Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
Boyukmillet.com xəbər verir ki, İdarənin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Aparılan əməliyyat-istintaq tədbirləri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərov ilə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq, yəni ayrı-ayrı şəxslərdən vəzifəyə təyin edilmələri, vəzifədə qalmaqla fəaliyyətini davam etdirmələri, eləcə də idarənin balansında olan klubların ixtisar edilməməsi müqabilində 2021-ci ilin dekabr ayından başlamaqla ayrı-ayrı şəxslərdən 102 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət törətmiş şəxslərin dairəsinin və onların digər qanunsuz əməllərinin müəyyən olunması istiqamətində zəruri istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.