33 saylı Xətai birinci seçki dairəsinin Dairə Seçki Komissiyasının həlledici səs hüquqlu üzvü Talıb Əhədov vəzifəsindən istefa verib.
Boyukmillet.com bildirir ki, bu barədə Talıb Əhədov özü Axar.az-a açıqlamasında deyib. T.Əhədov bildirib ki, istefasına səbəb dairə və məntəqə seçki komissiyasının üzvləri haqqında sosial şəbəkələrdə həddən artıq alçaldıcı təhqirlərin yazılmasıdır.
T.Əhədov bildirib ki, namizədlərdən yalnız biri – Fuad Abbasov özünü çox ləyaqətlə aparıb və təbliğatını da yaxşı qurub:
“Bunun nəticəsidir ki, dairə üzrə 10 məntəqədə Fuad Abbasov qalib gəlib. Amma təəssüf ki, dünəndən başlayaraq, F.Abbasov da digərlərinə qoşulub və hətta ədalətli seçki keçirən, nümunəvi iş ortaya qoyan məntəqələrdə – o məntəqələr ki, orda özü qalib gəlib – çalışanları da hədəfə çıxarıb. Bu isə dairə və məntəqə üzvlərinin hamısının ucdantutma haqsızcasına təhqir olunmasına bir daha rəvac verib”.
T.Əhədov deyib ki, seçki pozuntusuna yol verən məntəqələr də var, amma ədalətlə, vicdanla işinin öhdəsindən gələn adamları, xüsusilə müəllimləri bu qədər ağır söyüşlərlə təhqir etməyi qəbul edə bilmir:
“Bu haqsız təhqirlərin hədəfi olmamaq üçün istefa verirəm. Həmçinin bir daha o təhqirləri yağdıranlara üz tuturam ki, vicdanla işləyən, sizin səsinizi qoruyanları heç olmasa ayırın, onların arxasında durun! Axı siz hamını necə təhqir edə bilərsiniz? Onların gördükləri iş müqabilində haqq etmədikləri təhqirləri eşitmələrini təsəvvür edə bilirsinizmi?”
T.Əhədov qeyd edib ki, qanunvericilik daxilində seçkidən öncə namizədlərlə də görüşüb və onlara seçki pozuntusu müşahidə edəcəkləri halda akt tərtib etmələrinin və sübutları DSK-ya təqdim etmələrinin vacibliyini bildirib:
“Amma 33 saylı Dairə Seçki Komissiyasına namizədlərdən bircə şikayət, bircə akt, bircə video da rəsmi təqdim edilməyib. Dairə Seçki Komissiyası hansı haqla hansısa məntəqənin nəticəsini araşdırmalı idi ki?!”