Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

Lukaşenko siyasi məhbus kimi tanınan 29 nəfəri əfv edib

Əfv olunanlardan 11-i qadın, 18-i kişi olub

Belarus Prezidenti Aleksandr Lukaşenko “ekstremist xarakterli” maddələrlə məhkum olunmuş 29 məhbusu əfv edib.

Əfv olunanlardan 11-i qadın, 18-i kişi olub. 6 nəfəri 25 yaşa qədər, 3 nəfər pensiyaçı, 2 nəfər əlil, 15 nəfər isə xroniki xəstəlik keçirən şəxslərdir. Onların hamısının “etdikləri əməllərdən peşman olduqları və əfv üçün müraciət etdikləri” iddia edilir.

Əfv olunan siyasi məhbusların adları əvvəlki kimi açıqlanmır.

2024-cü ilin yayından başlayaraq Belarusda altıncı dəfədir ki, siyasi məhbuslar azadlığa buraxılır. Lukaşenko avqustun 16-da 30, sentyabrın 4-də 30, sentyabrın 16-da 37, noyabrın 7-də 31, noyabrın 20-də isə daha 32 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb.

Bütün hallarda Lukaşenkonun mətbuat xidməti azad edilənlərin adlarını açıqlamayıb. Əfv olunanların adlarını sonradan müstəqil nəşrlər və hüquq müdafiəçiləri öyrənib.

“Vyasna” insan haqları təşkilatından olan Pavel Sapelka deyib ki, Lukaşenko əfv olunanlardan iki dəfə çox insanı həbs etdirir. Sapelka Belarusda repressiya dalğasının genişləndiyini söyləyib.

Hazırda Belarusdakı siyasi məhbuslar arasında 1300-dək siyasətçi, jurnalist, hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti fəalı var. Onlara vəkil tutmaq yasaqlanıb, saxlanma şəraitləri də ağırdır.

2020-ci ildəki prezident seçkisinin nəticələrinə etiraz edənlərə qarşı genişmiqyaslı repressiyalarda, azı, 13 min belaruslu ölkəni tərk etməyə məcbur qalıb.

Rusiya Prezidenti Vladimir Putinin yaxın müttəfiqi olan Aleksandr Lukaşenkonun gələnilki seçkilərdə də qalib elan ediləcəyi gözlənilir.

Check Also

Rusiya Zaporojyedə poliklinikanı vurub: 4 ölü, 20 yaralı var

Yaralılar arasında 5 yaşlı uşağın da olduğu bildirilir Dekabrın 10-da Zaporojyenin mərkəzində poliklinikanın atəşə tutulması …