Mənim heç zaman dəbdəbəli evim olmayıb. Olubdur vaxtilə alçaq məhəllələrdə 1-2 otaqlı. Xaricdən gələndə almışam. Sonra onu ehtiyacı olan birinə verərək çıxıb getmişəm, kirayələrdə qalmışam. Mən həbsxanada olanda qardaşım Almurad bəy mənzil aldı, mən də gəlib həmişəlik burada qaldım. Bunu hamı bilir.
– Dəbdəbəliydi?
– Dəbdəbəli deyəndə ki, yaxşı təmirli evdi.
– Neçə otaqdı?
– Vallah, bilmirəm – 4, ya 5 otaqdı. Otaqların 1-2-sinə baxdım. Bir də kranları açdım, gördüm ki, suyu yoxdur. Dedilər ki, burada olmursunuz, ona görə su gəlmir, köçsəniz açılacaq. Vəssalam. Oradan o çıxan oldum, bir də getmədim. Bunu hamı bilir.
– Heç orada yaşamadınız?
– Qətiyyən.
– Ailəniz də?
– Heç on dəqiqə belə! Bakıya qayıdandan sonra fikirləşirdim ki, ora köçə bilərəm. Sonra elə oldu ki, getmək istəmədim – mən çoxlu adamları qəbul edəcəyəm, onlarla görüşəcəyəm, oradasa polis durur, gələnlərə icazə verilməlidir və s. Özümü belə çərçivəyə salmaq istəmədiyimə görə o evdən imtina etdim. Şəhər rəhbərliyinə bildirdim ki, başqa ev versəniz, qardaşımın ailəsinin də mənim ailəmlə yaşamasına imkan yaratsanız (onun da ailəsi böyüyüb; oğlu evlənib. İndi bu mənzildə dörd ailə yaşayır) mən bu mənzili təhvil verərəm. Belə də razılaşdıq. Onu da deyim ki, həmin mənzilin qiyməti çox yüksəkdi. Çünki həm şəraiti gözəldi, həm də dənizin qırağındadı.
– Deyilənə görə, yarım milyon dollara yaxın qiyməti var.
– Bilmirəm. Bəziləri 400 min dollar deyir, bəziləri də bundan çox. Mən elə şeyləri çox bilmirəm də, qarışmıram da.
Nəysə, həmin mənzilimin əvəzində Azadlıq prospektində mənə 10 otaqlı (iki ailə üçün; hərəyə 5 otaq), 140-160 min dollarlıq ev verdilər. Orderini də almışıq, amma hələ hazır deyil. Yaza kimi hazır olub-olmayacağı bəlli deyil. Çox güman ki, mən tezliklə kirayədə yaşamalı olacağam, çünki uşaqlar kənddən gəlməlidir, məktəbə qoyulmalıdır. Qardaşımın bu mənzilindəki dörd ailənin içinə mən onları necə gətirim? Buna görə də yeni evə köçənədək kirayədə qalmağa məcburam.
Ədalət Tahirzadə “Elçibəylə 13 saat üz-üzə”, səh. 114-116