Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Məktəblərdə təhsilin vəziyyəti göz önündədir – QHT SƏDRİ

Mətanət Əsgərqızı: “Bu sahə ilə işləyən QHT- lər də belə məsələlərə daha çox diqqət yetirib işlərini qursalar, erkən nikah məsələlərində…”

Bizim cəmiyyətdə diqqət çəkən problemlərdən biri də erkən nikahlarla bağlıdır.  Cəmiyyətimizdə erkən nikaha meylin qarşısının alınması vacib məsələlərdən biri olsa da, təəssüflər olsun ki, bu hal get-gedə genişlənir. Erkən nikahlara  qarşı mübarizə tədbirlərində vətəndaş cəmiyyəti institutunun təmsilçilərinin, sosioloq və psixoloqların rolu, demək olar ki, görünmür.

Son zamanlar 13-14 yaşlı qızların erkən nisanlandırılması halları çox yayılıb. Hətta bu yaşda qızların gəlinlik geyinib ər evinə köçməsi də “ənənə” halını alıb. Bu evliliklər bir sıra hallarda ictimailəşməsə də, bəzən ictimailəşir. O halda isə polis işə qarışır. Sanki belə təsəvvür yaranır ki, erkən nikahlara qarşı mübarizəni yalnız polis aparmalıdır. Polisin min işi var ki, hamısının da öhdəsindən böyük məsuliyyətlə gəlir. Bəs vətəndaş cəmiyyəti institutları, digər əlaqədar qurumlar bu sahədəki  neqativlərin qarşısını almaq  üçün niyə maarifləndirmə tədbirləri gormur? 14 yaşında qız nişanlanır, məsələyə polis qarışır, bütün məsuliyyət sanki polisin üstündə olur. Bəs valideyn məsuliyyətsizliyi burada niyə diqqətdən qaçır? Axı valideynin də məsuliyyəti az deyil. Olmazmı ki, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları, yaxud QHT-lər bu barədə işlər görəydilər? Əksər hallarda görürük ki, layihə qəbul olunur,  pul ayrılır, amma iş görülmür, görülsə də formal xarakter daşıyır.

  • “İşlər hesabat xatirinə görülür”

Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı “Bakı-Xəbər”ə bildirdi ki, hamılıqla erkən nikaha “yox” deməliyik. “Bu gün Azərbaycan polisinin işi həm artıb, həm də ağırlaşıb. İstər cinayərkarlığa, narkotiklərə qatşı mübarizə, istər qeyd etdiyiniz məsələdə bəli, demək olar ki, Azərbaycan polisi təkdir. İndi kimlərsə bunları oxuyub yazacaq və hesabatlar dərc edəcəklər ki, bu işlər görülüb. O işlər müvəqqəti xarakter daşıdığından, davamlı olmadığından nəticə vermir. Əslində erkən nikah məsələsi çox narahat olunacaq faktlardı. Rayon icra orqanlarının, təhsil ocaqlarının, gənclərlə işi 0 vəziyyətdədir. Əsasən erkən nikah məsələsində ailənin maddi durumu, savadsızlıq ön cərgədədir. Savadsız cəmiyyətdən dövlət qazanmır, itirir. Məktəblərdə təhsilin vəziyyəti göz önündədir. İşsizlik, maddi durum imkan vermir ki, valideyn   övladını oxutsun. Bir boşqab yeməyin çətinliyini çəkən ailələr var. Ataların bir misalı var, “qız yükü, duz yükü”. İndi bəzi ailələr bu yükdən qurtarmaq üçün balalarını sanki çıxarıb çölə atırlar. Ər çörəyi yemək də hər kəsə nəsib olmur ki… Boşanandan sonra savadsız gənc qadın ortada qalır. Nə indiki ərlər yiyə çıxırlar, bəzən də valideynlər də yaxın buraxmırlar. Artıq bu məsələyə kompleks yanaşma olmalıdır. Dövlətin müəyyən proqramları olmalıdır ki, qızını oxuda bilməyənlər övladlarını o məktəblərə göndərsinlər. Ümumiyyətlə ölkədə bütün  məsələlərin başında işsizlik durur. Erkən nikaha qarşıyam”.

M.Əsgərovanın sözlərinə görə, statistika da göstərir ki, hazırda qadın qətllərinin kökündə, cinayət törədən şəxslər bisavad olanlardır. O, hesab edir ki, ona görə qızlarımız ərə getməkdənsə oxumalı, ayaq üstündə durmağı bacarmalıdılar. “Amma bu işdə televiziyaların da rolu var, pis mənada. Çünki televiziyalar sanki, ailə proqramlarında əxlaqsızlığı təbliğ edirlər. Bu sahəyə də diqqət artırılmalı, uğur hekayəsi olan qadınlar belə proqramlara çıxarılmalıdılar. Sadaladıqlarımdan da gördüz ki, bu iş təkcə polisin məsələsi deyil, bu məsələyə kompleks yanaşma olmalıdır. Acınacaqlı hal da odur ki, hər şey mövsümü xarakter daşıyır. İşlər hesabat xatirinə görülür. Bu sahə ilə işləyən QHT- lər də belə məsələlərə daha çox diqqət yetirib işlərini qursalar, erkən nikah məslələrində müsbətə doğru irəlləyişlər olar. QHT- nin gəlir yeri olmayınca, o yalnız layihə çərçivəsində işini qura və fəaliyyət göstərə bilir. Qınamalı da deyil. Amma hər birimiz layihələrin davamlı olmasına da çalışmalıyıq. Bir sözlə, hamılıqla erkən nikaha “YOX!” deməliyik!”-deyə M.Əsgərqızı qeyd etdi.

İradə SARIYEVA

Check Also

Naxçıvanda: Naziri tənqid edən müəllim işdən çıxarılıb

Səriyyə Qəmbərova nazirin qəzəbinə tuş gəldiyini, məktəb direktoru tərəfindən döyüldüyünü iddia edirSəriyyə Qəmbərova 2007-ci ildən …