Cümə , 22 Noyabr 2024
Drone Cameras

Meksikanın radiokanallarında Ermənistanın işğalı faktları açıqlanıb

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Ermənistan tərəfinin son təxribatları ilə bağlı yerli radiokanallara müsahibələr verib.

Azərbaycanın Meksikadakı Səfirliyindən “Report”a bildirilib ki, M.Talıbov bu ölkənin çoxmilyonlu dinləyici kütləsinə malik “Radio Chapultepec” və “Noticias MVS” radiokanallarına ilk olaraq, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti haqda məlumat verərək, Ermənistan silahlı qüvvələrinin ölkəmizin Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla ərazisinin toplam beşdə birini işğal etdiyini, bu ərazilərdə kəskin milliyətçilik və rasizm təfəkkürü ilə davranaraq etnik təmizləmə həyata keçirdiyini və ölkə əhalisinin 10 faizini öz doğma torpaqlarından qovduğunu bildirib.

Münaqişəyə dair BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin bu ərazilərin dərhal azad edilməsini tələb etdiyini deyən M.Talıbov, sənədlərin qəbulundan 27 il keçməsinə rəğmən, Ermənistan tərəfinin həmin qətnamələrə məhəl qoymadığını qeyd edib.

Səfir 12 iyuldan etibarən Ermənistan silahlı qüvvələrinin növbəti dəfə atəşkəs rejimini pozaraq bu dəfə ordumuzun dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərinə qəfil hücumlar təşkil etdiyini, bu hücumların dəf olunması zamanı on iki hərbi qulluqçumuzun və bir mülki şəxsin həlak olduğunu deyib.

O, bildirib ki, son günlərdə Los Anceles, Brüssel kimi şəhərlərdə yaşayan ermənilər ölkəmizin diplomatik missiyalarına və mülki soydaşlarımıza qarşı hücumlar edib və bu zaman onlarla azərbaycanlı ciddi xəsarət alıb. Səfir Ermənistan tərəfinin terror aktları törətmək keçmişini, bu xüsusda onlarla türk diplomatını qətlə yetirdiyini nəzərə aldıqda hazırkı durumun böyük narahatlıq doğurduğunu söyləyib.

Azərbaycanın regionun inkişafında müstəsna xidmətləri olduğunu, burada ölkəmizin təşəbbüsü ilə dünya miqyaslı enerji və infrastruktur layihələri həyata keçirildiyini məlumat verən səfir, regionda sülh və təhlükəsizliyə əsas təhdidin Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu olduğunu vurğulayıb.

Ardınca səfir Meksikanın beynəlxalq hüququn və ölkələrin ərazi bütövlüyü prinsipinin tərəfdarı olduğunu, beynəlxalq ictimaiyyətin digər üzvləri kimi BMT-nin dörd qətnaməsini dəstəklədiyini qeyd edib və bu mövqeyinə görə ev sahibi olan ölkəyə minnətdarlıq ifadə edib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …