Bazar , 19 May 2024
Drone Cameras

Laçının işğalının 28-ci ildönümünə həsr olunmuş onlayn elmi, ədəbi-bədii tədbir keçirilib

Ağstafa Regional Mədəniyyət İdarəsi Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 28-ci ilinə həsr edilmiş onlayn elmi, ədəbi-bədii tədbir keçirib.


Boyukmillet.com xəbər verir ki, tədbiri açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov Laçının Ermənistan silahlıları tərəfindən işğalı zamanı Azərbaycanın maddi-mədəni irsinə vurulan ziyan, erməni qəsbkarlarının bəzi tarixi abidələr üzərində həyata keçirdikləri vandalizm aktları barədə məlumat verib. Bildirilib ki, 1992- ci il may ayının 18-də terrorçu və təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonu işğal edilib. Məhz 1992-ci ilin fevralında Xocalı faciəsinin törədilməsi, mayın 8-də Şuşanın, 18-də isə Laçının işğalı ilə həmin il Azərbaycan xalqının tarixinə ən ağır və müdhiş bir il kimi daxil olub. Dağlar qoynunda yerləşən və özünün füsunkar gözəlliyi ilə hər kəsi heyran edən, hər daşında bir sirr yatan Laçın düşmənə təslim edilib.
Qeyd edilib ki, Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalıb. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın, bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan Laçını düşmənə təslim edib. İşğalçı dövlət beynəlxalq hüququn normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq hazırda Laçında qanunsuz məskunlaşma aparır. Bu gün hər bir azərbaycanlı Qarabağın işğal altından qurtulacağı günü gözləyir. Qarabağa böyük qayıdışın olacağına hər bir Azərbaycan vətəndaşı inanır. Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasət deməyə əsas verir ki, torpaqlarımızın işğaldan azad ediləcəyi, bir milyondan artıq qaçqın-köçkünümüzün, o cümlədən laçınlıların öz yurdlarına qayıdacaqları gün uzaqda deyil.
Sonra tədbirdə Qazax Dövlət Rəsm Qalereyasının nümayiş etdirdiyi, Laçın həsrətini əks etdirən sərgiyə, Ağstafa rayon MKS-nin təşkil etdiyi kitab sərgisinə virtual baxış keçirilib.
Tədbir mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiyalarla, Laçına həsr olunmuş şeir ifaları ilə davam etdirilib.

Check Also

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

İqtisadçılar qərarları tənqid edir Bakıda taksi sürücülərinə qarşı reyd keçirib. Reydi Bakı Şəhər Dövlət Yol …