Müraciətdə deyilir :Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevəMilli Hərəkatçılar BirliyininMÜRACİƏTİCənab Prezident! İki yüz ildən çoxdur ki, Rusiya imperiyası özünün işğalçılıq yolu ilə Şərqə doğru genişlənmə siyasətində ermənilərdən bir strateji maşa kimi yararlanmaqdadır.
Bu siyasətin ən çox zərər vurduğu və zərər vurmaqda olduğu ölkələr içərisində Azərbaycan ayrıca seçilir. Rusiyanın Azərbaycan torpaqlarında yaratdığı Ermənistan ölkəsi və dövləti məhz Rusiyanın himayəsinə arxalanaraq hələ də Azərbaycan torpaqları hesabına öz ərazisini genişləndirməyə çalışmaqdadır.
Ona görə də, bu gün ermənilərin Qarabağı işğal etməsi təkcə Azərbaycanın ərazi bütünlüyünün pozulması deyil, həm də Rusiyanın çıxarlarına uyğun olaraq, Azərbaycanın dövlət müstəqilliyinə və Azərbaycan xalqının varlığına qarşı ciddi bir təhlükədir.
İran İslam Cümhuriyyətinin də ermənilərə hərtərəfli yardım etməsi göstərir ki, artıq günümüzdə Azərbaycana qarşı geosiyasi təhdid yaradan bir Rusiya – İran – Ermənistan ittifaqı mövcuddur. Belə bir durumda Azərbaycanın öz xarici siyasət kursunu dəyişməsi və öz ərazi bütünlüyünü, öz milli mənafeyini qorumaq üçün öz qəti mövqeyini müəyyənləşdirib uyğun bir geosiyasi ittifaqa daxil olması ən doğru yoldur. XX yüzilin başlarında yaşadığımız tarixi təcrübə və günümüzdəki “İki dövlət, bir millət!” prinsipi ortaya qoyur ki, belə bir ittifaq ilk öncə Azərbaycanın əsas strateji müttəfiqi olan qardaş Türkiyə ilə bağlanıla bilər.
Azərbaycan vətandaşlarının yaratdığı Milli Hərəkatçılar Birliyi İctimai-Siyasi Maarifçilik Hərəkatı bu yolun doğruluğuna inanaraq, habelə 2010-cu il 16 avqustda Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqaviləyə, özəlliklə bu Müqavilənin “Hərbi-siyasi və təhlükəsizlik məsələləri” bəndindəki maddələrə söykənərək Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin və hərbi-siyasi ittifaq yaradılmasının zəruriliyini bildirir və bu yöndə təxirəsalınmadan əməli addım atılmasını istəyirik.
Hörmətlə Milli Hərəkatçılar Birliyi 09 sentyabr 2020-ci il