Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Aqrar siyasət komitələrinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə birgə dinləmə keçirilib.
Boyukmillet.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Məclisin komitə sədri Tahir Mirkişili bildirib ki, dinləmədə Azərbaycanda aqrar sahə üzrə görülən işlər, qarşıda duran çağırışlar və inkişaf hədəflərinə dair təqdimatlar keçiriləcək və müzakirələr aparılacaq.
Kənd təsərrüfatı sahəsinin Azərbaycan iqtisadiyyatında, ixracatında tutduğu mövqeyindən söz açan Tahir Mirkişili iqtisadi məşğul əhalinin əhəmiyyətli hissəsinin bu sektorda çalışdığını, qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının ilk beşlikdə yer aldığını vurğulayıb. Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatların öz bəhrələrini verməkdə olduğuna toxunan komitə sədri 2022-ci ilin Dövlət Büdcəsində bu istiqamətdə, o cümlədən aqrar sığortaya ayrılan vəsaitləri qeyd edib. Komitə sədri bildirib ki, bununla belə qarşıda duran çağırışlar – dünyada ərzaq məhsulları üzrə müşahidə olunan çatışmazlıq, bu cəhətdən qiymətlərin artması, iqlim dəyişikliyi ilə bağlı ortaya çıxan çətinliklər bu sahəyə yeni yanaşmaların tətbiqini və diqqətin artırılmasını zəruri edir. Tahir Mirkişili təşkil olunan dinləmənin də bu istiqamətdə görülən işlərin və perspektivin dəyərləndirilməsi baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də dinləmənin aqrar sahənin inkişaf etdirilməsi yollarının müəyyənləşdirilməsi baxımından faydalı olacağına inamını ifadə edib. Kənd təsərrüfatı sahəsində dövlətin diqqət və qayğısını, sahibkarların və fermerlərin fədakarlığını qeyd edən Tahir Rzayev bu sahənin çətinliklərindən, xüsusən də onun təbii amillərdən asılı olmasından danışıb. Aqrar sahənin inkişafına ayrılan dövlət vəsaitlərindən söz açan komitə sədri kənd təsərrüfatının mövcud vəziyyəti, əldə olunan nailiyyətlərdən bəhs edib.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasının yerli istehsalın üzərində qurulduğu qeyd edən Tahir Rzayev aqrar sahənin inkişafı və aktual məsələləri ilə bağlı fikirlərini bildirib.
Sonra Kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edib. Nazir Prezident İlham Əliyevin respublikanın prioritet inkişaf sahələrindən biri elan etdiyi aqrar sektorda əldə olunan uğurlu göstəriciləri diqqətə çatdırıb. Son beş ildə aqrar sahədə məhsul artımının təxminən 25 faiz təşkil etdiyini deyən nazir kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikasının 2021-ci ildə də davam etdiyini, ümumi istehsal həcmində 3,4 faizlik artım qeydə alındığını açıqlayıb. Keçən il taxılçılıq, pambıqçılıq və digər önəmli sahələrdə məhsuldarlığa diqqət çəkən nazir ölkəmizin kənd təsərrüfatı məhsullarının ixracı, bir çox məhsullar üzrə özünütəminetmədə müsbət dinamikanı göstərən rəqəmləri səsləndirib. O, ərzaq təhlükəsizliyinin təmini sahəsində Kənd təsərrüfatı Nazirliyinin üzərinə düşən vəzifələrdən, bu istiqamətdə görülən işlərdən danışıb. Aqrar sahədə tətbiq olunan yeniliklərdən, institusional islahatlardan bəhs edən nazir Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması, texnika və damazlıq heyvan satışı bazarının artıq tam liberallaşması, bazar iqtisadiyyatı tələblərinə uyğun aqrar sığorta sisteminin tətbiqi barədə məlumat verib.
Aqrar sahədə müasir dövrün çağırışlarına uyğun dayanıqlı inkişaf mexanizmləri formalaşdırmağın, iqlim dəyişikliklərinə adaptasiya strategiyasını tətbiq etməyin əsas vəzifələrdən olduğunu qeyd edən nazir mövcud olan məhdud torpaq və su resurslarından səmərəli istifadənin aktuallığını xüsusi vurğulayıb.
Sonra dinləmədə təqdimatlar həyata keçirilib.
Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyevin aqrar sahədə islahatlar və həyata keçirilmiş tədbirlər barədə təqdimatında kənd təsərrüfatı sektorunda subsidiyaların verilməsinin yeni mütərəqqi mexanizmləri, bu sahədə şəffaflığın daha da artırılması, kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi, yaradılan yeni qurumların effektivliyi barədə deputatlara məlumat verilib.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin təqdimatlarında isə respublikanın “Ərzaq təhlükəsizliyi və ixrac üzrə aqrar sahənin inkişaf hədəfləri” və “Azərbaycanın buğda ilə özünütəminetməsi: mövcud vəziyyət, problemlər, perspektivə baxış” mövzuları təhlil edilib.
Dinləmədə müzakirə olunan mövzularla bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, deputatlar Eldar İbrahimov, Cavanşir Paşazadə, Elnur Allahverdiyev, Azər Badamov, Mahir Abbaszadə, Emin Hacıyev, Rüfət Quliyev, Müşfiq Cəfərov, Vüqar Bayramov, İqbal Məmmədov, Aydın Hüseynov, Məzahir Əfəndiyev çıxış ediblər. Deputatlar kənd təsərrüfatının aktual məsələləri ilə bağlı suallarını səsləndiriblər, bölgələrdə məşğulluq səviyyəsinin yüksəldilməsinin təmini, ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə dair fikirlərini açıqlayıblar.
Diskussiya şəraitində keçən dinləmədə qaldırılan məsələlərə aydınlıq gətirilib, suallar cavablandırılıb.
Tədbirə yekun vuran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dinləmələrdə fəal iştirak etdiklərinə görə qonaqlara və deputatlara təşəkkür edib və aparılan fikir mübadiləsinin aqrar sahənin inkişafı baxımından faydalı olacağına inamını bildirib.
Dinləmədə Aqrar siyasət komitəsi sədrinin müavini Sabir Hacıyev, deputatlar Novruzəli Aslanov, Məşhur Məmmədov, Anar Məmmədov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev və digər rəsmi şəxslər iştirak ediblər.