Cümə , 22 Noyabr 2024
Drone Cameras

Medvedyevin varisi kimdir: güclü natiq, sərt rəhbər və… – Dosye

Rusiya Prezidenti Vladimir Putin dünən hökuməti istefaya göndərdi. Putin illərdir birgə addımladığı Baş nazir Dmitri Medvedyevin yerinə Mixail Mişustinin hökumət başçısı vəzifəsinə namizədliyini irəli sürdü. Mişustinin namizədliyini Duma bu gün müzakirə edəcək.

Bir anda dünya mətbuatının gündəminə çevrilən bu şəxsin bioqrafiyasını təqdim edirik:

Mixail Mişustin 1966-cı ildə Moskvada anadan olub. 1989-cu ildə Stankin Moskva Dövlət Texnologiya Universitetini avtomatlaşdırılmış layihələndirmə sistemləri ixtisası üzrə bitirib. Mişustin 1992-ci ildə bu universitetin aspiranturasında təhsilinə yekun vurub.

Aspiranturanı bitirdikdən sonra Beynəlxalq Kompüter Klubunun rəhbəri kimi çalışıb. Klub Rusiyada Qərbin yüksək texnologiya şirkətlərinin sərgilərini təşkil edib. Mişustin bunun sayəsində Rusiya bazarlarına “İntel”, “Hewlett-Packard”, IBM, “Motorola”, “Apple” kimi şirkətlərin girişini təmin edə bilib. Burada maraqlı olan başqa məqam ondan ibarətdir ki, klub rəhbəri Mişustin təkcə xarici şirkətlərin ölkəyə və ya onların Rusiya kompüter sənayesi ilə tanışlığını təmin etməyib, həm də Qərb biznesmenləri ilə Rusiyanın yüksək vəzifəli şəxsləri arasında görüşlərin vasitəçisi olub. Bir sözlə, klub Rusiya məmurlarının qapısını biznesmenlərin üzünə açıb.

1998-ci ildə isə o, dövlət xidmətinə başlayıb. Rusiya Dövlət Vergi Xidmətinin rəhbərinin vergi daxilolmalarına nəzarət və informasiya sistemləri üzrə köməkçisi vəzifəsinə gətirilib. Daha sonra isə vəzifəsi artırılaraq, nazir müavini səviyyəsinə yüksəldilib. Bu müddət ərzində o, Rusiya Xüsusi İqtisadi Zonaların İdarəsi üzrə Federal Agentliyin də rəhbəri olub.

2008-ci ildə dövlət vəzifəsindən imtina edən Mişustin yenidən biznesə qayıdıb. Bu dəfə o, investisiyalar sahəsini seçib. Cəmi bir il sonra Rusiya Prezidentinin kadr ehtiyatları siyahısına daxil edilib. Bunun da nəticəsi olaraq 2010-cu ilin aprelində Federal Vergi Xidmətinin rəhbəri təyin edilib. Buradakı fəaliyyəti dönəmində Mişustin daha çox rəhbəri olduğu qurumun müasir standartlara uyğun hala gətirilməsi, eləcə də yüksək texnologiyalarla təchizi ilə məşğul olub.

Ona qarşı tənqidlər də yetərli qədər olub. Belə ki, o, biznesmenlərə qarşı sərt davranışlarda və çoxlu sayda vergi yoxlamaları aparmaqda ittiham edilib. Bu iddiaların hər biri Federal Vergi Xidməti tərəfindən təkzib edilib.

Mişustin adını Rusiya tarixinə həmçinin böyük yüksək texnologiya şirkətlərini vergi ödəməyə məcbur edən şəxs kimi yazdırıb. Belə ki, o, hətta Rusiya nümayəndəliyi olan giqant şirkətlərin vergi ödəməsini tələb edib. Doğrudur, şirkətlər buna qarşı çıxsalar da, vergini ödəməyə məcbur olublar.

Rusiyanın hakim dairələrində Mişustin daha çox sərt rəhbər kimi tanınır. Bununla bərabər onun yaxşı nitqinin olduğu və fokuslandığı auditoriyanı rahatlıqla ələ ala bildiyi də onu tanıyan şəxslər tərəfindən xüsusi olaraq vurğulanır. Mişustin həmçinin fokuslandığı məsələlərin sürətli həllini tələb edən şəxs kimi də tanınır.

Şəxsi həyatına gəlincə isə Medvedyevin varisi evlidir və üç oğlu var. Onun həyat yoldaşı bir müddət Mişustinin rəhbər işlədiyi Beynəlxalq Kompüter Klubunun həmtəsisçisidir. Rəsmi məlumatlara, Putinin baş nazirliyə namizədi ildə 30 milyon rubl, həyat yoldaşı isə 160 milyon rubla qədər gəlir əldə edir. Ailənin 140 kvadrat metrlik mənzili, 800 kvadrat metrlik həyət evi olduğu onların gəlir bəyannaməsində göstərilib.

İdmanla maraqlanan Mişustin Putin kimi xokkey həvəskarıdır. O özü də aktiv şəkildə bu idmanla məşğul olur.

Mişustin həmçinin MOİK (ÇSKA) Xokkey Klubunun Müşahidə Şurasının üzvüdür.

(axar.az)

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …