Laçında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində “Yaşıl infrastrukturun inkişafı təcrübəsi və alternativ və bərpa olunan enerji sahəsində təşəbbüslər” mövzusunda panel müzakirəsi keçirilib.
Boyukmillet.com xəbər verir ki, panel müzakirəsində 30 ölkədən nüfuzlu beyin mərkəzləri və akademik qurumları təmsil edən 64 xarici ekspert iştirak edib.
Çıxış edənlər arasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, Cenevrə Universitetinin Qlobal Ekoloji Siyasət Proqramının direktoru Aleksandr Hecazi, Trokadero Forum İnstitutunun prezidenti və təsisçisi Ellen Vasilina, Böyük Britaniyanın “Methinks” şirkətinin enerji təhlükəsizliyi üzrə mütəxəssisi Con Roberts olub.
M.Brayza Xəzəryanı dövlətlərin iştirakı ilə Xəzər dialoq platformasının təşkilini təklif edib: “Onlar iqlim dəyişikliyinin nəticələri ilə mübarizə aparmaq, Xəzər dənizinin ekosistemini qorumaq, həmçinin “yaşıl nəqliyyat” dəhlizlərinin inkişafı və COP29-un təşkili ilə bağlı bütün məsələləri müzakirə etmək üçün qüvvələri birləşdirə biləcəklər”.
A.Hecazi isə Azərbaycanda COP29-a hazırlıq işlərinin onda dərin təəssürat yaratdığını bildirib: “Məni həqiqətən həm COP29 məqsədlərinə nail olmağa, həm də Azərbaycanın uzunmüddətli davamlı inkişafına istiqamətlənmiş yeniliklər heyran edib”.
E.Vasilina ekoloji və iqlim dəyişikliyi problemlərinin həlli üçün bu məsələlərə daha çox diqqət yetirilməli olduğunu vurğulayıb.
Daha sonra dayanıqlı inkişaf sahəsində beynəlxalq təcrübənin Azərbaycanın ehtiyaclarına uyğunlaşdırılması ilə bağlı müzakirələr aparılıb.