“Mən öz-özümə deyirdim ki, aya, görəsən, biz niyə bu günə qalmışıq və aya, niyə bizim teatr işlərimiz elə bir hala qalıbdır ki, teatr kimi müqəddəs bir maarif və sənət mənbəyinin xadimləri qocalmış bir Fatmanisə xala kimi bir ucdan bir-birinə qarğış edirlər (Sən hələ kollektiv axtarırsan). Ta o yerə kimi ki, balaca rejissorumuz da öz gözəl nitqi ilə sübuta yetirdi ki, mən bu artistlərin rəhbəriyəm (Ay zalım oğlu)…”
Görkəmli dramaturq Cəlil Məmmədquluzadənin redaktoru olduğu “Molla Nəsrəddin” jurnalının 1928-ci il 11 oktyabr tarixli nömrəsində dərc olunan “Teatr söhbətləri” sərlövhəli yazının bu kiçik parçasından odövrkü teatrlarımızın acınacaqlı vəziyyətini az da olsa, təsəvvür edə bilirik. Jurnalın ayrı-ayrı buraxılışlarında işıq üzü görən “Teatr işləri”, “Teatr konfransı”, “Uşaq teatrı” və digər sərlövhəli yazılarda da həmin dövrdəki mədəniyyət ocaqlarımızın fəaliyyətsizliyindən, repertuar seçiminin düzgün aparılmadığından söhbət açılır. Bu gün tanınmış yazıçının yaşayıb-yaratdığı Naxçıvanda, eləcə də adını daşıdığı Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir vaxtlar görmək arzusunda olduğu tamaşalar göstərilir, səhnə bacarıqlı, istedadlı sənət adamlarının ixtiyarına verilir. Tarixə qısa ekskursiya etsək, görərik ki, Naxçıvan teatrını Cəlil Məmmədquluzadənin əsərləri olmadan təsəvvür etmək qeyri-mümkündür. Görkəmli dramaturq yaşadığı dövrdə də daim teatrsənətinin inkişafı üçün çalışıb. Hamımıza yaxşı məlumdur ki, 1883-cü il mayın 11-də görkəmli ədib Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının səhnələşdirilməsi ilə Naxçıvan teatrının əsası qoyulub. Məhz həmin tarixi hadisənin baş verməsindəCəlil Məmmədquluzadə də böyük təşəbbüs göstərib. O dövrdə Gürcüstanın Qorişəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alan Mirzə Cəlil adıçəkilən əsəri əldə edərək Naxçıvana göndərib və beləcə, burada ilk teatr tamaşası nümayiş etdirilib. 1880-ci illərin sonundan etibarən bir müddət Naxçıvanda teatr truppasına rəhbərlik edən görkəmli dramaturq tamaşaya hazırlanan əsərlərin, səhnə quruluşunun seçimində öz köməkliyini göstərib. 1889-cu ildə qələmə aldığı “Çay dəsgahı” alleqorik dram əsəri həmin il mart ayının 27-də Şərur rayonundakı Cəlilkənddə məktəblilər tərəfindən tamaşaya qoyulub. Ötən illər ərzində dəfələrlə teatr səhnələrində yer alan həmin pyesdə görkəmli yazıçı simvolik surətlərin dili ilə cəmiyyətdəki problemlərin həlli yollarının ilkin axtarışına çıxır. Günümüzlə səsləşən əsəri seyr edən tamaşaçı “Doğrunu yanlışdan, yaxşını pisdən necə ayırd etməli?” sualına müfəssəl cavab tapır. Müstəqillik illərində Naxçıvan Dövlət Kukla və Uşaq teatrlarında da göstərilən bu səhnə əsəri balacalar tərəfindən sevəsevə izlənilib. Görkəmli dramaturq 1909-cu ildə ədəbiyyatımızın tragikomediya janrındakı ilk əsərini, dörd pərdədən ibarət “Ölülər” dramını qələmə alıb. Xurafatı, nadanlığı və cəhaləti üzə çıxaran ən təsirli hadisələrin cərəyan etdiyi bu pyes ilk dəfə 1917-ci il iyunun 2-də Naxçıvan teatrında səhnələşdirilib, sonralar bir neçə dəfə teatrlarımızda nümayiş etdirilsə də, öz emosionallığını, təsir gücünü itirməyib. Xüsusilə əsərdə göstərilən qəbiristanlıq, Şeyx Nəsrullahın “ölüdiriltmə” səhnələri, eləcə də pyesin əsas qəhrəmanı, mühakimələrində kəskin olduğu qədər də mənən vüqarlı görünən İsgəndərin kinayəli sözləri tamaşaçı təxəyyülündə dərin təəssürat buraxır. Bu mükəmməl əsər barədə ən yüksək fikri xalqımızın ümummilli lideri Heydər Əliyev söyləyib. Belə ki, ulu öndər Cəlil Məmmədquluzadənin 125 illiyi münasibətilə görkəmli dramaturqun yaradıcılığını yüksək qiymətləndirərək deyib: “Mən “Ölülər” pyesinin tamaşasını ilk dəfə 13 yaşımda, Naxçıvan Dram Teatrında görmüşəm və o vaxtdan onun təsiri altındayam. Şeyx Nəsrullah, Kefli İsgəndər, Şeyx Əhməd obrazları və başqa obrazlar indi də gözümün qabağındadır.Həddindən artıq fəlsəfi bir əsərdir, insan fəlsəfəsinin ən yüksək zirvəsində olan əsərdir…” Orta məktəb illərində hər birimizin sevə-sevə mütaliə etdiyimiz “Anamın kitabı” dramı da görkəmli qələm sahibinin yaradıcılığında xüsusi yer tutur, onun müqəddəs amal uğrunda apardığı söz, qələm mübarizəsindən bəhs edir. 1920-ci ildə yazılan bu pyes 7 il sonra 1927-ci ildə Naxçıvanın teatr səhnəsinə yol tapıb. Pyesdə irəli sürülən fikir, ideya, məqsəd hər bir dövr üçün olduqca aktualdır, əsərdə milli ruhun müqəddəsliyi, doğma ana dilinin paklığının qorunması məsələsi qabardılır və haqlı olaraq bu məram hər şeydən üstün tutulur. Dramda dünyasını dəyişmiş atanın övladları üçün yazıb qoyduğu vəsiyyətnaməni oxumaqla Gülbahar öz qardaşlarını ana məhəbbətinə sığınmağa, milli kökə bağlanmağa səsləyir. Qardaşların müxtəlif soyadlarını daşıması onların xalqdan, öz soykökündən nə dərəcədə uzaq düşmələrini göstərir. Cəmiyyətdəki nöqsanlar, ictimaisiyasi eybəcərliklər, daxili çəkişmələr cəmiyyəti-xeyriyyənin iclası səhnəsində dolğun şəkildə öz əksini tapır. Görkəmli dramaturq tamaşaçının diqqətinə milli kimliyimizin açarı sayılan doğma dilimizi qoruyub saxlamağın ən müqəddəs amal olduğunu çatdırır. Müstəqillik illərində Cəlil Məmmədquluzadənin dram əsərləri, felyetonları, hekayələri əsasında hazırlanan tamaşalar davamlı olaraq teatrlarımızda nümayiş etdirilib. Görkəmli dramaturqun 1907-ci ildə qələmə aldığı “Qurbanəli bəy” hekayəsinin əsasında hazırlanan, quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev olan eyniadlı tamaşa 2000-ci il sentyabrın 23-də ilk dəfə olaraq teatrsevərlərə təqdim edilib. Səhnə əsərində Qurbanəli bəy izləyiciyə yerli bəylərin tipik nümayəndəsi qismində təqdim olunur. Əsərin baş qəhrəmanı müəllif tərəfindən ruslar qarşısında alçaldılsa da, tamaşada onun müsbət xüsusiyyətlərinə də üstünlük verilib, elmi məsləhətçi və rejissor Qurbanəli bəyə qismən bəraət qazandırmağa çalışıblar. Onda Vətəninə, millətinə sevgi hissi milli musiqisi və mətbəxi ilə öyündüyü ayrı-ayrı epizodlarda aydın təzahür olunur. Səhnə əsərində akademik İsa Həbibbəylinin tövsiyəsi ilə Mirzə Cəlilin “Quzu” hekayəsindən, “Qondarma bəylər” və “Azərbaycan” kimi publisistik nümunələrindən, “Molla Nəsrəddin”in məşhur “Sizi deyib gəlmişəm” proqram-manifestindən istifadə olunub. Tamaşanı izləyən seyrçi o dövrün naqisliklərinə daha yaxından bələd olmaqla həm də 100 il bundan öncəki durumla bugünkü arasındakı böyük fərqi müqayisə edir. 2005-ci il aprelin 2-də isə Mirzə Cəlilin 1927-ci ildə yazdığı “Dəli yığıncağı” komediyasının tamaşası nümayiş olunub. Səhnə əsəri əvvəllər göstərilsə də, Xalq artisti Kamran Quliyevin quruluşunda daha cəlbedici alınıb. Pyesi nəzərdən keçirəndə görürük ki, böyük dramaturq “Dəli kimdir?” fəlsəfi sualı ilə o dövrdəki cəmiyyətin ən müxtəlif zümrələrini bədii mühakiməyə çəkir. Kəskin ictimai-sosial konflikt və təzadlı əxlaqi görüşlər, mənəvi aləmlərin fərqli mürəkkəbliyi süjetin əsasında dayanır. Molla Abbasla Pırpız Sonanın “dəlilik” kimi görünən insani paklıqlarının müqabilində Həzrət Əşrəf, Fazil Məhəmməd kimilərinin çürük mənəviyyatları, din pərdəsi altında törətdikləri fitnəkarlıqlar qabarıq şəkildə ifşa olunur. Naxçıvan Dövlət Universitetinin 1998-ci ildən fəaliyyət göstərən Tələbə Teatr Studiyasında ötən dövrdə görkəmli ədəbiyyat nümayəndəsinin “Anamın kitabı” və “Ölülər” əsərləri əsasında tamaşalar hazırlanaraq təqdim edilib. Səhnə əsərləri obrazları canlandıran tələbə-gənclər arasında sənət uğrunda rəqabəti gücləndirib, onlar xüsusi fəallıqları ilə rolların öhdəsindən məharətlə gəlməyə çalışıblar. Bu da belə deməyə əsas verir ki, Mirzə Cəlilin yaradıcılıq dünyasının inciləri həm də gənc aktyor nəslinin formalaşmasına təkan verib. Ümumiyyətlə, bu günədək Naxçıvan teatrında görkəmli dramaturq Cəlil Məmmədquluzadənin bütün dram əsərləri səhnələşdirilib, hekayə və felyetonları əsasında müxtəlifsəpkili tamaşalar hazırlanaraq teatrsevərlərə təqdim edilib. Onun əsərlərindəki təbiilik, dolğunluq, hadisələrin canlı, bənzərsiz axınla davam etməsi səhnədə rol alan aktyorlar üçün böyük sınaq imtahanı, püxtələşmə məktəbi olub. Mirzə Cəlil yaradıcılığına müraciət edən rejissorlar, obrazları canlandıran aktyorlar hər zaman üzərlərinə düşən böyük məsuliyyəti dərindən dərk edərək daha səylə çalışıb, bununla tamaşaçı qəlbinə yol tapmağa can atıblar. Ədəbiyyatımızda dərin,sarsılmaz iz buraxan tanınmış ictimai xadim Mirzə Cəlilin keşməkeşli həyatı və yorulmaz fəaliyyəti bir çox yazıçı və publisistlərin də diqqətindən kənarda qalmayıb, onunla bağlı qələmə alınan əsərlər də teatrlarımızda nümayiş etdirilib. 1991-ci il aprelin 28-də Naxçıvan teatrsəhnəsində yer alan Xalq yazıçısıAnarın “Sizi deyib gəlmişəm” əsərinin tamaşası olduqca maraqla qarşılanıb. Cəlil Məmmədquluzadənin yaradıcılıq manifesti sayılan “Molla Nəsrəddin” jurnalının fəaliyyətindən bəhs olunan pyesin müxtəlif mərhələlərində Mirzə Cəlil vaxtilə işlətdiyi “Lağlağı”, “Mozalan”, “Hərdəmxəyal” adları ilə səhnəyə gəlir və bu yolla süjetə yeni əhvalatlar əlavə olunur. Həmçinin görkəmli dramaturqun Məhəmmədhəsən əmi, Xudayar bəy, Zeynəb, Kəramət ağa, Səkinə kimi qəhrəmanları da pyesin iştirakçıları sırasındadır. Müəllif tamaşaçıya yüz il əvvəl tənqid olunmuş bəzi əxlaqi qüsurların bu gün də davam etdiyini göstərir. Cəlil Məmmədquluzadə yaradıcılığından bəhs edən “Mirzə Cəlil taleyi” tamaşası isə Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun “İnsanlar və talelər” kinodramı əsasında hazırlanıb. 2013-cü il fevralın 21-də nümayiş olunan səhnə əsərində Cəlil Məmmədquluzadə və o dövrün tanınmış ədəbi-tarixi şəxsiyyətlərinin əsas yaradıcılıq ideallarından, türkçülük və islamçılıq baxışlarından bəhs edilir. Mirzə Cəlil haqqında yazılan hər iki əsərin tamaşasına Xalq artisti Kamran Quliyev quruluş verib. Onu da xüsusilə qeyd etmək lazımdır ki, istər görkəmli dramaturqun həyat və fəaliyyətinin geniş şəkildə tədqiq edilərək gənc nəslə düzgün şəkildə aşılanmasında, istərsə də əsərlərindəki dərin fəlsəfi meyarların üzə çıxarılaraq ədəbi ictimaiyyətə təqdim edilməsində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin rolu olduqca böyükdür. Görkəmli alimin mirzəcəlilşünaslıq istiqamətində apardığı geniş araşdırmaları müasir dövrün ədəbi-mühitində özünəməxsus cəhətləri ilə silinməz iz buraxıb. Eyni zamanda tanınmış dramaturqun əsərlərinin tamaşaya hazırlanmasında verdiyi dəyərli tövsiyələr səhnə əsərlərinin daha böyük rəğbət qazanmasına, sevilməsinə səbəb olub. Akademik İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetində Tələbə Teatr Studiyasını yaratmaqla gənc aktyorlar nəslinin yetişməsinə, püxtələşərək böyük səhnələrə yol tapmalarına əsaslı töhfələr verib, tamaşalar vasitəsilə Mirzə Cəlilə birmənalı münasibət bəsləməyib, onu təftiş edənlərə, dinsizlikdə günahlandıranlara, dühasına kölgə salmağa çalışanlara qarşı apardığı mübarizəsini nümayiş etdirib. Cəlil Məmmədquluzadə teatrımıza elə böyük bir miras qoyub ki, bundan sonra yüz il də keçsə, tükənməyəcək. Müstəqillik illərində dövlətimiz tərəfindən görkəmli ictimai xadimin fəaliyyəti yüksək qiymətləndirilib, haqqında kitablar nəşr edilib, yubileyləri ən yüksək səviyyədə qeyd olunub. Ölkə Prezidenti cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvartarixli Sərəncamı görkəmli dramaturqun ədəbi irsinə verilən ən böyük dəyərdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq Mirzə Cəlil ideyalarından güc alan Naxçıvan teatrında görkəmli ədəbiyyat dühasının yubileyi ilə bağlı yeni tamaşa hazırlanıb. Böyük demokratın “Ölülər”, “Dəli yığıncağı”, “Ər” komediyaları və “Anamın kitabı” dram əsəri əsasında hazırlanan “Ölülər və dəlilər” tamaşasının ssenari müəllifi AzərbaycanRespublikasının Əməkdar artisti Tofiq Seyidovdur. Quruluşçu rejissorları Əməkdar artistlər Tofiq Seyidov və Nurbəniz Niftəliyeva olan səhnə əsərinin mövzusu “Həqiqi ölü və dəli kimdir?” sualı əsasında qurulub.İlk olaraqTürkiyənin Qars Qafqaz Universitetinin konsertsalonunda nümayiş olunan həmin tamaşa böyük rəğbətlə qarşılanıb, səhnə əsərinin yaxın günlərdə Naxçıvan teatrında da göstərilməsi nəzərdə tutulub. “Millətin mədəni-mənəvi tərəqqisi bundan çox asılıdır. Teatr tərbiyə ocağı, artist də tərbiyə edəndir”, – deyən ədəbi xadim Cəlil Məmmədquluzadənin arzuları bu gün Naxçıvan teatrının timsalında artıq reallığa çevrilib. Mirzə Cəlil dramlarından, felyeton və hekayələrindən hazırlanan tamaşalar hələ bundan neçə əsr sonra da teatr ocaqlarımızı bəzəyəcək, bu səhnə əsərləri ilə onlarla rejissor, aktyor nəsli yetişəcək, Azərbaycan tamaşaçısı görkəmli dramaturqun dühasından yaranan möhtəşəm yaradıcılıq nümunələrini izləməkdən heç bir zaman usanmayacaq.