Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Koronavirusla mübarizə dövründə super ticarət mərkəzlərinin işləməsi doğrudurmu…

Koronavirus (COVİD- 19) 70-dən çox ölkəyə yayılıb və artıq dünya üçün böyük təhdidə çevrilib. Azərbaycanda da virusa yoluxma faktının qeydə alınması ilə bütün qurumlar, o cümlədən, ictimai iaşə obyektləri müxtəlif önləyici tədbirlər görməyə başlayıblar.

Bununla yanaşı, 20 marta qədər bağçalar, məktəblər və universitetlərdə tədris dayandırılıb. Tədrisin dayandırıldığı müddət ərzində məktəb, bağça, ali təhsil ocaqlarında dezinfeksiya işləri aparılır. Məlumat üçün bildirək ki, indiyədək 2400-dən çox məktəbdə profilaktik tədbirlər görülüb.

Dərslərin dayandırılmasından istifadə edən bəzi valideynlər uşaqlarını ticarət mərkəzlərinə, parklara aparıb gəzdirirlər. Ancaq qeyd olunan virusdan qorunmaq üçün əhaliyə xəbərdarlıq olunmuşdu ki, adamların sıx toplaşdıqları ticarət mərkəzlərinə gedilməsin. Ancaq buna baxmayaraq, hələ də iri ticarət mərkəzləri fəaliyyət göstərir və uşaqlar sərbəst şəkildə, maskasız həmin məkanlarda gəzirlər. Maraqlıdır, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bu kimi məkanlarda dezinfeksiya işləri aparılırmı? Ümumiyyətlə, ölkədə fəaliyyət göstərən iri ticarət mərkəzləri qısamüddətli də olsa,  fəaliyyətini dayandıra bilərmi?

Qeyd edək ki, əhalinin ən çox üz tutduğu məkanlar arasında Mall-lar üstünlük təşkil edir. İnsanlar xəbərdarlığa baxmayaraq, hələ də kütləvi yerlərə gedir və adi gündəlik həyat tərzindən kənara çıxmırlar.

  • Emin Hüseyn: “Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-birilə az təmasda olsunlar və ehtimal olunan infeksiya yayılmasın”

Karantin xəstəxanasının baş direktoru Emin Hüseyn qeyd etdi ki, əhali bu tədbirin mahiyyətini başa düşməlidir: “Bu, istirahət tədbiri deyil. Bu, əhalini düşünərək verilmiş bir qərardır”.

Baş direktor vətəndaşlara kütləvi yerlərdən uzaq olmağı tövsiyə edib: “Həkim kimi əhaliyə məsləhət görərdim ki, mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərdə olmasınlar. Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-birilə az təmasda olsunlar və ehtimal olunan infeksiya yayılmasın. Əhalini təşvişə düşməməyə çağırıram. Bu, sadəcə, qabaqlayıcı tədbirdir”.

  • Nuranə İsgəndərova: “İnsanların üz tutduqları ticarət mərkəzlərimizdə onların sağlamlığı üçün əlavə tədbirlər görülür”

“Paşa İnşaat Ticarət Mərkəzləri Qrupu”nun marketinq departamentinin rəhbəri Nuranə İsgəndərova bildirdi ki, onlara aid olan ticarət mərkəzlərində bütün lazımi tədbirlər görülür və bundan sonra da görülməkdə davam edəcək: “Bizim qrupa “28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall” və “Dəniz Mall” daxildir. Bu ticarət mərkəzlərində biz lazımi dezinfeksiya tədbirlərini həyata keçiririk. Bizə də məlumdur ki, ölkədə virusun yayılması risqi var. Ona görə də insanların üz tutduqları ticarət mərkəzlərimizdə onların sağlamlığı üçün əlavə tədbirlər də görürük. Bəzi avadanlıqlar və vasitələr var ki, biz onları sifariş etmişik.Onu da deyim ki, ticarət mərkəzlərimizin sanitar qovşaqlarında əvvəllər əl qurudan aparatlardan istifadə edilirdi. Artıq sanitar qovşaqlarda birdəfəlik istifadə üçün nəzərdə tutulan salfetlər də qoyulacaq. Bütün bunlar insanların sağlamlığı üçündür və koronavirus təhlükəsi aradan qalxana qədər də tədbirlərimiz davam edəcək”.

Günel CƏLİLOVA

Check Also

Paşinyan Ermənistanın Azərbaycandan qaz ala biləcəyini istisna etmir

O, qaz xətti Ermənistandan keçərsə, bunun mümkün olduğunu deyir Ermənistanın Baş naziri Nikol Paşinyan sülh …