Cümə , 3 May 2024
Drone Cameras

Krım tatar Məclisinin üzvləri ilə anım görüşündə DUYĞULANDIRAN ANLAR FOTO VİDEO

Bu gün, mayın 18-i Krım tatarlarının deporatsiyaya məruz qalmasının 78-ci ildönümü, anım günüdür. Qeyd edək ki, 1944-cü ildə (18-20 mayda) Krım tatar türkləri Stalin rejimi tərəfindən ata-baba yurdlarından zorla Özbəkistana deportasiya olunub və bu, XX əsrin ən faciəli səhifələrindən biri kimi tarixdə qalıb. 18 may həm də soyqırım günü olaraq qeyd edilir, çünki Krım tatar xalqının hər ikinci nümayəndəsi, Krımın yerli xalqının demək olar iki yüz min nümayəndəsi NKVD tərəfindən məcburi köçürülmə nəticəsində həyatını itirib.

Bu münasibətlə Ukraynadakı Azərbaycan diasporunun bir qrup üzvü Kiyevdəki Krım tatar Məclisinin nümayəndələri ilə bir araya gəlib. Bu yerdə xatırladaq ki, 2014-cü ilin işğalından iki il sonra – 2016-cı ildən Krımdakı işğalçı hakimiyyət Krım Tatar Məclisinin qadağan edib və bu qanunsuz qərarın ləğvi ilə bağlı Beynəlxalq Məhkəmənin qərarını rədd edib. Krım tatar liderləri Mustafa Cəmilov və Refat Çubarov təqiblərə məruz qalıb və onların Krıma girişi qadağan olunub.

Krım Tatar Məclisinin təmsilçiləri ilə görüş barədə elə görüşün təşəbbüskarlarından biri, Kiyevdə yaşayan həmvətənimiz Yalçın Qəhrəmanoğlu Musavat.com-a açıqlamasında bildirdi ki, müharibə vəziyyətilə əlaqədar olaraq 1944-cü ildə soyqırıma məruz qalan Krım tatarlarının anım mərasimi kütləvi tədbirlərlə qeyd olunmayıb:

“Əvvəllər bu kimi tədbirlər Maydanda, yaxud başqa ünvanlarda keçirilirdi və biz azərbaycanlılar da həmin mərasimlərə qatılırdıq. Bu il müharibə ilə əlaqədar elə bir tədbir keçirmirlər. Amma buna baxmayaraq, biz, 10 nəfərə yaxın azərbaycanlılar olaraq Krım tatarlarının liderləri və nümayəndələri ilə görüşməyi özümüzə borc bildik və başsağlığı verdik. Bildirdik ki, biz azərbaycanlılar nə qədər ki, Ukraynada yaşayırıq, bundan sonra da Krım tatar milləti ilə bir yerdə olacağıq, bir yerdə mübarizəmizi aparacağıq. Bu hadisələr bizi bir az da birləşdirdi, gücümüzü bir yerə qoyub, Ukrayna və Azərbaycan dövlətləri, Krım tatar milləti naminə, xalqlarımızın, millətlərimizin gələcəyi naminə bütün gücümüzü birləşdirib mübarizə aparacağıq. Bildirdik ki, burada “Amerika açmırıq”, bu, qurucu babalarımızın ideyasıdır. Biz də bunu davam etdiririk”. Y.Qəhrəmanoğlu qeyd etdi ki, 2014-cü ildən – Rusiya Krım adasını ilhaq edəndən bəri – etibarən Krım tatarları ilə birgə fəaliyyət göstərməyə başlayıblar: “Bu il də ildönümdə gedib Krım tatarlarına başsağlığımızı ifadə etdik, dostluğumuzu, qardaşlığımızı bildirdik. Həmçinin dedik ki, Vətənimiz Azərbaycandan da çoxları bu günü yad edir, bu tarixi unutmur. Çünki bu, çox vacib tarixdir. Krım tatarlarının başına gətirilən müsibətlər Azərbaycan xalqının da başına gətirilib”.

Qeyd edək ki, həmvətənlərimizin Krım tatarlarının soyqırım günündə atdıqları addım Ukrayna mediasında da geniş işıqlandırılıb və təqdir olunub.

Y.Qəhrəmanoğlu əlavə etdi ki, Krım tatarlarının dünyaca məşhur lideri Mustafa Cəmiloğlu və digər Krım tatarlarının təmsilçiləri ilə görüşdə onun övladı Qəhrəman “Çevonok alına” adlı Ukrayna mahnısı ifa edib:

“Qəhrəman da hazırlaşmışdı, bizimlə birgə getdi və bu mahnını ifa etdi”. Kadrlardan göründüyü kimi, balaca Qəhrəmanın ifası maraqla dinlənilib.

E.Paşasoy,
Musavat.com 

Check Also

Saakaşvili: “Xarici agentlər haqqında” Qanun Gürcüstanda hakimiyyət dəyişikliyinə səbəb olacaq”

Keçmiş Prezident İvanişvilini Putinin davamçısı adlandırıb Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili “Dojd” kanalına …