Kamilə Əliyeva: “Yaxşı olardı ki, toylar məsələsində də islahat getsin”
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı son qərara əsasən, mayın 18-dən sonra bir çox sahələrdə karantin qaydaları yumşaldıldı. Buna baxmayaraq, toy və yas məclislərinin təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.
Qeyd edək ki, xüsusi karantin rejimində yas mərasimlərinin çadırlarda və digər qapalı məkanlarda təşkil edilməsi qadağandır. Dəfn mərasimlərində isə məhdud sayda insanın iştirak etməsinə icazə verilir.
Artıq insanlar ay yarımdır sakit, təmtəraqsız, yas məclisi qurmadan, xeyli vəsait sərf etmədən ölüsünü dəfn edib, sonra evlərindəki qayğıları ilə məşğul olurlar. 7, 40, il mərasimlərinə xərclənəcək pulları da ciblərində qalır. Yaxşı olar ki, bu qayda tək karantin dönəmində deyil, sonra da davam etsin. Eynilə, toy məclisləri də. Məlumdur ki, toylarda 200-300 adam iştirak edirdi. Balaca bir zala bu qədər insanın toplaşması koronavirusun sürətlə yayılmasına səbəb olar. Bu səbəbdən də toy məclislərinin də izdihamlı deyil, ailələr arasında keçirilməsi təklif olunur. Onu da qeyd edək ki, karantin dövründə Azərbaycanda 2.478 nikah aktı bağlanıb. Bu o deməkdir ki, artıq gənclər restoranlarda təmtəraqlı toy məclisləri təşkil etmədən öz aralarında toy məclisləri təşkil edirlər.
- “Pandemiya dövründən sonra yaxşı olardı ki, toylara 300, 500, 700 nəfər bir yerə toplaşmasın”
Millət vəkili Kamilə Əliyeva qeyd etdi ki, mayın 18-dən karantin rejiminin növbəti yumşalması qüvvəyə minib: “Amma buna baxmayaraq, yas və toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa qüvvədədir. Bu da onunla əlaqədardır ki, bu iki mərasimdə insanlar kütləvi şəkildə bir yerə toplaşırlar. Ancaq biz karantin rejimindən çıxmamışıq. Hər şey son vəziyyətdən asılı olacaq. Təəssüf ki, yoluxanların sayı artmaqdadır. Say 3 rəqəmliyə qədər yüksəlib. Belə olan halda, təbii ki, toy və yas mərasimlərinin keçirilməsinə icazə verilməsi düzgün olmazdı. Bu müvəqqətidir. Bilirsiniz ki, əvvəl 65 yaşdan yuxarı insanların çölə çıxmasına icazə verilmirdi. Amma mayın 18-dən sonra bu qadağa götürüldü. Pandemiya dövründən sonra yaxşı olardı ki, toylara 300, 500, 700 nəfər bir yerə toplaşmasın. Əvvəl bilirsiniz ki, belə bir ənənə var idi. Toyları yaxın qohumlarla da keçirmək mümkündür. Bir dəfə salam verdikləri insanları toya çağırmırdılar. Ona görə də yaxşı olardı ki, toylar məsələsində də islahat getsin. Çünki toy iki gəncin ailə qurması, xoşbəxt olmasıdır. Bunu dar çərçivədə etmək olar. Əsas ailə quran gənclərin bir ömür boyu xoşbəxt olmasıdır”.
Günel CƏLİLOVA