İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
Boyukmillet.com xəbər verir ki, iclasda iştirak edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Fondun dövlət büdcəsindən ayrılmış vəsait hesabına ölkədə fikir, söz və məlumat azadlıqlarının inkişafına, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb.
Kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının inşa edilməsini dünyada analoqu olmayan konstruktiv təcrübə kimi qiymətləndirən Ə.Həsənov 22 iyul – Milli Mətbuat Günü münasibətilə daha 255 mənzilin ədalətli və şəffaf seçim əsasında jurnalistlərin istifadəsinə veriləcəyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi onu da vurğulayıb ki, ölkə rəhbərliyi bundan sonra da medianın inkişafına və problemlərinin həllinə, eləcə də Fondun bu sahədə həyata keçirdiyi layihələrin uğurla reallaşdırılmasına dəstəyini əsirgəməyəcək.