Şənbə , 10 Yanvar 2026
Drone Cameras

London Bakı və Yerevana silah tədarükü embarqosunu ləğv edir

Böyük Britaniya Azərbaycan və Ermənistana qarşı tətbiq olunan silah embarqosunu tamamilə ləğv edir.

Bu barədə Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Dautinin bəyanatında bildirilir.

Nazir silah embarqosunun ləğvinə əsas səbəb kimi 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Bakı və Yerevan arasında keçirilən üçtərəfli görüşü göstərib.

2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın ev sahibliyi etdiyi üçtərəfli sammit keçirilib, birgə bəyanat qəbul olunub. Bəyanatda ATƏT Minsk qrupunun ləğvi və Azərbaycanın Naxçıvan eksklavına maneəsiz əlaqəsinin təmin olunması, eyni zamanda Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunması öhdəlikləri yer alıb. İki ölkənin xarici işlər nazirləri sülh sazişini paraflayıblar.

“Sülhün irəliləyişində əldə edilmiş əhəmiyyətli irəliləyişləri və prezident Trampın ev sahibliyi ilə Vaşinqtonda keçirilən son sammitin tarixi nəticələrini nəzərə alaraq, Böyük Britaniya hesab edir ki, ATƏT-in 1992-ci ildə “Dağlıq Qarabağ bölgəsində döyüşən qüvvələrə bütün silah və sursatların çatdırılması” ilə bağlı tövsiyə etdiyi silah embarqosunu əsaslandıran məntiqi əsaslar itib. Buna görə də Böyük Britaniya Ermənistan və Azərbaycana silah embarqosunu tamamilə ləğv edəcək”, – bəyanatda belə deyilir. 

Ermənistanla Azərbaycan arasında münaqişə hələ 1988-ci ildə başlayıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 

ATƏT 1992-ci ildə Qarabağda döyüşən qüvvələrə silah və sursatların çatdırılmasını qadağan etmişdi. 

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı işğal olunmuş bütün ərazilərində nəzarəti bərpa edib. Son illər iki ölkə arasında sülh sazişi ilə bağlı müxtəlif formatlarda danışıqlar aparılırdı. 

Bəyanatda o da qeyd olunub ki, Ermənistan və Azərbaycan üçün ixrac və ticarət lisenziyaları müraciətləri fərdi əsaslarla, Böyük Britaniyanın Strateji İxracı Lisenziyalaşdırma Meyarlarına uyğun qiymətləndiriləcək. Hər hansı lisenziya təhlükəsizlik kriteriyalarına zidd olsa, verilməyəcək. Həmçinin Böyük Britaniya hər iki ölkənin regional və daxili təhlükəsizlik vəziyyətini diqqətlə izləməyə davam edəcək.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …