Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədov bölgələrdə şəhid ailələri seçicilərlə silsilə görüşlərini davam etdirir.
Millət vəkili Daşkəsən rayonunda olub. O, Daşkəsən rayonunun Bayan kəndində yaşayan əslən Kəlbəcər rayonundan olan şəhid Abdullayev Şəhriyar Kamil oğlunun ailə üzvləri ilə görüşüb.
Görüşdə azad olunmuş torpaqlarımızda aparılan işlər, qayıdış məsələləri, şəhid ailələrinə, qazilərə dövlət dəstəyindən söhbət açılıb.
A.Məmmədov Daşkəsən rayonunun Quşçu kəndində də olub. Burada şəhid ailəsinin sosial qayğıları ilə bağlı məsələlər aidiyyatı qurumlar qarşısında qaldırılıb.
Quşçu kəndində şəhid Əhmədov Əhmədxan Məzahir oğlunun ailə üzvləri ilə görüşdə qeyd olunub ki, cənab Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfər etməsi qayıdışa böyük təkan verəcək. Keçirilən görüşlərdə Prezidentin Kəlbəcərə səfərinin vətəndaşlar arasında böyük ruh yüksəkliyi yaratdığı müşahidə olunub.
Millət vəkili A.Məmmədov bölgələrdə seçicilərlə fərdi və pandemiya qaydalarına uyğun şəkildə qrup halında görüşlərini davam etdirir.