Ermənistanın baş naziri Nikol Paşinyanın martın 9-da Qavar şəhərindəki orta məktəbə gəlişi sakinləri, o cümlədən məktəbliləri qorxudub.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Yerevan.today“ yazıb.
Mətbu orqan bildirib ki, Nikol Paşinyana qədər ölkənin Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları və polislər məktəbə baş çəkiblər. Onlar müəllimləri dindiriblər və bütün məktəbi axtarıblar. Təhsil müəssisəsində axtarış protokola salınsa da, müəllimlərin dindirilməsinin buna aidiyyəti yoxdur.
“Paşinyan minlərlə polisin müşayiəti ilə Qavara baş çəkdi. Şəhərin hər yerində – məktəbin yaxınlığındakı meşədə, təpələrdə, bütün künc-bucaqlarda asayiş keşikçiləri və polis avtomobilləri vardı. Şəhər sakinləri çoxlu sayda snayper gördülər.
Amma diqqəti ən çox cəlb edən onun məktəbə baş çəkməsi idi. Nikol Paşinyanın mətbuat xidməti baş nazirin siniflərə daxil olması, idman zalı və s., məktəb üzrə gəzməsi, şagirdlərlə danışmasını əks etdirən şəkilləri yaydı. Reallıqda Paşinyan məktəbə maskalı və avtomatlı xüsusi təyinatlı dəstə əməkdaşlarının müşayiəti ilə girdi. Uşaqlar bu mənzərədən dəhşətə gəldilər.
Qavar sakinləri təəccübləniblər, hər yerdə danışırlar ki, Paşinyan öz həyatı üçün necə qorxur, heç bir lider heç vaxt bu sayda mühafizəçinin müşayiəti ilə gəzməyib”, – mətbu orqan vurğulayıb.