Azərbaycanın Quzey Kıbrıs Türk Cümhuriyyətini müstəqil dövlət kimi tanıması məsələsi hər zaman aktual olub. Və hər dəfə bu sual (istək, irad) səsləndiriləndə, əks arqument kimi Azərbaycan torpaqlarının işğalda olması göstərilib. Yəni, Azərbaycan Quzey Kıbrısın müstəqilliyini tanıyacağı anda, analoji addım Cənubi Kipr və Yunanıstan tərəfindən Azərbaycan ərazisindəki qanunsuz rejimin tanınması fonunda atıla bilərdi. Hər halda, bu bir ehtimal və ehtiyatlılıq idi…
Bu gün bu dilemma müəyyən qədər ortadan qalxıb. Və Azərbaycan Quzey Kıbrısa, onun hökumətinə, müxtəlif qurumlarına elə tanımaq səviyyəsində önəm verir. Rəsmi Lefkoşanı həm ikitərəfli, həm dəTürk ölkələrinin ortaq birlikləri çərçivəsində aktiv əməkdaşlığa cəlb edir.
Ötən həftənin sonu Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatarın Bakıya səfəri bu baxımdan olduqca əhəmiyyətlidir.
Quzey Kıbrıs Prezidentinə demək olar ki, yüksək səviyyəli rəsmi qonaqlar, dövlət başçıları üçün tətbiq edilən protokol qaydaları tətbiq olunmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmə formatı, təhlükəsizlik müşayiəti, Fəxri və Şəhidlər xiyabanında fəxri qaravul və s…
Bakıya təşrif buyuran prezidentlər adətən “Four seasons” otelində qalırlar və otelin fasadına təmsil etdiyi dövlətin bayrağı asılır. Bu dəfə otelin önündə Quzey Kıbrıs Türk Cümhuriyyətinin bayrağını görmək təsirli və qürurverici idi.
Bu il noyabrın 15-də elan olunmasının 40 illiyini qutlayacaq Quzey Kıbrısın yaxın dövrdə beynəlxalq birliyin bərabərhüquqlu subyekti olacağına inamımız böyükdür.
Sayın Cumhurbaşkanı E.Tatar Azərbaycan media mənsubları ilə də görüşdü. Təşəkkür edirik!
Aqil CAMAL
Turkustan Media Groupun baş redaktoru