Azərbaycan Mətbuat Şurasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırılan “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində növbəti konfrans keçirilib.
Boyukmillet.com xəbər verir ki, tədbirdə jurnalistlər, redaktorlar, QHT təmsilçiləri iştirak ediblər.
MŞ sədri Rəşad Məcid icra etdikləri layihənin mahiyyəti barədə məlumat verib və layihəni dəstəklədiyi üçün QHT Agentliyinə təşəkkür edib.
O bildirib ki, Azərbaycan mediasının dinamik inkişafı onun mənzərəsini sürətlə dəyişir. “Azərbaycan media landşaftı üzrə məlumat bazası” bütün bu mənzərə barədə aydın təsəvvür yaradır.
MŞ-nin icra katibliyinin əməkdaşı İlqar Tağıyev toplantı iştirakçılarını Şuranın “Presscouncil.az” saytında yaradılmış “Azərbaycanın media landşaftı” kateqoriyasında həyata keçirilmiş son yeniliklər haqqında məlumatlandırıb.
MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli çıxış edərək layihə çərçivəsində aparılan tədqiqatlar barədə danışıb. O, məlumat bazasında yerləşdirilən bir çox mövzuların Azərbaycanda ilk dəfə tədqiqata cəlb edildiyini diqqətə çatdırıb.
MŞ təmsilçilərinin çıxışları bitdikdən sonra müzakirələr başlayıb. İştirakçılar çıxış edərək mövzu üzrə fikirlərini çatdırıblar. Toplantıda həmçinin iştirakçıların sualları cavablandırılıb, təkliflər qruplaşdırılıb.