Günümüzdə təəccüb doğuracaq hadisələr az deyil. Lakin ara-sıra elə hallar da olur ki, buna təkcə təəccüblənmir, həm də dərindən təəssüflənirsən. Milli Məclisin deputatı kimi xalq mandatı almış, yaxın keçmişdə təsərrüfat və hökumət idarəçiliyində məsul vəzifələrdə çalışmış Vahid Əhmədovun ölkənin kütləvi informasiya vasitələrində islahatlar aparılması ilə bağlı gerçəkliyə uyğun gəlməyən, jurnalistlərin kəskin etiraz və qınağına məruz qalan açıqlaması da məhz belə təəccüb və təəssüf doğurdu.
Deputat Vahid Əhmədovun KİV-də islahatlar aparmaq zərurətindən söz açması o qədər də gözlənilməz deyil. Çünki hazırda, özünün də vurğuladığı kimi, ölkə həyatının bütün sahələrində yeni hədəflərə ünvanlanmış dərin və genişmiqyaslı islahatlar gedir. İlk növbədə, sosial-iqtisadi sahədə yeni uğurlar qazandıran islahatlar, təbii olaraq, qeyri- istehsal və mənəvi fəaliyyət sahələrində də uyğun yeniləşmə ilə tamamlanmalıdır. Söhbət KİV-də yeniləşmədən, zəruri islahatdan gedirsə, yəqin Vahid müəllim bilməmiş deyil ki, ötən dövrdə sosial-iqtisadi yüksəlişə müvafiq olaraq bu sahədə də davamlı yeniliklərə meydan açılıb, uğurlu nəticələr əldə edilib.
Cənab deputatın bu gün heç bir əsas olmadan qınaq hədəfinə çevirdiyi və ləğv olunmasını təklif etdiyi KİV-ə Dövlət Dəstəyi Fondu məhz bu islahatların zəruri halqalarından biri kimi yaradılıb. Özü də bu layihə aşağıdan jurnalistika qurumlarının, yuxarıdan dövlət rəhbərliyinin xoş məramı sayəsində ərsəyə gəlib və ötən illərdən bəri uğurla fəaliyyət göstərməkdədir.
KİVDF-nin yaradılması ideyası gündəmə gələndə KİV-in 15 ildən artıq bir dövrdə bazar iqtisadiyyatı şəraitində fəaliyyəti dərindən təhlil olunub, qabaqcıl dünya təcrübəsi diqqətlə öyrənilib. Vahid müəllim bilməlidir ki, “islahat” adı altında KİVDF-nin ləğv edilməsi ölkə mediasını ötən əsrin 90-cı illərinin əvvəlində olduğu kimi yenidən böhranla üzləşdirər. O zaman Vahid Əhmədov KİVDF-nin yenidən yaradılmasını təklif etməzmi? KİVDF 10 ildən artıqdır ki, uğurlu layihələr həyata keçirir, KİV-in bazar şəraitində fəaliyyətinin zəruri bir seqmentinə çevrilib. Şübhəsiz, bu qurumun uğurları, qarşıdakı illərdə daha geniş miqyas alacaq. Cənab deputat yaxşı bilir ki, ümummilli məramlara xidmət edən qeyri-istehsal sahələri – teatr, kino, media, elm, təhsil, vətəndaş cəmiyyəti qurumları ölkənin iqtisadi-sosial imkanları daxilində hamının və hər kəsin maraqlarının təmin edilməsi naminə dövlət tərəfindən himayə olunur. Vahid müəllimin indiki təklifi dolayı yolla o deməkdir ki, gəlin jurnalistlərin min bir əziyyəti bahasına, dövlətin zəruri himayəsi hesabına dirçəldilib inkişaf yoluna çıxarılmış milli demokratik mediamızı taleyin ümidinə buraxaq. Cənab deputat iqtisadi fəaliyyət sahəsinin adamı olduğu üçün bilməmiş deyil ki, bir qəzet nömrəsinin indiki 40 qəpiklik qiyməti heç onun kağızının və çapının xərcini ödəmir. Bazar şəraitində redaksiyaların kağız və çap xərclərini ödəyib, əməkdaşlarına isə Vahid müəllimin deputat maaşının yarısı qədər əməkhaqqı verməsi üçün gərək 1 nüsxə qəzet 2 manata satılsın.
KİV cəmiyyətdə xoş məramla hamıya təmənnasız xidmət göstərən mənəvi-məfkurəvi fəaliyyət sahəsidir. Bu mənada tanınmışlar, məşhurlar onun bu xidmətindən daha çox faydalanırlar. Vahid Əhmədov da əvvəlki uğurlarına və nüfuzuna, indiki məşhurluğuna görə, şəxsi keyfiyyətləri ilə yanaşı, jurnalistlərin bu sahədə ona yaratdığı bol-bol imkanlara da borclu olmalıdır. Borcu beləmi qaytarırlar? Biz iqtisadi fəaliyyət sahəsi mütəxəssisi olduğuna görə Vahid Əhmədovdan indiki şəraitdə Azərbaycan KİV-nin durumunu, bazara uyğunlaşma axtarışlarını dərindən öyrənib, gerçək, faydalı təkliflər verməsini gözləyirik. Onun barmaqla sayılacaq qədər “media cəfakeşi”nin demaqogiyasına belə asanlıqla uyması nə qədər təəccüblüdürsə, bir o qədər də təəssüfləndiricidir. Bu gün ölkəmizdə 5 mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Onda media sahəsində hansı “monopoliya”dan söhbət açılır?! Məntiqsiz deyilmi?
KİVDF Müşahidə Şurasının sədri kimi qətiyyətlə bəyan edirəm ki, Fondun fəaliyyəti tam şəffafdır, səmərəlidir və Azərbaycan mətbuatının gələcək inkişafına xidmət edir.
Həsən HƏSƏNOV
“Xalq qəzeti”nin baş redaktoru,
respublikanın Əməkdar jurnalisti