Bazar , 22 Dekabr 2024
Drone Cameras

Milli qurtuluşa aparan yolda Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisi kimi

Rəvan Həsənov

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi

Hazırda dünyanın dörd bir tərəfində müxtəlif etnik-dini separatizmin tüğyan etdiyi bir vaxtda ölkəmizdəki siyasi sabitliyə və iqtisadi inkişafa görə məhz Ulu Öndər Heydər Əliyevə borcluyuq. Heydər Əliyev xalqı vahid ideologiya ətrafına toplayaraq Azərbaycan bayrağı altında birləşdirməyi bacaran fenomenal şəxsiyyətdir. Ulu Öndər xalqımızın ən dəyərli keyfiyyətlərindən olan başqa xalqların hüquqlarına, mədəni-mənəvi irslərinə sayğıyla yanaşma xüsusiyyətini azərbaycançılıq milli ideologiyası səviyyəsində zirvəyə qaldırdı.

1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev şəxsiyyətinin mübarizliyi, iradəsi və qətiyyəti sayəsində həmin dövrdə respublikamız daxilində etnik-mədəni zəmində çaxnaşmalara son verildi, Azərbaycan siyasi sabitlik, iqtisadi, mədəni tərəqqi yolunda addımlamağa başladı.

Heydər Əliyev Azərbaycanı separatizmin cəngindən qurtararkən tarixən bu torpaqları özünə vətən seçmiş, əsrlərdir burada yaşayan xalqların nümayəndələrini bu ali ideologiya ətrafında birləşdirərək qüdrətli, multikultural Azərbaycanın memarı oldu. Bu da inamla söyləməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin siyasi banisidir.

Ulu Öndər Azərbaycan xalqının əsrlər ərzində təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb, multikulturalizm Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilib. Azərbaycan xalqının yüksək milli mənlik şüurunun və dərin təfəkkürünün göstəricisi olan bu dəyər Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının mühüm cəhətlərindən biri kimi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçiliyimizin qüdrətlənməsində və dövlət quruculuğu prosesində əhəmiyyətli rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır.

Respublikamız üçün çətin tarixi bir dövrdə -1993-1995-ci illərdə Heydər Əliyev ölkə ərazisində yaşayan etnik qruplarla, digər xalqların nümayəndələri ilə mütəmadi görüşürdü. Məhz bu bərabər qayğı və diqqətin nəticəsidir ki, ölkəmizdə yaşayan bütün xalqlar birlikdə vahid Azərbaycan cəmiyyətini formalaşdırılmasına, müstəqil dövlətimizin daha da qüdrətlənməsinə öz töhfələrini verirlər.

Ümummilli lider Heydər Əliyev haqlı olaraq azərbaycançılığın əsas tərkib hissəsi olan multikulturalizm siyasətini ölkənin demokratik və etnomədəni inkişafının mühüm tərkib hissələrindən biri hesab edirdi.

Ulu Öndərin rəhbərliyi ilə demokratik inkişaf yolu götürmüş Azərbaycanda 1995-ci ildə qəbul edilən Konstitusiyada da təsbit olunduğu kimi dinindən, dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşların eyni hüquqlara malik olmaları təmin edildi.

Bu gün sürətli inkişaf yolunu seçən ölkəmiz həm də müxtəlif mədəniyyət və dəyərlərin daşıyıcısı olan xalqların, fərqli dinə etiqad edən insanların dinc şəraitdə yanaşı yaşadığı unikal multikultural məkandır.

Ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycan bu gün onun davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil siyasəti ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Bu gün Azərbaycanın müxtəlif spektrlərdə əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması dayanır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi fəaliyyət də Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Çoxmillətli, çoxkonfessiyalı Azərbaycan Respublikasında bu gün mədəni, linqvistik, etnik və konfessial rəngarəngliyin qorunması istiqamətində Prezident İlham Əliyev tərəfindən uğurlu dövlət siyasəti həyata keçirilir.

Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Dövlət başçısı mütəmadi olaraq ölkəmizdə yaşayan xalqların, dini icmaların nümayəndələri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, milli və dini bayramları münasibətilə təbrik edir.

Ölkə başçısının multikulturalizmi dövlət siyasətinin əsas komponentlərindən biri kimi dəyərləndirilməsinin nəticəsidir ki, 2014-cü ilin may ayında Prezident İlham Əliyevin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərdiyi 3 il ərzində Prezidentin qarşıya qoyduğu hədəflərə uyğun olaraq çoxsaylı regional və beynəlxalq layihələrə imza atıb. Bu layihələrə hazırda 20 xarici ölkə universitetində, ölkəmizin isə 40 ali təhsil müəssisəsində Azərbaycan multikulturalizmi fənninin tədrisi, Rusiya, Almaniya, İsrail, Moldova, İtaliya, Portuqaliya və Bolqarıstanda BBMM-in filiallarının açıldığını, sayca 4 (dörd) beynəlxalq multikulturalizm yay və qış məktəbinin təşkili, Azərbaycanın Gənc Dostları Klubunun yaradılması, Azərbaycanın ev sahibliyi etdiyi dövlət səviyyəli beynəlxalq tədbirlərdə BBMM-in ayrıca panellərlə çıxış etməsi, multikultural dəyərlərimizin təbliği məqsədilə Azərbaycan, rus və ingilis dillərində ədəbi-bədii, ictimai-siyasi, fəlsəfi məzmunda müxtəlif nəşrlərin və dərsliklərin hazırlanması aiddir.

Multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyən Azərbaycan dünyada bu prosesin təşviqi naminə önəmli təşəbbüslər irəli sürür. Təsadüfi deyil ki, Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi beynəlxalq səviyyədə də tanınır və yüksək dəyərləndirilir. Məhz bundan irəli gələrək son illər ölkəmiz sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq üçün mühüm mərkəz rolunu oynayır. 2015-ci ilin may ayında keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Prezident İlham Əliyev haqlı olaraq qeyd edib: “Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün. Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk”.

İnanırıq ki, qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkana çevrilən Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi kimi gələcəkdə də dünyada multikulturalizmin təbliğatçısı, təşviqatçısı və müdafiəçisi kimi öz statusunu və əhəmiyyətini qoruyacaq.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir