Cümə , 22 Noyabr 2024
Drone Cameras

Mığrı-Sahil Tahirlinin hekayəsi

Kəndə altı saatdan bir verilən elektrik enerjisi camaatı lap təngə gətirmişdi. Qaz yox, bir saat işıq yanırdı, o da yanmasa, ondan yaxşı idi. Adamlar o qədər qızdırıcı qoşurdular ki, gah xətlər gücə düşüb alışırdı, gah da transformatorlar… Söyüş qabı da kəndin montyorları olurdu… Ani eşidilən partlayış səsindən sonra kənd yenə də zülmətə qərq oldu.

Qalabəyi uca səslə bu sözləri dedi:

-Zatınıza lənət, yenə kimsə işığa karavat setkası qoşub… Bu ta düzəlməz, qaldı səhərə… Belə gündirlik olar, ə?! Qumuş, çırağı yandır, gətir qatığımı yeyim.

Qalabəyinin altmış beş yaşlı anası Qumral gördü ki, oğlu yenə cin atına minib: Bir saat Şabanın kinosuna baxıb hırıldayacaqdı onu da işıqlar partladı. Qumuş arvad o saat ayağa qalxıb çırağı yandırdı, bir cam qatıq və təzə sulanmış iki lavaş gətirdi. Lavaşları odun peçinin üstünə sərib isitdi, sonra peçin yanında süfrəyə qoydu, vəziyyəti yumşaltmaq üçün astadan dilləndi:

-Məsməxanım bayaq dedi ki, İlaxır çərşənbədə kəndə kosa gələcək. Bir də kəndirbaz. Uşaqlar da hazırlaşırlar xoruz döyüşdürməyə. Sarı təpənin başında da yekə od qalayacaqlar.

Qalabəyi fısıldaya-fısıldaya lavaşı qatığa batırıb yeyirdi və bu xəbəri eşidəndə bir az əhvalı duruldu. Necə də olsa, yaz hələ gəlməyib, iş yox, güc yox, bekarçılıqdan ağzına qurd düşür. Düşündü ki, yaxşı oldu, ilaxırda kosa ilə kəndirbaza baxar, həm də semiçkasını satar. Ora çox adam yığışır, bayramqabağı dədələr kisənin ağzını açır, uşaqlarda yaxşı pul olur…

Əslində, Qalabəyinin bacarığı qonum-qonşunun odununu doğrayıb qəpik-quruş almaq, mal-heyvana baxmaq, toylarda tum satmaqdan daha irəlidə idi.  Fərsiz, zəhmətdən qorxan biri deyildi. Atasını uşaq ikən itirsə də, özünü dərk edəndən Qumuşa yük olmamağa çalışmışdı. Tiri-tipi, dünyagörüşü olmasa da, nə buyursaydın, yerinə yetirir, apar-gətir işlərinə yarayırdı. Di gəl ki, tale onu yaxşı adamlarla qarşılaşdırmamış, bir dəfə başına gələn hadisə isə onu-özünün dediyi kimi-karlı işlərdən soyutmuşdu.

İş belə gətirmişdi ki, dayısının vasitəsilə “Raypo”ya anbardar işinə düzələcəkdi. Ağ-qara şəkli yapışdırılmış sənədlərini də götürüb “Raypo” sədrinin yanına getmiş, sənədlərini qapının ağzında dayanan qəşəng ətir vuran səliqəli geyimli katibə qıza vermişdi. Qız gülümsəyərək onu aşağıdan yuxarıya süzdükdən sonra sənədlərini almışdı: Qabağa çıxan yekə qarın və yoğun boyun, əyninə böyük gələn ütüsüz gen qara şalvar, traktor qovuşuna oxşayan yekə əllər və tük basmış ətli sifət ilk baxışdan katibə qızın gözlərinə ilişmişdi.

Birazdan daxili telefona zəng gəldi:

-O Qalabəyidi, Masabəyidi, Tamadadı, nədi, ona de, keçsin yanıma.

Qalabəyi içəri girəndə “Raypo” sədrini gic gülmək tutdu. Az sonra özünə gəlib dedi ki, ə, şəklinə baxdım, dedim, bəlkə mənim yerimə namizəd gəlmisən. Şəkildə ağ köynək, qara qalstuk, saç-baş, bakembort, full oğlansan.

Gözləri bir az bərələn Qalabəyi o dəqiqə xatırladı ki, bu şəkili çəkdirəndə əyin-başı pis gündəydi. Kəndin fotoqrafı, qayğıkeş və səmimi bir insan olan rəhmətlik Mahmud müəllim fotostudiyada müştərilər üçün saxladığı ağ köynəyi və qara qalstuku birtəhər onun əyninə geyindirmiş, saç-başını səliqəyə salmış, sonra taxta stolda oturdaraq bir az da məzələnmişdi: “Şəkilçəkənə diqqətlə bax, birazdan quş çıxacaq, tutub mənə verərsən”. O da gözlərini “Zenit”ə zilləmişdi…

“Oğurluq edə bilirsən?”,-deyə kreslosuna bir az da yaslanan Vəliyulla üzünü Qalabəyiyə tutub soruşdu.

-Yox, məllimmm, elə şeylər mənlik deyil.

-Qatığa qara deyə bilirsən?

-Yoo…

Bəs vaxtı keçmiş köhnə malları təzə yerinə dost-tanışa sırıya bilərsən?

-Yooox, bacarmaram.

Bu sözdən sonra Vəliyulla bir az qımışıb dedi ki, ə, bə onda bura nəyə gəlmisən anbardarlığa?! Bura sənə Elmlər Akademiyasıdı niyə?! Rişxəndlə qayıtdı ki, sən ged akademiyada, institutda işlə…

Müdirin otağından çıxanda katibə qız Qalabəyini yenidən süzdü və əda ilə soruşdu:

  • Nə oldu, Qalabəyi qalaya dırmaşa bildi? 

Bizim korkobud da özünü sındırmadı:

  • Qala qapıları, deyəsən, yalnız nazəndələrin üzünə açıqdı. Bu arada, qəşəng ətrin var haaaa…

Bu görüşdən sonra Qalabəyi anbardar, hesabdar olmaq kimi xülyalarını birdəfəlik  kənara qoyaraq kənddə-bacada işləyib özünün gün-güzəranını keçirirdi. Qatığa qara deməkdəndisə, şam yeməyində qatıqla lavaş yemək ondan yaxşı idi. Bir də ki, həyətlərindəki qara yekəpər Mığrı adlı pişik belə onun gözündə Vəliyulladan yaxşıdı. Düzdü, mığrıdan hədsiz zəhləsi gedirdi… Hey anasına deyinirdi ki, bunu azdıracam. Görmüşük, pişik siçan, quş tutub yeyər, bu da zəmanə adamlarına oxşayır, Vəliyulla kimi müftə yeməyə öyrənib. Hər dəqiqə gəlib qapının ağzını kəsir…

…Səhər saatlarından Boşqovaq kəndini qara zurnanın səsi götürmüşdü. Uşaqdan böyüyə hamı orda idi. İlaxır çərşənbə uşaqların əsl toy-bayramına çevrilmişdi. Rəqs edən, qaçıb-tullanan,  hostana, hodu-hodu oynayan, taraqqanı kosanın yanında partladıb  onunla məzələnən… kimi axtarsaydın mərkəzdə idi. Şəhərdən kəndirbaz və pəhləvan da gəlmişdi. Mürsəlin oğlu Şahmarla Sənəm arvadın oğlu Fizon keçəllə kosa olmuşdular. Qalabəyinin də işləri tıkırındaydı. Qumuş arvadın qovurduğu bir kisə semiçkanın yarısından çoxunu səhərin erkən vaxtlarından satıb qurtarmışdı. Vəliyulla və onun məktəbli uşaqları da kəndə gələn qonaqlar sırasındaydı. Qalabəyinin dayısı Qasım adəti üzrə bu İlaxırda da Vəliyullagili qonaq çağırmışdı.

Hava qaralana yaxın həyətlərdə tonqallar çatıldı. Kəndi tüstü-duman, səs-küy bürüdü. Hamı yeni ilin daha gözəl, barlı-bərəkətli, əmin-aman olacağına inanır, bu inam sanki hər kəsin çöhrəsində bir sevincə dönürdü: İnşallah, müharibə tezliklə qələbəmizlə bitər, təknələrimiz bol çörək, evlərimiz işıq, qaz, istilik görər. Yurdumuz kəndbəkənd, şəhərbəşəhər dəyişib çiçəklənər, iş yerləri açılar, gözəl məktəblər, uca binalar tikilər. Gənclər müharibəyə yox, səliqəli geyinib işə-gücə gedərlər. Öləziyən ümidlər yenidən cana gəlib dil açar, Sovetin, müharibənin aldıqlarını müstəqilliyimiz birə min qat bizə geri verər…

…Sarı təpədə kəndin ən böyük tonqalı yanıb qurtarandan sonra hamı evə, bayram plovunu yeməyə getdi. Birazdan isə qızların qapıpusmaları,  oğlanların papaqatmaları başladı.

-Aaazz, deyir Nənəqızın gəlini o qədər tənbəldi ki, günlərlə uşağın altını da dəyişmir, bütün kənd ondan danışır. Bulaşıq qab -qacağı evlə bir olur, həftələrlə qalır, qurd düşür… Beləcə, kənddə qapı pusan bir dəstə gənc qızın yeni ildə ərə getmək və instituta girmək niyəti Nənəqızın pinti gəlininə görə, suya düşür.

Bu il yenə uşaqların çoxu rayon maarifində işləyən Qəşəm müəllimgilə papaq atırlar. Çünki imkanı babatdı, papağa cəviz, fındıq, şabalıd, alma da qoyurlar. Həm də iki gözəl və ağıllı qızı var. Gənclərin çoxunun istəklisidirlər. Papaq atanda onları görmək istəyi də gəncləri həvəslədirirdi.

Qumuş arvad da papaqları boş yola salmır. Küncdə-bucaqda bayrama saxladığı mövücdən, tut qurusundan, qovrulmuş ərik dənəsindən, təndirdə bişirdiyi soğan kökəsindən bir ovuc da olsa papaqlara doldurub qapının ağzına qoyurdu. Qalabəyi də plovunu yeyəndən sonra peçin dibində arxası üstə uzanıb ayaqlarını divara qaldırıb özü üçün şellənirdi. Bu ara Qumuşun astadan səsi eşidildi:

-Bu boyda da torba olar, elə bil bazara qarpız almağa gedirlər.

Qalabəyi gözünün ucu ilə baxdı ki, bu dəfə kimsə qapıya qara parçadan tikilmiş ağzı büzməli yekə torba atıb. Tez torbanı Qumuşdan aldı, eşiyə çıxıb qapının ağzında bayaqdan mırıldayıb baş-beynini tökən qara mığrını küncə sıxışdırdı, belindən tutub torbaya basdı. İpini də çəkib torbanın ağzını bağladı. Sonra torbanı aparıb darvazadan çölə qoydu ki, kim atıb gəlib götürsün.

…Uşaqlar sevinə-sevinə evə girəndə hələ də süfrə açıq idi: Yeyən yeyir, içən içirdi. Dedilər ki, Qumuş bibimgilə torba atdıq, içinə nədisə yekə bir şey qoyublar. Amma torbanı darta bağlayıblar, açammadıq. Bayaqdan yüz-yüz vurub, necə deyərlər, düz duran Vəliyulla ilə Qasım bir ağızdan dedilər:

 -Qoyun stolun üstünə, qayçı gətirin, açaq.

Bayaqdan uşaqların qurdalayıb əzişdirdiyi və havasız qalan qara mığrı pişik torba açılar-açılmaz Vəliyullanın başına tullandı, üz-gözünü cırıqladı, süfrədə olan araq, yemək, nə vardısa dağıdıb üst-başlarına tökdü, cəld özünü evdən bayıra tulladı. Səhəri kənddə hamı bir-biri ilə əylənirdi:

-Deyirlər, bu gecə torbada pişik olub axı…

İlaxırdan sonra havalar yavaş-yavaş isinir, boz ayın öküzöldürən günü daha da qızırdı. Mığrı yanlarını basa-basa o yan, bu yana gedir, arada bir tut ağacının altındakı nimdaş yorğan-döşəkli taxtda uzanan Qalabəyinin kirli qıçlarının arasında özünü günə verirdi. Ta Qalabəyi də onu harasa azdırmaq haqda düşünmürdü. Nə də olmasa Mığrı Vəliyullanın üz-gözünü cırmaqlamaqla ürəyinə bir az su səpmişdi. Bir də ki, elə Vəliyulla kimi oğru olmaqdandısa, Mığrı kimi Mığrı olmaq yaxşıydı da… Rəhmətlik Mahmud müəllim onun şəklini çəkəndə necə səliqəyə salmışdısa, Vəliyulla da onun həyat yolunun şəklləndirə, cəmiyyətə, işə qazandıra bilərdi…

Qalabəyi üzündə gəzən itmilçəyinə bir sillə ilişdirib bir az ucadan dilləndi:

-Gör, bu dünyada nə qədər itmilçəyi var, Vəliyulla var… Heç biri bir zibilə dərman deyillər…   

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …