öyrədib. Qəfildən qolumdan tutub başladı mənə zərbələr vurmağa. Mən oturmuşdum, ayağa qalxa bilmədim. Üzümün sağ tərəfinə dəfələrlə zərbələr vurdu. Dişlərim tökülüb, üz sümüklərim sınıb, sinirlərim dağılıb. Sağ qolum sınıb. Onun əlində beşbarmaq olmasaydı, qolum sınmazdı, üz sümüklərim bu dərəcədə parçalanmazdı. Mən qan içində idim, uşaqlar qışqırırdı, ağlayırdılar. Səs-küyə icraçılar gəldilər. Onu tutub apardılar. Polislər gəlib onu apardı və az sonra yenidən azad etdilər”.

“Görəsən, hakimin kürəkəni onun özünə qarşı belə etsəydi, eyni cəzanı verərdi?”

Zərərçəkən deyir ki, hakimlərin Ehram Məcidovun müdafiəçisi rolunda çıxış etmələri son nəticədə ona yüngül cəza verilməsi ilə nəticələnib: “Hakim Eldar İsmayılov uşaqdan məhkəmədə soruşdu ki, atan babanı nə ilə vurdu? Uşaq da dedi ki, əlində üzüklər vardı, onunla vururdu. Buna baxmayaraq, hakim ona 3 il 6 ay cəza verdi. Görəsən, hakimin kürəkəni onun özünə qarşı belə etsəydi, eyni cəzanı verərdi?”

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …