7 sentyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin birgə iştirakı ilə meşələrdə yanğın təhlükəsizliyi məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, hər iki nazirliyin aidiyyəti struktur bölmə və qurumlarının rəhbər heyəti iştirak edib.
Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov keçirilən müşavirənin əhəmiyyətinə toxunaraq, son dövrlər ölkəmizdə baş vermiş meşə yanğınları və onların səbəbləri barədə məlumat verib. Nazir qeyd edib ki, qlobal iqlim dəyişikliyi fonunda havaların uzun müddət isti, quraq keçməsi və antropogen amillərin təsiri ilə təəssüf ki, bu il də ölkəmizin müxtəlif bölgələrində meşə yanğınları baş verdi. Nazir xatırladıb ki, mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğınların söndürülməsi əlavə çətinliklərlə müşayiət olunsa da, Fövqəladə Hallar Nazirliyi çox sayda qüvvə və vasitələr səfərbər edərək, əlaqədar qurumlarla əlaqəli şəkildə yanğınların söndürülməsinə nail olunub. Meşə yanğınları ilə kompleks mübarizənin effektli təşkil edilməsi üçün aidiyyəti dövlət orqanları arasında koordinasiyalı fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayan nazir K.Heydərov meşə yanğınlarının profilaktikası və meşələrdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində təkliflərin hazırlanaraq müvafiq qaydada təqdim edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin rəhbərliyi altında hər iki nazirliyin əməkdaşlarından ibarət birgə işçi qrupun yaradılmasını təklif edib.
Sonra müşavirədə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev meşə yanğınları ilə mübarizənin səmərəliliyinin daha da artırılması üçün bu kimi birgə məsləhətləşmələrin əhəmiyyətini qeyd edib. O, rəhbərlik etdiyi nazirliyin meşə yanğınlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib, ekoloji tarazlığın qorunub saxlanılması məqsədilə atılan addımlardan danışıb. Meşələrdə yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində qurumlararası birgə fəaliyyətin genişləndirilməsi ilə daha yaxşı nəticələrin əladə olunacağına əminliyini ifadə edən nazir M.Babayev birgə işçi qrupun yaradılması təklifini yüksək qiymətləndirdiyini bildirib.
Daha sonra yay aylarında meşələrdə baş vermiş yanğınlar və onların söndürülməsi əməliyyatlarına dair FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov, meşələrdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində aidiyyəti üzrə görülən tədbirlər barədə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov çıxış ediblər.
Sonra FHN-in Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi rəisinin birinci müavini Nicat Əliyev pilot layihə olaraq tətbiqinə start verilmiş fövqəladə halların intellektual idarəetmə sisteminin meşə ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar imkanları barədə təqdimat edib.
Sonda müşavirənin yekunu olaraq, meşələrdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində kompleks təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin rəhbərliyi ilə hər iki nazirliyin əməkdaşlarından ibarət birgə işçi qrupun yaradılması barədə qərar qəbul olunub.