2022-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 185 təşkilatda (nəzarət obyektləri) aparılmış yoxlamalarla ümumilikdə 225 milyon 710,4 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunub.
Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, həmin məbləğin 35 milyon 142,2 min manatlıq hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilib.
Belə ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən iş planlarına əsasən 2022-ci ildə 71 təşkilatda aparılmış yoxlamalarla aşkar olunan 5 milyon 081,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 1 milyon 747,7 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilib, həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunan 2 milyon 811,4 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib (Əlavə №1).
Bunlardan əlavə, Xidmət tərəfindən vətəndaş müraciətinə əsasən 4 təşkilatda müraciətdə göstərilənlər yoxlanılıb, cəmi 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub və yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Baş Prokurorluğa göndərilib (Əlavə №1).
Hesabat dövründə Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyətinin əsas hissəsi Baş Prokurorluğun və hüquq mühafizə orqanlarının nəzarət tədbirlərinin aparılması barədə daxil olmuş xeyli sayda məktub və qərarlarının icrası ilə əlaqədar olub. Belə ki, prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 110 təşkilatda aparılmış yoxlamalarla aşkar olunmuş 220 milyon 564,9 min manat məbləğində artıq və əsassız ödənişlərin 33 milyon 330,1 min manatının təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin olunub və aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi, artıq ödənilmiş vəsaitlərin tam həcmdə dövlət büdcəsinə bərpa edilməsi ilə bağlı müvafiq sənədlər aidiyyəti üzrə prokurorluq və hüquq mühafizə orqanlarına göndərilib (Əlavə №2).
Yoxlamalar zamanı nəzarət obyektlərində, yoxlama materialları hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq mühafizə orqanlarına göndərilən nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na uyğun olaraq müvafiq protokollar tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 123 nəfər vəzifəli şəxsə 91,5 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və regional maliyyə müfəttişlikləri tərəfindən hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunan nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib, müvafiq tövsiyələr verilib.