Cümə , 19 Aprel 2024
Drone Cameras

Kredit büroları gələn il fəaliyyətə başlaya bilər

Sentyabrın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası keçirilib.

İclasda komitə sədri Ziyad Səmədzadə bildirib ki, bu ilin yaz sessiyası çox məhsuldar keçib: “Yaz sessiyasında 18 iclas keçirilib. 76 məsələ, o cümlədən 75 qanun layihəsi ətraflı müzakirə edilib”. Z. Səmədzadə deyib ki, Azərbaycan iqtisadi islahatların dərinləşməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir.”Dövlət başçısı bununla bağlı hökumətə müvafiq tapşırıqlar verib. Azərbaycan iqtisadiyyatının davamlı inkişafı üçün əlavə tədbirlər görülür. Bu tədbirlərin bir istiqaməti kimi qanunları təkmilləşdirmək lazımdır”, – deyə Z. Səmədzadə vurğulayıb. O əlavə edib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə 30 yaxın qanun layihəsi daxil edilib. Sonra iclasda 2016-cı ilin payız sessiyası zamanı komitədə görüləcək qanunvericilik işlərinin planı müzakirə edilib. İşlər planına Vergilər Məcəlləsinə dəyişiklik, “Mühasibat uçotu haqqında”, “Dövlət rüsumu haqqında”, “Poçt haqqında”, “Reklam haqqında”, “Qiymətli kağızlar bazarı haqında”, “Kredit büroları haqqında”, “Aviasiya haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihələri, o cümlədən “Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergi münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gəlirlərə görə vergi münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə qanun layihələri daxildir. Komitə sədri Ziyad Səmədzadə deyib ki, prezident İlham Əliyev tərəfindən Milli Məclisə “Kredit büroları haqqında” qanun layihəsi daxil olub. Onun sözlərinə görə, qanun layihəsinin məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir. O,bildirib ki, Azərbaycanda fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması məqsədi ilə kredit büroları yaradılacaq. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı qanun layihəsi barədə məlumat verib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlarla birlikdə 5 ildən artıqdır ki, bu qanun layihəsi üzərində işlənilir. R. Aslanlı bildirib ki, kredit bürolarının yaradılması fiziki və hüquqi şəxslərin maliyyə xidmətlərinə çıxışını yaxşılaşdıracaq: “Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasıdır. Bilirsiniz ki, Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti fəaliyyət göstərir. Kredit bürolarını Xidmətdən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində statistik məlumat bazası mövcud idi və bu məlumatdan bankların aktivlərinin və kredit portfelinin keyfiyyətini qiymətləndirmək üçün istifadə edilirdi. Kredit bürolarında toplanmış məlumat bazasından isə artıq borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq”. R. Aslanlı qeyd edib ki, qanun qəbul edilərsə, bir il sonra Azərbaycanda kredit büroları fəaliyyətə başlaya bilər. Onun fikrincə, kredit bürolarının fəaliyyəti ilə bankların xərclərini azaldacaq. Bununla yanaşı, maliyyə təşkilatlarından kredit götürmək üçün sərf olunan vaxt əhəmiyyətli dərəcədə azalacaq. Üstəlik, borcalanların gəlirləri və öhdəliklərinin düzgün qiymətləndirilməsi daha sağlam kreditləşmə aparmağa imkan verəcək. Qeyd edək ki, iclasın sonunda qanun layihəsi Milli Məclisin Plenar iclasına tövsiyə edilib.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir